Dövlət və bələdiyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı 64 maliyyə yoxlaması keçirilib

Kriminal mövzu oxucuları ən çox maraqlandıran mövzudur. Buyurun, tanış olun: Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə edilməsi sahəsində baş vermiş hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədilə 2022-ci ildə Baş Prokurorluq və Maliyyə Nazirliyi tərəfindən kompleks işlər görülüb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ötən il prokurorluq orqanlarının qərarı və Maliyyə Nazirliyinin təşəbbüsü ilə aparılan araşdırmalar üzrə 64 maliyyə yoxlaması keçirilib.

Həmin yoxlamalara prokurorluq əməkdaşları, Maliyyə, Müdafiə, Elm və Təhsil nazirliklərinin, Auditorlar Palatasının, eləcə də Mərkəzi Bankın mütəxəssisləri cəlb ediliblər. 

Törədilən qanunazidd əməllər nəticəsində dövlətə vurulan 2 milyon 147 min 485 manat maddi ziyanın hazırkı vaxtadək 589 min 537 manat hissəsi ödətdirilib, həmçinin 9 əmlak üzərinə həbs qoyulub.

Yoxlamalar zamanı aşkarlanan hüquqpozmalara dair prokurorluq orqanları tərəfindən 10 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, 32 halda vurulan zərərin ödənilməsi təmin edilib, 22 fakt üzrə isə hazırda araşdırmalar davam etdirilir.

Hazırda dövlət büdcəsinə vurulan ziyanın ödənilməsi üçün məqsədyönlü və ardıcıl tədbirlər görülür.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)