Bəziləri qorxulu, lakin əksəriyyəti ağlı başdan alan kəşflər

 

2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:

 

 Dünyanın ən qədim əlifba yazısının deşifrəsi

 

Əlifba eramızdan əvvəl 1800-cü ildə yaranıb və kənanlılar tərəfindən, sonra isə dünyanın əksər dilləri tərəfindən istifadə edilib. Yaxın vaxtlara qədər İsraildə heç bir mənalı kənan yazısı tapılmayıb (müxtəlif artefaktlar üzərində iki-üç söz istisna olmaqla).

Lakin cari ilin noyabr ayında vəziyyət dəyişdi: elm adamları kənan dilində (Canaanite dialects) təxminən eramızdan əvvəl 1700-cü ilə aid bütöv bir cümlə tapıblar. Fil sümüyündən hazırlanan kiçik darağa həkk olunan yazı bitlərə qarşı ovsundur.

Əslində daraq qədim Təl-Laxişdə 2017-ci ildə tapılıb. Yazının hərfləri çox kiçik həkk olunub, ona görə də onları yalnız 2022-ci ildə - artefaktın sonrakı işlənməsi zamanı müəyyən etmək mümkün olub.

Darağın üzərində 17 kənan hərfi var. Əlifba yazısının ixtirasının ilk mərhələsində olan formaca arxaik hərflərlə kənan dilində yeddi söz yazılıb: "Bu köpək dişləri saç və saqqaldakı bitləri kökündən məhv etsin".

Qeyd edək ki, minlərlə il əvvəl kənanlılar indiki İsrail, Fələstin, Livan, Suriya və İordaniya ərazilərində yaşayıblar.

 

“Ədəbiyyat və incəsənət”

 

(30.01.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.