Avropa enerji böhranı yaşayır: Azərbaycandan nə gözlənilir?

Rate this item
(0 votes)

 

 Rusiya-Ukrayna müharibəsinin yaratdığı ən böyük təlatümlərdən biri Avropadakı enerji böhranıdır. Rusiyadan qaz idxalını çoxdan azaltmağa çalışan Avropa üçün bu, son dayanacaq oldu, indi köhnə qitəlilər alternativ mənbələr tapmaq üzərində həyəcanla baş sındırır. Çünki bu siyasi qərar iqtisadi kataklizmlə müşayiət olunur. Enerji qİymətləri kəllə-çarxa çıxıb, inflyasiya artır, social narazılıqlar qaçılmaz olur, gələcək üçün isə ciddi arqumentasiyaya söykənən, əsaslandırılmış plan gözə dəymir. 

Aİ-nın ABŞ, Qətər, Əlcəzair, BƏƏ və başa ölkələrdən qaz idxal etmək planı var, ancaq hələlik bu real infrastrukturla dəstəklənmir. Reallıq odur ki, qənaət qaçılmazıdır: Almaniyada bir çox tarixi və ictimai binaların işıqlandırılması, bəzi ictimai yerlərdə isti suyun verilməsi dayandırılıb. Fransada kondisionerli mağazaların qapılarını bağlı saxlamaq, açıq qaldıqda 750 avro cərimə edilməsi, ictimai binalarda yalnız daxili havanın temperaturu 26 dərəcədən yuxarı olduqda kondisionerdən istifadə edilməsi, səhər saat 1-dən səhər saat 6-dək işıqlandırılan reklam lövhələrinin qadağan edilməsi qərara alınıb. İtaliyada kondisionerlərin isitmə və soyutma üçün istifadə edə biləcəyi maksimum temperaturlar müəyyən edilib və onları aşmaq qadağandır. Digər tərəfdən Yunanıstanda hökumət ictimai binalarda kondisioner dərəcələrinin 27-dən aşağı endirilməsini qadağan edib və bütün vacib olmayan elektron cihazların iş saatları xaricində söndürülməsini tələb edib.

Albaniyada idik bu yaxınlarda… oteldə badım, isti su var, işıq da yanır, ancaq nəzərə almalıyıq ki, ora otel idi, bu test real vəziyyəti qiymətləndirmək üçün doğru yol olmaya bilər, çox güman ki, də belədir, çünki Şərqi Avropada, elə Albaniyanın özündə də enerji ilə bağlı böhran dəfələrlə etiraf olunub…

***

Doğrudur, Avropa Rusiya qazından asılılığını azaldıb. Qaz idxalında Rusiyanın payı 40 faizdən 7 faizə düşüb. Ancaq ümumilikdə asılılıq hələlik təhlükəli həddə sayılır. Hazırda Avropanın Rusiyadan ildə 155 milyard kubmetr təbii qaz idxal etdiyini nəzərə alsaq, ABŞ tərəfindən Avropaya olunan 15 milyard kubmetrlik təklif çox cüzi görünür. Ağ Evin Rusiyanın Avropaya qac ixracını dayandıracağı təqdirdə təqdim etdiyi təkliflər müzakirə olunsa da, Avropalıları o qədər də isitmir. Konsepsiya nədən ibarətdir?

 

* Qısa müddətli plan - ABŞ-dan ildə 15 milyard kubmetr qaz ixracı;

* Orta müddətli plan - Avropanın 2030-cu ilə qədər qaz ixracına uyğun, sistematik təbii qaz bazarı yaratması;

* Uzunmüddətli plan - Rusiyadan enerji asılılığını azaltmaq üçün Avropanın təmiz enerjiyə keçidi prosesinin sürətləndirməsi.

 

Bu gün qoca qitənin enerji təhlükəsizliyində vacib rol oynayan Cənub Qaz Dəhlizi xüsusilə Şərqi Avropa ölkələri strateji əhəmiyyətə malikdir. Yeir gəlmişkən, Azərbaycan qazının Avropa məcarası Cənub Qaz Dəhlizi ilə, daha doğrusu onun sonuncu seqmenti TAP-ın işə düşməsi ilə başlayıb. Belə ki,

l2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb;

* 2014-cü il sentyabrın 20-də "Cənub Qaz Dəhlizi"nin təməli qoyulub.

* 29 may 2018-ci il tarixində Bakıda "Cənub Qaz Dəhlizi"nin;

* 12 iyun 2018-ci ildə isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub;

* 30 iyun 2018-ci ildə ilk kommersiya qazının TANAP boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb;

* 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib;

* 31 dekabr 2020-ci ildə isə CQD-nin sonuncu seqmentinin -  TAP-ın işə düşməsi ilə Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə başlanılıb.

 

Hazırda

* Türkiyə

* Gürcüstan

* Yunanıstan

* Bolqarıstan

* Albaniya

* İtaliya

Azərbaycan qazının alıcılarıdır.

***

Ənənəvi tərəfdaşlarla soyuq münasibətlərdən və ötən soyuq qışın nəticələrindən təsirlənmiş Avropa bu gün mənbələrin şaxələndirilməsi məsələsi üzərində daha böyük həyəcanla baş sındırır. Azərbaycanın potensialı və etibarlı tərəfdaş olması ölkəmizi bu baxımdan cəlbedici edir.

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Azərbaycanın Avropa qaz bazarındakı payının artmasının başlanğıcı idi. 

Prezident İlham Əliyevin Brüsselə, eləcə də İtaliyaya son səfərində də enerji məsələsi diqqət mərkəzində idi. İstər "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda, istərsə də xarici KİV-lərə müsahibələr zamanı bu mövzu jurnalistləri maraqlandıran əsas məsələ kimi diqqət çəkirdi.

Prezident İlham Əliyev: "Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Çünki Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard kubmetrə çatdırmalıyıq. Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Biz bir ölkə və investor olaraq buna hazırıq. Lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir".

***

Ötən ayın əvvəlində Azərbaycan qazının nəql olunacağı Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi Avropa İttifaqı ilə başlanmış prosesin davamı idi. Interkonnektor Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Əgər bu vaxatadək Bolqarıstan Yunanıstan üzərindən keçən xətt vasitəsilə 250-300 milyon kubmetr qaz əldə edə bilirdisə, bu interkonnektor bolqarlara ildə 3-5 milyard kubmetr qaz alamağa imkan yaradacaq. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30%-ni ödəyə biləcək.

Prezident İlham Əliyev: "Ötən il qaz  ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq söylədiyim kimi, bu ilin iyul ayında biz xanım Prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var".

***

Prezident İlham Əliyev: "Biz TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla artıq məsləhətləşmələrə başlamışıq. Çünki bu, olmadan əlavə təchizatı təmin etmək çətin olacaq".

Görünən odur ki, Avropa məkanında Azərbaycan qazına maraq artmaqdadır. Tərəflər paylayıcı şəbəkələri genişləndirməklə onu yeni ölkələrə nəql etməyə köklənib.

Rumen Radev - Bolqarıstan Respublikasının prezidenti: "Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Bu ilin yayında - iyul ayında cənab Əliyev və xanım Fon der Lyayen sənəd imzalayıblar. Həmin sənədə əsasən yeni yanaşma tətbiq edilməlidir".

***

Albaniya ərazisinin təqribən dörddə biri əkin üçün yararlıdır. Əhalinin 60 faizə yaxını əkiçilik sahəsində çalışır. Coğrafi imkanları Albaniyanın alternati enerji istehsalına imkan verir, amma faktiki olaraq Albaniya bütün Avropa kimi enerji böhranı yaşayır.  Bu kontekstdə albanlar həm də Azərbaycanan ümid edirlər.

Bu günlərdə "Albanian Daily News" yazır: "Enerji böhranı və mövcud geosiyasi vəziyyət ölkəyə dünya ticarətində mühüm tranzit qovşağı, Avropa üçün həyati əhəmiyyətli enerji mənbəyi kimi mövqeyini möhkəmləndirməyə imkan verib. Azərbaycan energetika və ticarət sahəsində avropalılar üçün əsas həmsöhbətə çevrilib. İki tərəf arasında görüşlərin yüksək intensivliyi də bunu sübut edir".

***

Balkan yarımadasının cənub-qərbində, Adriatik və İoni dənizləri sahilərində yerləşən Albaniya bütün Avropa kimi növbəti qışı həyəcanla qarşılayır. Bəli, yeni geosiyasi təlatümlər özü ilə həm də enerji böhranı gətirib. Alternativlər axtarışında olan qoca qitə Azərbaycanın potensialına da böyük ümid bəsləyir.

Prezident İlham Əliyev: "Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni, bu layihə - Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni, bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var".

Bayram Beqay (Albaniya prezdienti): "Enerji sahəsində İon-Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir. Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik".

Albaniya eyni zamanda hab kimi maraqlıdır, Trans-Adriatik boru kəmərindən alınan Azərbaycan qazının bu ölkədən digər region ölkələrinə ötürülməsi diqqət mərkəzindədir.

 

P.S: Və sonda Albaniya haqqında maraqlı 2 fakt. 1967-ci ildə Albaniya bütün məscid və kilsələri bağlayaraq özünün dünyada ilk ateist ölkə elan edib. 1990-cı ildə isə bu bənd konstitutsiyadan çıxarılıb.

1944-cü ildə komunistlər hakimiyyətə gələnə qədər ölkə əhalisinin 80 faizi yazma-oxuma bacarmayıb. Yalnız bundan sonra 12 yaşdan 40 yaşadək hamı icbari təhsilə cəlb olunub.

 

“Ədəbiyyat və incəsənət” (29.11.2022)