Praqmatizm nədir? - DƏRSLƏR Featured

Rate this item
(0 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

İndi kim özünü ağıllı göstərmək istəyirsə kreativ, nonsens, subyektiv, konseptual qəlibli sözləri yanaşı düzür. Eynən bu sayaq sözlərdən biri də praqmatizmdir. 

Bu gündən DƏRSLƏR rubrikasında praqmatizm barədə danışacağıq. 

 

Praqmatizm XIX əsrin 70-ci illərində ABŞ-da, Kembricdə toplaşan və Pirs tərəfindən "Metafizik klub" adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Daha dəqiq desək,

Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur. 

 

O, bu cərəyanın proqramını formulə edib onun adını təklif etmişdir. Pirsə görə, praqmatizm real həyatla bağlı olan alim, tədqiqatçı üçün səciyyəvi olan "laboratoriya ruhu"nun ifadəsinə xidmət göstərməlidir. Onun başlıca məqalələrinin ("Əqidənin möhkəmləndirilməsi" və "Əqidələrimizi necə aydın edək") əsas mövzusu bilik, əqidə və hərəkətlərin bir-biri ilə qarşılıqlı münasibətləridir. 

 

Pirsin praqmatizmi

 

Praqmatizm yarandığı andan özündən əvvəlki fəlsəfənin bir sıra başlıca ideyalarından imtina edib fəlsəfi təfəkkürün tamamilə yeni tipini təklif etmişdi. Fəlsəfi təfəkkürün bu yeni tipi insanın hərəkətlərinə yeni tərzdə yanaşır. Bu fəlsəfədə insanın hərəkətləri ətrafında bütün anlayışlar və konsepsiyaların hərlənib formalaşdığı ox kəsb edir. Əsasən reflektor yox, şüurlu və məqsədyönlü xarakterə daşıyan hərəkət bu və ya digər formada insan həyatının (həyat fəaliyyətinin) əsas formasını təşkil etdiyinidən məhsuldar hərəkəti təmin edən şüur mexanizmləri, təfəkkür strukturları haqqında məsələ qalxır. Praqmatizmin banisi olan Pirsdə məsələ bu müstəvidə qoyulur. Onun fərqli cəhəti isə onda idi ki, o, idraki fəaliyyəti xarici (obyektiv) aləmə aid etməyib diqqəti sırf daxili , əsas psixoloji proseslərə yönəldirdi. İnam dedikdə Pirs bilik yox, bu və ya digər üsulla davranmağa adət etdiyimiz vərdiş kimi anladığı inamdan bəhs edir. Biliyə əks olan anlayış xəbərsizlik, bilməmədirsə, Pirs inama qarşı hərəkətlərin müntəzəmliyini pozan şübhəni qoyur. Artıq (hərəkət nöqteyi-nəzərdən) idrak prosesi bilməmədən biliyə yox, şübhədən inama, özü də subyektiv yox, kollektiv və ya sosial inama keçid mənasını verməyə başlayır. Obyektiv bilik cəmiyyət tərəfindən qəbul olunmuş inam anlayışı ilə əvəz olunur. Həqiqətə gəlincə, o, Pirs tərəfindən hamı üçün əhəmiyyətli olan məcburi inam kimi şərh olunur. Əgər tədqiqat prosesi sonsuz şəkildə davam etsəydi, onda öyrənilən hər məsələ üzrə sonsuz sayda tədqiqatçılar birliyi yaranardı. Pirs həmçinin elmi anlayışların əhəmiyyətinin yeni şərhini verir. Hər bir hərəkət gələcəyə yönəldiyindən və gələcəyi nəzərdə tutduğundan, Pirs anlayışı keçmiş yox, bu anlayışdan istifadədən meydana gələcək nəticələr baxımından nəzərdən keçirməyin lazım olduğunu bildirirdi. Pirs öz məşhur "prinsipi"ni və ya "praqmatik maksima"sını da aşağıdakı kimi formulə etmişdi: anlayış obyektinin tədqiqatçının fikrincə törədə biləcəyi praktiki nəticələri nəzərdən keçirmiş olsaq, onda bütün bu nəticələr haqqında təsəvvürlər elə məhz obyekt haqqında tam anlayış olacaqdır.

 

Şəkildə: Çarlz Pirs

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)