Üç müharibənin şahidi

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün sizə dostlarımdan biri, şair kimi tanıdığım, Şövkət Zərin xanım barədə danışacam.  Yazıçı Elçin Hüseynbəyli onun haqqında yazır;- "Əlli ildən çox müəllimə işləyən, dəfələrlə dövlət tərəfindən təltif olunan yazarımızın ədəbiyyatda da uğurları çox olub ("Rəsul Rza", "Mahmud Kaşğari" mükafatları, bir illik Prezident təqaüdü və s.). O, qələmini üç janrda (poeziya, bədii-sənədli əsərlər, yaxud publisistika və nəsr) sınayıb və bir-birindən maraqlı əsərlər yazıb. Şübhəsiz, onun bədii-sənədli nəsrinin baş əsəri "Açılmamış zərf"dir. 

Bu əsərdə o, Əfqanıstanda keçirdiyi günlərdən, başına gələn müxtəlif olaylardan, həyatından, ailəsindən, düşdükləri keşməkeşli hadisələrdən, əfqan həyatından danışır. Əzabkeş, bir az da dikbaş əfqan xalqı onun həyatının bir parçasıdır. Ömür-gün yoldaşı Hüseyn müəllimin işi ilə bağlı Əfqanıstanda olan Şövkət xanımı indi daha yaxşı anlamaq olar. Təxminən 350 il müharibə şəraitində yaşayan, döyüş poliqonuna çevrilən Əfqanıstanda indi də vəziyyət gərgindir və bu gərginliyi o, bizim çoxumuzdan yaxşı hiss edir. Amma bir şeyi də yaxşı bilir ki, bu müsəlman ölkəsində qarmaqarışıqlıq xarici güclərə sərf edir. Çünki bütün müsəlman dünyasına təhlükə daha çox oradan yarana bilər."

Həyatı boyu üç müharibənin şahidi olub. Necə deyərlər, ömrünün kamillik dövrünü yaşayır. Yəqin ki, digər dostları da, onun müsbət xüsusiyyətləri barəsində söhbət açacaqlar, amma mən istərdim ki, bu təqdimatımı məhz Elçin bəyin fikirləri ilə yekunlaşdırım:

"Şövkət xanım ömrünün ixtiyar çağını yaşasa da, ruhən cavan və təzədir. İnanıram ki, o, hələ öz əsərləri ilə bizi çox sevindirəcək..."

Bəli, biz də buna inanır, Şövkət xanıma möhkəm can sağlığı, ağrı-acısız günlər və yaradıcılıq uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)