Bu gün Azərbaycanda Elm Günüdür... Featured

Rate this item
(0 votes)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Martın 27-si Azərbaycanda Elm Günüdür, yəni elmlə məşğul olan hər kəsin bayramıdır. Haqqında söhbət açmaq istədiyim Səadət Şıxıyeva da elm adamıdır, filologiya üzrə fəlsəfə doktorudur...

 

Qürurlu xanımdır. Özünə inamı çox yüksəkdir, fəhminə, zəkasına, ağlına həmişə inanıb. Olduqca cəlb edici və xoşa gələndir. Amma tələbkar olduğundan onunla ünsiyyət qurmaq elə də asan deyil, xarizmatik insandır. İdealistdir və hər şeyin ən yaxşı olmağını arzulayır...

 

Deyir ki,- “Əslində isə elm bir günlə olmur ki... Azərbaycan elm və təhsili elə duruma gətirilməlidir ki, hər günü elmi uğur, töhfə ilə tarixdə iz qoysun. Yoxsa ki, içi puç, üstü bəzəkli "əsər"lərlə, dosta, tanışa, əmrə müntəzir duranlara ad və medallar paylaşmaqla elmi inkişaf mümkün deyil. Hazırkı durumda durğunluq deyil, tənəzzülün bütün əlamətləri var, təəssüf ki...”

 

Xarekteri olduqca güclüdür. Çalışdığı sahədə özünü yüksəyə qaldırmağı bacarır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün əzmlə addımlaya bilir. Zamana meydan oxuyur, qarşısına çıxan səddi asanlıqla ram etməyi bacarır...

 

“Elm günündə həmkarlarıma arzum budur ki, "saat yığma" bəlasından qurtarıb həqiqi elmi fəaliyyətlə məşğul olmağa şəraitləri olsun, çəkdikləri zəhmətin həm maddi təltifini, həm də mənəvi mükafatını görmək nəsibləri olsun...”- söyləyir...

 

Hər hansı bir tarixi şəxsiyyətin həyat və yaradıcılığını araşdırıb, heç kimin bilmədiyi faktları üzə çıxarmaq, onu fərqli şəkildə təqdim etmək çox çətindir. Tədqiqatçıdan böyük hünər, ciddi təhlil, dərin savad tələb edir. Haqqında söhbət açmaq istədiyim filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva neçə illərdir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığını araşdırır. Bu istiqamətdə bir sıra uğurlara imza da atıb...

 

Deyir ki,- “Nəsiminin müraciət etdiyi janrlar və şeirinin poetikası haqqında bir neçə tədqiqat əsərində bəhs olunsa da, bu şairin söz sənəti haqqındakı görüşləri, əsərlərində yer alan ədəbi kateqoriya və terminlərə indiyədək diqqət yetilməmişdir. Adı daha çox hürufiliklə bağlı yad olunan Nəsiminin ədəbi fəaliyyətinin istiqamətləri, ədəbi-tənqidi görüşləri və poetika elmi ilə əlaqəli nəzəri biliyi barədə indiyədək araşdırmalarda pərakəndə və çox zaman səthi məlumatlar verilmişdir. Halbuki onun hər iki divanında yer alan janr və poetik formalar zənginliyi və rəngarəngliyi baxımından divan ədəbiyyatında çox az şairin ədəbi mirası ilə müqayisə oluna bilər. Nəsiminin əsərlərinin arxitektonikası, onun poetik ənənələri sinkretik təqdimi, fərdi yaradıcılıq eksperimentləri, poetik sözə həssas və elmli münasibəti şeir sənətinə dərindən bələdliyini göstərir. Şairin hər iki divanında şərq şeir sənətinin həm təcrübi və tətbiqi şəkillərini, həm də onun nəzəri biliklərinin ifadələrini müşahidə etmək mümkündür...”

 

Nəsiminin diri-diri dərisinin soyulmasını və onun həmin zaman şeir söyləməsini xalqın şairə olan məhəbbətindən yaranmış əfsanə olduğunu düşünür. Nəsiminin iki dəfə ailə qurduğunu iddia edir. Bundan əlavə alimlərin ortaq türk dili təklifinə onun da öz yanaşması var...

 

İşgüzar, çalışqan, əzmkar xanımdır. Maraqlı iddiaları ilə həqiqətin harada olduğunu ortaya çıxara bilir. Yalan danışmağı xoşlamır. Cəsarətli və mərddir. Davranışı, yüksək mədəniyyəti ilə seçilir. Müvəffəqiyyət onun üçün çox əhəmiyyətli olduğundan gərgin iş rejiminə, çətinliklərə qatlaşmağı bacarır…

 

Bəli, martın 27-si Azərbaycanda Elm Günüdür. Səadət xanım başda olmaqla bütövlükdə Azərbaycan elmi ictimaiyyətini bu gün münasibətilə təbrik edirik.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)