“…Sevgiyə, dostluğa olan inamınızı itirməyin” Featured

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Xeyli heyranları var, onlardan biri də mənəm. Buna səbəb, təkcə jurnalist kimi peşəkarlığı deyil, həm də Azərbaycan xanımına xas olan dəyərləri özündə ehtiva etməsidir... 

 

Bu yaxınlarda ömür-gün yoldaşı Həmid Herisçinin xəstəliyindən necə təşvişə düşdüyünün, təlaş, həyacan keçirdiyinin çox adam şahidi oldu. Bu, onun ailəyə-ocağa sədaqətinin, milli-mənəvi ənənələrimizə bağlılığının göstəricisi idi. Bax, elə bu xüsusiyyətlərinə görə də milli dəyərlərimizi yüksəkdə tuta bilir, insanların ürəyinə yol tapmağı bacarır. Bəli, söhbət İlhamiyyə Rzadan gedir...

 

Möhkəm iradəli, səbirli, səmimi, o cümlədən, təmkinli və kübar xanımdır. Etik normalara ciddi riayət edir. Onun üçün abır-həya insana xas olan ən vacib xüsusiyyətlərdən biridir...

Deyir ki- “Bizim vaxtımızda söyləyirdilər ki, təvazökarlıq insanın bəzəyidir, insanın baş ucalığıdır. İndi təvazökar insana bilirsiniz necə həqarətlə baxırlar? Sadədil, avam, hətta axmaq kimi baxırlar. Səmimi olduğuna görə adama səmimiyyətini irad tuturlar. Təbii ki, dəyərlərin dəyişib, dəyişməməsindən asılı olmayaraq ölçü hissinin olması çox gözəldir. Səmimiyyətdə də ölçü olmalıdır. Amma bütovlükdə biz cəmiyyətdən danışırıqsa, mən bəzən özümə hesabat verməli oluram. Düşünürəm ki, filan yerdə çox səmimi danışsam, bu mənim əleyhimə işləyəcək. Lakin vaxt vardı ki, məni səmimiyyətimə görə sevirdilər. İndi isə, misal üçün, müsahibəyə gedəndə, yaxın adamlar mənə deyirlər ki, çalış, çox səmimi olma. O vaxt müğənnilərin, sənət adamlarının şəxsi həyatı indiki qədər insanlara maraqlı deyildi. Uzaq başı onların geyimləri maraqlı ola bilərdi. İndi isə əksinədir, adamın məişəti, ailəsi, həyat tərzilə də maraqlanırlar...”

 

Adamlar arasında səmimiyyətin, sevginin get-gedə azaldığından gileylənsə də, içindəki insan sevgisi hələ də onu tərk etməyib. Hamıya xoş arzularla yanaşır. 

“Sağlam həyat uzmanları hər şeyi deyir, bircə bundan başqa: çox yaşamaq, özü də ağrı-acısız yaşamaq istəyirsinizsə, xeyirə, ədalətə, sevgiyə, dostluğa olan inamınızı itirməyin.”- söyləyir...

 

Martın 26-sında, baharın altıncı günündə dünyaya gəlib və varlığı ilə qoca dünyamıza, eləcə də seçdiyi jurnalistika peşəsinə yaz təravəti gətirib. 

Bahar ətirli, günəş kimi nurlu xanımdır, əmməllərilə sanki ətrafa şəfəq saçır…

Onu bir gün ötmüş doğum günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)