Birdən hər yeri qatı duman bürüyür… - ESSE Featured

Rate this item
(16 votes)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Gözüm təqvimdə ayın tarixinə sataşır, birdən xəyalımda kəsik-kəsik fraqmentlər canlanmağa başlayır.

Gecə, meşə yolu, hər yer dizə qədər şaxta bağlamış qardır...

Saralmış köhnə qəzet kağızı qara şriftlərlə yazılıb -63-u uşaq,106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib...

 

Qulağıma sanki çox uzaqdan boğuq səslər gəlir. Başımı səs gələn tərəfə çevirirəm, səslər bu dəfə fərqli bir istiqamətdən eşidilir. Diqqətimi cəmləməkdən ötrü gözlərimi yumuram, haray, bu haray səsidir.

8 ailə tamamilə məhv edilib...

Əynində mavi rəngli idman forması, ayağında rezin çəkmələr və əlində üçrəngli Azərbaycan bayrağıyla əsirliyə gedən cavan. Bu onun son şəkli idi..

Qarda yalın ayaq izləri, soyumuş qırmızı qan damlaları, kol dibində donmuş körpə cəsədləri insanlığı haraylayır.. 

25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib...

Onun sonrakı taleyi naməlum olsa da, inglis rejissor Karan Sighin çəkdiyi "Oğul" filmində onun öldürüldüyü deyilir. Anası isə hələ də onun yolunu gözləyir..

76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.

Qırıq-qırıq ağ-qara lent yazıları, yerdə tanınmaz hala salınmış cəsədlər var...

Onlar bilirdilər, yeganə çıxış yolunun bu meşə olduğunu bilirdilər və mühasirəyə alıb əsir götürmək üçün burada yolu kəsib öz qurbanlarını gözləyirdilər.

Diktor xəbərləri oxuyur: 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil 

"Üzünü qaldır, qaldır üzünü, Ay Allah" gənc jurnalistin gördükləri qarşısında keçirdiyi ürək ağrısı göz yaşlarına çevrilir.

Qırıq-qırıq ağ-qara lent yazıları xilas olanların müsahibələri qan dondurur.

Birdən hər yeri qatı duman bürüyür. Boz bulanıq mənzil, soyuq hava, qəfil  çökən sükut sanki qulaqlarım tutulur, vahiməli səslərin hamısı qeyb olur. Dumanın içində yaxınlaşmaqda olan əzəmətli, zəhmli insan siluetləri görünməyə başlayır. 

Aramızdakı məsafə azaldıqca onların simasını aydın görə bilirəm, arxalarında sanki böyük bir ordu var.

Natiq Qasımov, Çingiz Mustafayev, Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev budur, qüdrət və qəhrəmanlıq deyəndə ilk ağlıma gələn Allahverdini görürəm və duman tamamilə çəkilib yoxa çıxır.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)