Azərbaycanı bütöv görən tarixçi, tədqiqatçı, jurnalist - AKİF AŞIRLININ YUBİLEYİNƏ Featured

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onu bal arısına da bənzətmək olar, çiçəklərin şirələrini çəkib bal hazırlayan zəhmətkeş arıya. Ötən ömrünü elmə, yaradıcılığa həsr edib. Öyrənib bildiklərini təfəkkürünün süzgəcindən keçirərək ortaya sanballı işlər qoyub. Hələ şagird olduğu vaxtlardan başlayaraq dövri mətbuatda məqalələri və bədii yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə "7 gün" qəzetində başlayıb və bir müddət "Müxalifət" qəzetində çalışıb. 1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur. Ciddi tədqiqatçı, istedadlı jurnalist kimi, onu ölkədə çox adam tanınıyır. Adını çəkməsəm də söhbətin kimdən getdiyini bilənlər inanıram ki, az deyillər. Bəli, bu bəstəboy oğlan Akif Aşırlıdır...

 

Səhv etmirəmsə, mərhum şair Hüseyn Arifin sözləridir- “Adam haralı olar? Əlbəttə Qazaxlı.” O da, 1969-cu ildə söz-sənət beşiyi Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Qayğsız uşaqlıq illərini orada keçirib. Orta təhsilini Daş Salahlı kənd 1 saylı orta məktəbdə bitirib. Əsgərlikdən geri dönəndən bir qədər sonra BDU-nun tarix fakültəsinə daxil olub. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. Bununla kifayətlənməyərək "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb.

1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib. 2019-cu ildən Azərbaycan Türk Ocağının başqanıdır...

 

Deyir ki,- “Bu gün Azərbaycan ədəbi dili şəhərdə yox, kənddədir. Söhbət canlı danışıq dilindən gedir. Var quru dil, var oynaq dil, var şirin dil. Əsl Azərbaycan türkcəsi canlı dildir. Bizim gənc yazarlarımız gedib kəndlərdə oturmalı, kənd adamları ilə söhbət etməlidir. Bu da əsərlərdə özünü göstərməlidir. Şəhər ədəbiyyatından İlqar Fəhmini çox bəyənirəm. Onun “Bakı tarixindən kollaj” əsəri həm dil baxımından, həm faktlar baxımından çox zəngindir. Kənd və şəhər təfəkkürünün sintezini gözəl verib. Yazıçı şəhərdən çıxdı, kənddən gəldi, bunun fərqinə varmaq lazım deyil. “Qazaxşina”, “Qarabağşina”, “Cənubşina” söhbətlərinə son qoyulmalıdır. Ziyalı Azərbaycanı bütöv götürməlidir. Turançı olmalı, türk dünyasının bütövlüyü üçün çalışmalıdır...”

 

İndiyədək "Ağlama, Damcılı bulağı", "Türkün Xocalı soyqırımı", "Nəriman Nərimanovun Kremildə qətli", "Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu", iki cilddə "Azərbaycan mətbuatı tarixi" kitablarının müəllifi, "Bağanıs Ayrım soyqırımı" kitabının həmmüəllifidir. Türkiyədə "Sarıqamış əsirlərinin dramı- Nargin", "Xocalıda türk soyqırımı", "Azərbaycanda Türk Ocağı", "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu hərəkatı" və s. kitabları çap olunub.

2016-cı ildə AMEA-nın Tarix institunda "Qafqaz İslam Ordusu Cumhuriyyət dövrü mətbuatında" adlı dissertasya işini müdafiə edərək tarix elmi üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yüksəlib. Azərbaycan Xalq Cümhuriyyəti dövrü və Mətbuat tarixi ilə bağlı çoxsaylı elmi publisistik məqalələri var. Mətbuat Şurası idarə heyətinin üzvüdür. Əsərləri Türkiyə, Gürcüstan və Ukraynanın populyar elmi jurnallarında dərc olunub...

 

“Doğrudur, ömrümün uşaqlıq illəri Sovet dövründə keçib, amma o dövrün də özünün maraqlı cəhətləri var idi. Gəncliyim çox maraqlı keçib,  Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmək üçün tarix mənə də fürsət verdi. Milli Azadlıq hərəkatında iştirak edə bildim. O dövrün qəzet və jurnallarında çıxışlarım çoxdur. Uzun illər “Yeni gün” və “Müxalifət” qəzetlərində çalışsam da, daha sonra “Şərq”  qəzetini yaratdım. Belə bir həyat yaşadığım üçün heç də peşman deyiləm. Amma etiraf edim ki, otuz yaşında etdiklərimi indi edə bilmirəm, adama çətin gəlir. Ona görə də geriyə baxanda elə də kədərlənmirəm. Yaşadığım illər ərzində xeyli sayda kitablarım, məqalələrim, araşdırmalarım çıxıb. Düşünürəm ki, o qədər də məhsuldar olmasam da gələcək nəsillər üçün nəsə saxlaya bilmişəm.”- söyləyir...

 

Ünsiyyətdə çox sadə, təvazökar adamdır. Yaxşı yoldaşlığı, dostluğu var. Vəfalı olduğu üçün xəyanətə dözümsüzdür. Yalançı, aravuran adamlar gözünün düşmənləridir. Onda zərrəcə paxıllıq hissi tapmazsan, xəbislikdən çox uzaqdır. Elə bu xüsusiyyətlərinə görə də sevilir, səmimi hörmətlə qarşılanır.

Çox zəhmətkeşdir. Bundan sonra heç nə etməsə belə saysız-hesabsız məqalələr yazıb, reportajlar hazırlayıb. Cəbhə bölgələrində çox olub, Ağdərə döyüşlərindən, Tərtərdən reportajlar hazırlayıb. 1992-1993-cü illərdə Qazaxın, Tovuzun sərhəd kəndlərindən hazırladığı reportajları bu gün də qoruyub saxlayır. Taleyinə ABŞ-ın 7 ştatına səfərə getmək də yazılıb. Hətta orada jurnalistika kursu da keçib. Bunların hər biri onun həyatında silinməz izlər buraxıb. Söhbətin bu yerində yadıma ABŞ-da yaşadığım illər düşdü. Mən də orada jurnalistika kursu keçən bir adam kimi, yaxşı yadımdadır ki, rusdilli bir yəhudi müəllimdən sovet dövrünün oçerklərini darmadağın edən, portret janrının yeni üslubunu öyrəndim. Onun mənə bir tapşırığı var idi- “Bütün öyrətdiklərimi milliləşdir, öz xalqının dilinə, mentlitetinə uyğunlaşdır.”

Peşəkar jurnalist olmaq üçün öz üzərində çox çalışıb. Mütaliə etməyi heç zaman unutmayıb. 

 

Deyir ki,- “Hər bir qələm adamı yazdıqlarına cavabdeh olmağı bacarmalıdır. Hansı mövzular ki, təmsil etdiyin cəmiyyət üçün maraqlıdırsa, o mövzuları işləməlisən. İndi jurnalistlər məhkəmələrə çox çəkilmir, mənim vaxtımın böyük hissəsi məhkəmələrdə keçib. Yazdığım faktların doğru olduğunu, haqqı tərənnüm etdiyimi, yeri gələndə məhkəmələrdə sübut etmişəm. Doğrudur, məhkəmələrin həm ədalətli, həm də ədalətsiz qərarları da olub, amma bütün bunlar məni ruhdan salmayıb, əksinə əzm və iradəmi mökəmləndirib. Bəli, jurnalist öz üzərində daha da çalışmalıdır. Cəmiyyət görəndə ki, onun sabit fikirləri var, öz fikirlərini doğru ifadə etməyi bacarır, öz fikirlərinin arxasındadır, həmin jurnalistin qələminə hörmətlə yanaşır...”

 

Arzuları çoxdur. Həyatda yaxşı ömür sürmək, demokratik cəmiyyətdə yaşamaq, ailədə, cəmiyyətdə hüzurlu olmaq onun arzuları sırasındadır. “Xalq arasında məşhur olmaq şans işidir, həm də alın yazısıdır. Amma gərək bunun üçün yorulmadan əmək sərf edəsən, zəhmət çəkəsən. Gərək daim çalışasan ki, cəmiyyətə, yaxın ətrafına xeyir verəsən. İndi bilmirəm, mən buna nə qədər nail olmuşam.”- söyləyir...

 

İllər necə gəlib keçir adam hiss etmir. Budur, 55 də gəlib çatıb. Amma bu hələ o demək deyil ki, qəhrəmanım artıq qocalıb. Bu yaş qocalığa gedən ömür yolunun gənclik çağlarıdır. Yenə də hər zamanki kimi səhər yaradıcılıq ovqatıyla ayağa durub iş başına tələsir, yaradıcılıqla məşğul olur. Hesab edir ki, insan üçün ən yaxşı hal onun sevdiyi peşə ilə məşğul olması və illərlə yol gedəcəyi sədaqətli dostları ilə münasibətlərini qorumasıdır. “Həyat insana həm ailəsi- övladları və həm də dostları ilə maraqlıdır.”- söyləyir.

Bəli, haqqında söhbət açdığım Akif Aşırlı xoşbəxt adamlardandır. Xoşbəxtdir ona görə ki, həyatından razıdır, həmişə ətrafına fayda verib...

 

Bu gün - fevralın 15-i “Tərəqqi”, "Azərbaycan Xalq Cümhuriyyəti- 100" medallarına layiq görülən, əməkdar jurnalist Akif Aşırlının 55 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)