Layla dedim, yatasan... Featured

Rate this item
(9 votes)

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

Layla dedim, yatasan,

Qızılgülə batasan…

Hardan gəlir bu səs-səda?

Bəlkə, illər arxasında

Layla çalır gəlin ana?  

(X.R.Ulutürk)

 

Dünənki kimi yadımdadır, həmin zaman məktəbə yeni qəbul olmuşdum. O vaxtlar ailəmlə babamgilə tez-tez gedib-gəlirdim, onlara yaman bağlı idim, hətta həftəsonları babamgildə qalmağa təkid edirdim. Elə Xocalı soyqırımının 20-ci ildönümü günü 2012-ci ilin 26 fevral gecəsində də onlarda idim, babama qısılıb efirdə göstərilən proqrama baxdığım da yadımdadır. Proqramda göstərilən səhnədə bir qadın fəryad dolu səslə qucağındakı körpəsinə layla çalırdı. Bütün nəzərim televizora cəmlənmişdi ki, babamın xırıltılı öskürəyi və “Qəribə həyatdır...” deyə səslənişi ilə dik atıldım. “Həyatın nəyi qəribədir?”, “Babam niyə elə dedi?”, “Niyə layla bu gün belə ağır səslənir? O ki çox həzin bir nəğmədir.” deyə düşüncələr 6 yaşlı mənə hələ aydın deyildi. Sonra anladım ki, həmin fevral gecəsində laylanın belə ağır, nalə dolu səslənişi onun özündə 20 ilin yorğunluğunu daşımasından irəli gəlir. Axı həmin gecə onlarla ailə son axşam yeməyini yedi, atalar son dəfə övladları ilə oynadı, analar son dəfə öz körpə balalarına layla çaldı, axı o gecə bir çox ailənin birlikdə son gecəsi oldu. Bəlkə layladakı bu yorğunluğun səbəbi bizdən inciməsidir? Bəlkə beşikdə ruhunu Yaradanın haqq dərgahına təslim edən uşaqlar üçün sona qədər səslənmədiyinə görə incidi bizdən layla? Bəlkə elə Xocalıda əsir götürülən, valideynini itirib fəryad edən uşaqların dilində son dəfə səslənib sonra Xocalı uşaqlarının ruhu ilə göylərə uçdu? Bəlkə nəğmələr gülüstanı Qarabağa küsdü layla?

“Xocalıdakı günlərimdən danışanda anamın qoynunda yatmağım, atamla qarajda gördüyüm it yadıma düşür. Mən Xocalıdan qaçanda beş yaşım var idi. Həmin faciədə gözümü açanda bir kişinin kürəyində meşənin içi ilə getdiyimizi gördüm. Geri dönüb baxanda Xocalımdan qalxan qara tüstü və alov ilə üzləşdim. Həmin qocaya yük olduğuma görə kürəyindəki şalı açıb məni buraxdı və meşədəki dərəyə doğru yuvarlandım. O dərədə dəfələrlə “ay ata” deyə səslənişim də yadımdadır. Sonradan öyrəndim ki, atam da həmin zaman “Mehdi” deyə qışqırıb nalə çəkirmiş. O dərədən məni 6-7 saat sonra erməni hərbçiləri tapdı. Qaranlıq otaqda oyananda əsirlərin qışqırıq səsləri gəlirdi. Gözümü işıqlı dünyanın qaranlıq otağında neçə dəfə yumub-açdığım, neçə günün keçdiyini bilmirəm. Daha sonra əsirdəyişmə məntəqəsində mən də qaytarıldım. Babamla birlikdə Bakıya gəldim. Nənəmlə, dayımla yaşamağa başladım. Nənəmi özümə ikinci ana bilirdim...”-bu sözləri Xocalı faciəsinin qaranlıq üzü, beş yaşında bütün ailəsini itirən Mehdi Əliyev o gecəni xatırlayarkən dilə gətirir. O, Xocalıda ailəsinin hər bir üzvünü itirən 25 uşaqdan biridir. Onun indi 36 yaşı var. Bu yaşında hər gün beş yaşlı uşağı axtaran Mehdi heç böyümədi. İllər keçəcək, amma Mehdi daim o uşağın axtarışında olacaq...

 

Xocalı soyqırımından sonra doğulan uşaqlar Xocalıda öldürülən uşaqlardan indi daha yaşlıdı. Onlar qocalacaq, amma Xocalıdakı uşaqlar elə o yaşda da qalacaqlar. Mənim isə o uşaqlar üçün əlimdən gələn tək bir şey varsa, o da pıçıltı ilə bizdən küsən Laylanı yenidən oxumaqdır.

 

Layla dedim, yatasan,

Qızılgülə batasan.

Qızılgülün içində

Şirin yuxu tapasan...

 

İndi Xocalımız azaddır. Bir zamanlar kiçik qiyamətə şahid olan bu torpaqlar indi küllərindən yenidən doğulan simurq kimi canlanır, bu ərazilərdə geniş quruculuq  tədbirləri həyata keçirilir. Bəs görəsən bizdən küsən Layla yenidən bu ərazilərdə doğulacaq körpələrə xatir bir daha Xocalıya qədəm qoyacaqmı?

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)