Məktəblərdə ardıcıl zorakılıqlar - BİZ HARA GEDİRİK? Featured

Rate this item
(6 votes)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Bir müddət öncə məktəb savad verə bilirmi mövzusunda bir yazımı paylaşmışdım və bir xeyli diqqət çəkən yazı olmuşdu. İndi isə bir sual verəcəyəm. Məktəblərdə tərbiyəsizləri ayıra bilirlərmi? Özəl məktəblərdə və liseylərdə öz prestijlərini aşağı salmamaq üçün yaşanılan hadisələrin üstü necə örtülür? 2-3min bəs edirmi bapbalaca uşağa sözün əsl mənasında təcavüz edənlərin əməllərini gözardı etməyə?

 

İndi hadisəni danışım sonda vicdanınız qərar verər. Ancaq mənim vicdanım bu barədə heç rahat deyil. Yəqin ki, bu hadisə və onun doğurduğu rezonans hamınıza bəllidir:

Bakının öndə gedən liseylərindən olan 6nömrəli məktəbdə 7ci sinifdə oxuyan 2-3şagird dərsdən sonra ingilis dilindən hazırlığa gedən 2ci sinifdə oxuyan yəni, cəmi 8yaşı olan körpəni ayaqyolunda tutub pornoqrafik məzmunlu video izlədir, uşağın bədəninə müxtəlif seksual hərəkətlər edib bəlli olacaq şəkildə göyərmiş izlər buraxırlar. Bütün bunlar azmış kimi, balacanın videosunu çəkib yaymaqla təhdid edirlər. 3gündür sosial şəbəkələrdə körpənin anası bildirir ki, uşaq günlərlə evdə yeməkdən kəsilir, yediyini qusur, ayaq yoluna gedəndə qışqırıb ağlayır və ana uşağın bədəninə baxan zaman bədənindəki göyərmələri görür. Uşağı dilə tutmağa çalışır, lakin uşaq qorxusundan heç nə demir. Sonra isə ana uşağı biraz da yola gətirib bütün hadisəni danışdırır. Və uşaq başına gələnləri ağlayaraq danışanda deyir ki, əgər mən hər şeyi danışsam, onlar mənim videomu bütün məktəbə yayacaqlar.

Hadisələrin acınacaqlı tərəfi bununla da bitmir. Valideynlər məktəbə gəlir, 7ci siniflərdən əməli törədən şəxs(ləri) uşaq dərhal tapır və valideynlərinə bildirir. Məsələni dəqiqləşdirmək üçün uşağı psixoterapevtə yönləndirirlər və psixoterapvet də hadisəni təsdiqləyir. Lakin 7ci sinifdə oxuyan uşağın valideynləri hadisəni qəbul etmir, uşağın haqqında yetkinlik yaşı çatmasa belə uşaq məhkəmələrinə müraciət olunmur, polis faktla bağlı araşdırma aparır, edu.gov bu hadisəni yalanlayır və hər kəs müəyyən bir yoldan məsələni ört-basdır etməyə çalışır.

Yəqin ki, hamımız o məktəbin imicini, orada kimlərin "gül balalarının" təhsil aldığını yaxşı bilirik. Və əslində qəribəsi də, budur ki, kimlərsə 7də oxuyan uşağı qınaya bilmir, onun da körpə olduğunu, əməlini anlamadığını deyir. Niyə? Çünki o, hansısa orta və ya aşağı təbəqədən çıxmış bir uşaq olsaydı başını kitabdan qaldırmadan ata-anasına güzaran qurmaq üçün adəta kitabla yatıb duran biri olardı, o isə əvəzinə istədikləri önünə qızıl sinidə sərilən birisidir. 

7ci sinifdə oxuyan bir şagirdin təxmini 14 yaşı olur və 14yaşındakı bir fərd əqli qüsuru olmadığı halda hər hansısa bir əməl törədir və bu əməl cinayət sayılırsa, o uşaq inzibati məsuliyyətə cəlb edilməli, əməlinin bədəlini ödəməlidir. Əgər psixologiyanı çox düşünürüksə ondan öncə 8cə yaşı olan körpə zərərçəkmişin və illərlə övladı olmayan, 6ildən sonra ilk dəfə ana olan hətta, bir daha heç vaxt ana olmayacağını bilən bir ananın psixologiyası, aldıqları travma daha ön planda olmalıdır. Belə bir vəhşiliyə göz yummaq, iyrənc bir hadisədə uşağı günahlandıra biləcək bəhanələr tapmaq insaniyyətdən xaric əməllərdir. Mənim həmən körpə ilə yaşıd qardaşım var və hadisəni ilk eşidəndə gözümün qabağına qardaşım gəldi. Tüklərim biz-biz olmuş, kəlmələr boğazıma düzülmüşdü. Təsəvvür edin, bu hadisə sizlərdən birinin körpəsinin başına gəlir, nə hiss edərdiniz? O an qatil olacaq potensialı özünüzdə görürsünüzmü?

İndi mən susum vicdanınız danışsın.

 

P.S. Hadisədən sonra məktəbin direktoruna töhmət verildi. Bir gün keçmiş isə bu dəfə oxşar hadisənin 60 saylı məktəbdə baş verməsi gündəmə gəldi.

Nə baş verir?

Biz hara gedirik? 

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)