Bu gün millət vəkili Səməd Seyidovun 60 illik yubileyidir Featured

Rate this item
(0 votes)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün şad xəbər aldıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə millət vəkili,

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd İsmayıl oğlu Seyidov “Şöhrət” ordeni ilə təltif edildi.

 

Eyni zamanda onu da bildiririk ki, bu gün Səməd Seyidovun 60 illik yubileyidir və bu təltifetmə onun yubileyi münasibətilə idi. 

Səməd Seyidov Bakı şəhərində anadan olsa da əslən Qazaxdandlr. Qazaxın çox nüfuzlu bir nəslinin nümayəndəsidir, bu nəsil Azərbaycan sufizminin öncüllərindən biri, nəqşibəndilik təriqətinin görkəmli nümayəndəsi Hacı Mahmud Əfəndi ilə bağlıdır. 

Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil edən, ən ali tribunalarda xalqımızın haqq səsini, dövlət siyasətini lazımi instansiyalara çatdıran Səməd Seyidov həm də mükəmməl natiqdir. Dəfələrlə şahid olmuşuq ki, onun nitqlərinə zaldakılar necə heyranlıqla qulaq asıblar. 

Səməd Seyidov həm də “Qazax" Xeyriyyə İctimai Birliyinin fəal üzvüdür, tədbirlərdə iştirak edir, təşkilati işlərdə məsləhət və köməyini əsirgəmir. 

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Səməd Seyidovun ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirir, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə bütün işlərində ona uğurlar arzulayırlar.

İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Səməd Seyidovu "Şöhrət " ordeni ilə təltif olunması və anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, gələcək işlərində yeni-yeni uğurlar arzulayırlar.

 

Səməd İsmayıl oğlu Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981–1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir. 1998–2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur. 1994–2000-ci illərdə Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 2000-ci ildən 2015-ci ilədək Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləmişdir. Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir. 

Səməd Seyidov ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2000-ci ildən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, 2003-cü ildən isə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 2003–2005, 2007–2009, 2011–2013 Avropa Şurası Parlament Assambleyasında vitse-prezident və Büronun üzvü olmuşdur. 2018-ci ildən Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentidir. 2016-cı ildən "Siyasi Psixologiya Mərkəzi" İctimai Birliyinin direktorudur.

2018-ci ildə "Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı" ilə təltif edilmişdir.

2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif edilmişdir.

Səməd Seyidov Azərbaycanın hüdudlarından kənarda da yüksək nüfuza malik ziyalıdır. Dövlətlərarası yüksək ictimai-siyasi əlaqələrin inkişafındakı xidmətlərinə görə bir neçə xarici dövlət tərəfindən orden, medal, döş nişanları ilə təltif edilmişdir. Səməd Seyidov 2011-ci ildə Azərbaycanla Fransa arasında əlaqələrin inkişafındakı müstəsna roluna görə Fransanın "Fəxri legionun kavaleri" rütbəsi ilə təltif edilmişdir.

2014-cü ildə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto professor Səməd Seyidova Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıqda göstərdiyi xidmətlərə görə, universitetdə macar dili və mədəniyyətinin tədrisinin həyata keçirilməsi ilə bu əlaqələrə verdiyi töhfə və AŞPA-da bu əlaqələrin inkişafı yönündə fəaliyyətinə görə Macarıstan Prezidentinin fərmanı ilə döş nişanı və ordeni təqdim etmişdir.

2014-cü ildə Ərəb dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərinə görə Misir Ali Təhsil Nazirliyi tərəfindən medalla təltif olunmuşdur.

Evlidir, 2 övladı var.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)