“Yanvarın 11-də doğulanlar" silsiləsindən

Rate this item
(1 Vote)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ucqar Yardımlıda, evdə ona “mütrif” deyirdilər...

Etiraf edir ki, “Hicran” tamaşası həyatında böyük dönüş yaradıb. Aktyorluğu seçib. Buna görə ona evdə “mütrüf” deyiblər. Riyaziyyatı sevsə də, aktyorluğa olan həvəsi riyaziyyat biliyini də üstələyib. Teatrı kinodan üstün tutsa da, çoxları onu “Həkimlər” serialındakı Sabir obrazı ilə tanıyıb, qəbul edib.  

 

Deyir ki,- “Özüm özümü hələ də tanımıram, tanısaydım xoşbəxt adam olardım. Amma bunu deyə bilərəm ki, 1971-ci ildə Yardımlıda anadan olmuşam. Məndə aktyor olmaq istəyi Hicran tamaşasına baxandan sonra yarandı. “Hicran” tamaşası həyatımda dönüş oldu. Baxmayarq ki, riyaziyyatı yaxşı bilirdim. Hətta böyük siniflərin də məsələlərini həll edirdim. Ancaq aktyorluğa olan həvəsim riyaziyyat biliyimi üstələyə bildi. Ailədə 9 uşağıq ən dəcəlləri və ən ərköyünləri də mənəm. Mənə evdə “mütrüf” deyirdilər. Universitetə imtahan verəndə məndən imtahanı Həsənağa Turabov və Şəfiqə Məmmədova götürdü. Beləcə, teatr kollektivinin rejissorluq fakültəsinə daxil oldum. Turabov mənə dedi ki, bu fakültədə oxu səni 3-cü kursdan aktyorluğa keçirərik. Ancaq elə qəbul olunduğum fakültədən məzun oldum.”

 

Haqqında söhbət açmaq istədiyim Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir.

1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb. Bununla yanaşı şoumenlik və aparıcılıq da edir.

Hazırda teatr və televiziya işi ilə yanaşı Bakı Dövlət Sirkində aparıcı kimi fəaliyyət göstərir.

Ailəlidir. Bir övladı var...

 

“Mən ampulaya sığan aktyor deyiləm. Hansı rol təklif edilirsə, onu məmnuniyyətlə ifa etməyə hazıram. Rejissora etiraz etməyə haqqın yoxdur. Təklifi qəbul edirsənsə, oynamalısan. Bu sözümə görə mən qınaq obyekti ola bilərəm, ancaq rol təklif ediləndə hansının daha çox qonorar verəcəyini düşünürəm.”- söyləyir.

 

Yaradıcılğında elə bir period olub ki, dalbadal eyni rollar qismətinə düşüb. Məsələn, 2004-2006-cı illərdə ancaq polis rollarını oynayıb. Sonra ilk olaraq “Həkimlər”, daha sonra “Pərvanələrin rəqsi serialında həkim roluna dəvət alıb. “Pərvanələrin rəqsi”nə onu ssenarı müəllifi Arzu Soltan dəvət edib. Əslində bu rolu həqiqi həkim canladırmalı idi. Sadəcə olaraq, həkimin həyəcanı rejissoru aktyor dəvət etməyə vadar edib. Ən çox pərəstiş etdiyi aktyorlar isə Nəsibə Zeynalova, Siyavuş Aslan, Ramiz Novruz, Nurəddin Mehdixanlı olub...

 

Deyir ki:- “Aktyorluq işi insana mənəvi qidadır. Amma bunu da danmaq olmaz ki, madiyyat ikinci plana keçırsə mənəviyyat üçüncü olur. Əgər aktyorun maddı vəziyyəti yaxşı deyilsə, səhnəyə fikirli çıxırsa onun hansı mənəvi qida verməyindən danışıla bilər. Məcbur olub ailən üçün daha çox qonorar verilən təklifi qəbul edəsən...”

 

Əgər məndən soruşsalar ki, eloğlun, aktyor Elçin İmanovu qısa şəkildə necə ifadə edərsən, deyərəm, çox intelegent və canlara dəyən adamdır...

 

Yanvarın 11-i Elçin bəyin növbəti ad günüdür. Onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.

Çox yaşa, gözəl eloğlum!

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)