Yazanlar və onlara qəbir qazanlar - AKTUAL Featured

Rate this item
(0 votes)

Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

İki fədakar zümrədən danışım sizə- elm adamlarından və yazarlardan.

Bu iki zümrəni təmsil edən çoxlarını tanıyıram, uzun illərdir yoldaşlıq edirəm, müşahidələrim əsasında qənaətlərim var.

Bir çox elm sahələrinə aid fundamental olmasa da, az-çox təməli biliklərim var. Odur ki, hansı sahəni təmsil etməyindən asılı olmayaraq alim yoldaş danışanda, təxmini də olsa, "qabının" nə qədər dolu olduğunu bilirəm. 

Söz yox ki, dolu, yarımçıq, boş qablar var, ən pisi bəzəkli boş qablardır, ən dəyərlisi bəzəksiz içi qızılla dolu olanlardır. Bu başların yiyələri sadə və nurlu olurlar. 

Ümumilikdə alimlərimizi alqışlamaq lazımdır, onların əksəriyyəti qazanclı işləri deyil, elm yolunu seçmişlər, böyük zəhmətlə, fədakarlıqla öz sahələrində Azərnaycanı dünyada təmsil edirlər, elmi tədqiqatlar aparırlar. Ciddi nəticələri də var. Çoxları elə bilir ki, alim nəsə kəşf etməli, icad etməlidir. Ya Eynşteyn, Nyuton olmalıdı. Bu belə deyil. 100 alim tədqiqat aparır, elə onların əsasında 1-i nəsə böyük kəşf edir. O kəşfdə çoxunun payı olur əslində. Ancaq qismət birinə olur.

Yazarlarımız da fədakar insanlardır, ümumilikdə.

Onların da şeir və ya nəsr əsərləri arasında  qiymətli inciləri olanlar və ya mənasız, məntiqsiz xaotik söz yığını olanlar var. Və bəzən incilər saxsı qablarda gizlənir, görünmür, mənasızları çini, gümüş qablara yığıb, xonça kimi ortaya qoyub, toy, bayram edirlər. Toy bitəndə xonça lazımsız olur.

Bunları sizlər də bilirsiz, deməkdə məqsəsim nədir?

Elm adamları və yazarlar, təbii ki, bu yolu haqq edib gedənlər, bu adlara layiq olanlar bir az da məzlum adamlardır, nə fırıldaq bilərlər, nə vəhşi kapitalizmin qazanc düsturlarını həll edə bilərlər. Onlar verilən fitri istedadı ortaya qoymağa məhkum olarlar. 

Camaat villa tikib fərəhlənəndə alim köhnə, enli qalstuku taxıb, çıxış edəndə zövq alar, uşağının pulu ilə məqaləsi çıxanda sevinər.

Camaat qazanıb cip alıb, qırmızıdan keçib eyforiya yaşayanda, yazar avtobusda  selofan torbada yeni çıxmış kitablarını daşıyar, bundan ürəyi atlanar, torba cırılıb, kitabları yerə səpələnəndə qanı it qanına dönər.

Bəs nədir bu işlərin hikməti, həqiqəti?

Həqiqi alimlər, yazarlar nurlu adamlardır.

Nur İLAHİDƏN gələn bir şeydir.

ALLAHIN nur vermədiyi kimsə işıqlı ola bilməz.

Nur, işıq ən böyük sürətə malikdir.

Bir saniyədə işıq yer kürəsini 7 dəfə dolana bilir, bu zamanda cipə heç açar salıb xodlamaq olmaz.

İşıq heç vaxt yox olmur.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)