Ömrün soyuq anları - Müzahim İsmayılzadənin 65-inə

Rate this item
(0 votes)

Daşdəmir Əjdəroğlu yazır

 

 

İnsan dünyaya ovucları sıxılmış halda gəlir və sanki “Bütün Yer kürəsi mənimdir” deyir. Ömrünü başa vuranda, həyatdan köçəndə isə əlləri açıq gedir. Elə bil “baxın, özümlə heç nə aparmıram” - deyir.

İnsan uşaqlığında, gəncliyində qayğı umur, bir şirin sözə, məhəbbətə mənəvi ehtiyac hiss edir. Beləcə günlər keçir, gəlib çatır orta yaş həddinə. Birdən-birə səksənir, diksinib üşənir. Yadına düşür ki, 50 yaşı keçibmi, sanki minalanmış sahəyə girir. О minaların biri nə zamansa ayaqların altında partlaya bilər. Belə anda kövrəlir və istər-istəməz qanrılıb arxaya baxır. Yaxşı-yaman yaddaşında oyanır. Xoşbəxt о kəsdir ki, keçmişi, ötən günləri üçün xəcalət çəkmir, qürur hissi duyur. Bu xilqətdə olanlardan biri də tanınan jurnalist, yazıçı-publisist Müzahim İsmayılzadədir. 

Müzahim haqqında yazarkən xəyallar məni bir az uzağa apardı… Fikirləşirəm, ömrün yoxuşunu qalxdıqca elə bil hava seyrəlir, sərinləşir, soyuyur. Bəzi istəyənlərim, istədiklərim kimi. Zirvədə addımladığın cığırlar haçalanır. Gah daralır, gah da düyünə düşür. Başının üstünü, yolunu duman-çən alır. Gözün görəcəyi məsafə sanki ağappaq örpəyə bürünür... Uzaq düşmüş “vəfasız, dönük” gəncliyim daha ahıllığına səmtimir, gəlmir çağırışına, çatmır imdadına, harayına! Səmanı bulud bürüyəndə kölgələr ərşə çəkildiyi kimi, dostlar da qeyb olur. Belə çağlarda ürək dözmür, sancır, başlayır içindən ovulmağa, əriməyə, gileylənməyə”. 

Dünya təsviri sənətinin qüdrətli ustadlarından biri Brülovun “Pompeyin son gecəsi” adlı çox dəhşətli, zəhmli tablo mənzərəsi var. Görənlər ömrü boyu istəsələr də, onu unuda, yaddan çıxara bilmir. Bu sətirləri beynimdə canlandırarkən gözlərim qarşısında həmin əsər yenidən canlandı. Allah, nə şirin olurmuş ömrün təravətli anları, gənclik çağları, atalı illəri! Müzahimin yaşının bu çağında, 65-ində incəlmiş, kövrəlmiş vaxtında artıq xatirə örpəyinə bürünüb güclə görünən о günlərə qayıdıram. Amma ehtiyatla...

 

Taleyimizdə oxşarlıq var

 

Dünyaya göz açdığım Basqal qəsəbəsinin tən ortasından bir çay keçir. Basqalçay adlı. Uzaq-uzaq dağlardan, dərələrdən, yallardan, yamaclardan damcı-damcı, sısqa-sısqa, gilə-gilə, ovuc-ovuc süzülüb bir məcrada qovuşur, gur axınla ümmanlara doğru baş alıb gedir. Daşlara çırpılır, çilik-çilik olur, kükrəyib şahə qalxır, gah bulanır, gah durulur, lakin məcrasından kənara çıxmır Basqalçay (Bir dəfə bu çay haqqında yazanda bəzi ağzıgöyçəklər dedilər ki, o çay heç axırmı, oradan su keçirmi? İstər-istəməz o çayın kənd cavanlarını ağuşuna alıb apardığı dövrləri həmin kəslərin yadına salanda susdular, bir daha o sözü ağızlarına gətirmədilər. Basqalçayın kükrəyən vaxtlarını görənlər onun kəndi nə qədər fəlakət və faciə ilə üz-üzə qoyduğunu xatırlayırlar). Həzin nəğmələri ilə qəlbləri ehtizaza gətirən, neçə-neçə elə-obaya, kəndə-kəsəyə xoş ovqat, xeyir-bərəkət bəxş edən Basqalçay. Gəncliyimdə qənşər bir yerdə dayanıb, uşaq heyranlığı ilə tamaşa etdiyim, ahıllığımda yuxularımın qanadlarında hər gecə görüşünə getdiyim, dəli bir həsrətlə dalğalarını qollarım arasına alıb dərinliklərinə baş vurduğum, duruluğunda durulub, dincəlib, rahatlıq tapdığım Basqalçay.

Taleyimizdə bir oxşarlıq var bu aşıb-daşan çayla. Qələmimdən süzülən qara mürəkkəb ağ kağızlarda asanlıqla sətirlənməyib. Əlimə qələm götürüb kiçik məqalələr yazmağa başlayandan böyük kitablarımı yazmağa başladığım bu günədək qələmimin yolu heç də rəvan olmayıb. Basqalçay kimi başı daşdan-daşa dəyib, sərt küləklərə, müxalif rüzgarlara, bəd niyyətlərə məruz qalıb. Lakin sarsılmayıb qələmim, səmtini dəyişməyib sətirlərim. Yalana, yanlışa uymayıb, bayağı hay-küylərdən, məddahlardan, məddahlıqdan uzaq olub, Tanrının müqəddəs qanunlarına, vicdanımın paklığına xilaf çıxmayıb qələmim.

Basqalçayın yaşı neçədir, bilinmir. Min ildir, milyon ildir, səhih xəbər verən yoxdur. Qələmimin ömrü isə... Basqalçayın yanında nədir ki?.. Yarım əsri başa vura, vurmaya. Lakin mürəkkəbi tükənməkdə olsa da, sətirlər cıdırında yorulmaq bilmədən, büdrəmədən gedir. Ömrün yaxınlaşmaqda olan qürub anlarına doğru...

Basqalçaya nə var ki?.. Yaranışından neçə yerdə bənd qurub bəndə salsalar da, qələmim kimi başı daşdan-daşa dəysə də, ona təfavütü yoxdur. Dünya binnət olandan gecə-gündüz çağlayır, dağlardan-daşlardan gilə-gilə, ovuc-ovuc süzülüb gələn saf, sərin suları öz maviliyinə qatıb dərin-dərin dəryalara ərməğan edir.

Bu epizodik xatirələrimi yazanda elə haqqında cəsarətlə yazdığım Müzahim qardaşım düşdü. Təxminən eyni taleli yazarlarıq. Həyatı ziqzaqlı da olub, haradasa hamar da olub…  

 

O, ulduza bənzəyir

 

Həqiqi dostlar ulduza bənzəyirlər, çünki qaranlıq çöküncə gözə ilk görünənlər məhz onlar olurlar. Hər dəfə Müzahim İsmayılzadə haqqında düşünəndə ağlımdan bu fikirlər keçir. O, həqiqətən də mənim həyatımda bir ulduz kimi rol oynayıb. Onu 1981-ci ildən tanıyıram. İsmayıllı ilə bağlı illərimdən. İsmayıllıdan başlayan dostluq bu günədək davam edir. O, yaxşı tanıyır ismayıllıları. Ona görə də haqqında yazmağı, fikir və mülahizələrimi bölüşməyi xahiş edəndə də tərəddüd etmədim. Ən çətin anlarda həmişə bir-birimizdən məsləhətlər almış, ikimiz də fikir mübadiləsi apararkən eyni məxrəcə gəlmişik. Dostum təkcə qaranlıq gecənin parıltılı bəzəyinə də çevrilməyib. Bir çox halda məndən 7 yaş böyük olan Müzahim bəndənizə doğru yol da göstərib. Öz sısqa nuruyla ən zülmət qaranlıqları yarmaqda heç kimdən görmədiyim dəstəyi mənə o verib. Xüsusilə bu xarakterinə görə M.İsmayızadə doğrudan da ulduza bənzəyir. Qədim dövrlərdə atalarımız ulduzlara nəzərən hərəkət etmirdilərmi? Həccə gedən zəvvarlarımız “Süd yolu” - Kəhkəşanın ulduz düzümü istiqamətində yürüyərək, müqəddəs mənzillərinə çatmayıblarmı? Yaxşı dost da insanın ən çətin anlarda “Süd yolu”na çevrilməli, onu gedəcəyi mənzilə aparmalıdır. Etiraf edim ki, Müzahim bir dost kimi üzərinə düşən bu missiyanı ləyaqətlə yerinə yetirməyi bacarır.

 

O, xeyirxah təbiətlidir

 

Bir az yuxarıda onunla tanışlığımızın tarixini xırdaladım. Bakıya gələndən sonra söhbət əsnasında məlum oldu ki, BDU-nun tarix fakültəsində təhsil alarkən mənim mərhum xalam ingilis dili müəllimi Şölə Şirəliyeva ona dərs deyib. Həmişə xalama – ingilis dili müəlliminə hörmət əlaməti olaraq dərsə vaxtında gəlib-gedib, çətin fənni mənimsəməyə çalışıb. Deyir ki, Şölə xanımın xətrini çox istəmişəm həmişə. Həm bir savadlı, ixtisasını mükəmməl bilən müəllim, həm də namuslu, ismətli, yaraşıqlı bir qadın kimi. O həm də Əfsanə xanımın anasıdır: “Övladcanlı olduğunu da bilirdim. Mərhum anası Zəkiyyə xala da əziyyətkeş, fədakar bir qadın kimi yaddaşımda qalıb. Şölə xanımın qəfləti dünyadan köçməsi qəlbimi param-param elədi, bu xəbəri gec eşitsəm də, çox təsirləndim. Niyə belə pak, namuslu adamlar dünyadan tez köçürlər? Şulan müəllimlə Şölə xanım BDU-nun auditoriyalarında birgə addımlayanda həmişə fəxr etmişəm bu mehriban, bir-birinə yaraşan cütlüklə. Haradasa bəxtəvərlik də oxumuşam. Daim Azərbaycan ailələrinin belə nümunəvi olmasını arzulamışam. Allah hər ikisinə də rəhmət eləsin. Ruhları şad olsun!”.

Müzahimlə bu qədər yadda qalan ömür yolu keçməyimizin başlıca səbəbi onun xeyirxah təbiətindən irəli gəlib. Ətrafımdakı heç kim bəlkə də onun qədər xeyirxah ola bilməz. Bu xeyirxahlıq onda bədxərclik səviyyəsindədir. İndiyə qədər təsadüf etməmişəm ki, birgə oturduğumuz məclislərdə o, kiməsə əlini cibinə salmaq fürsəti versin… Sevgisi böyük olan insanların ruhu çox zəngin olur. Onlar hər şeyin qiymətini və dəyərini bilirlər. Məhz həyata və insanlara sevgisi hədsiz dərəcədə böyük olan Müzahim də hər şeyin və hər kəsin qiymətini, dəyərini yaxşı bilir. Bir Afrika atalar sözündə deyilir: “Cibi zəngin, amma ruhu kasıb olan adamın halı çox pisdir. Çünki o hər şeyin qiymətini bilər, ancaq dəyərini yox”. Hər şeyin, hər kəsin dəyərini, qiymətini yaxşı bilən, həyata, insanlara hədsiz sevgisi olan, sağlam ruhu ilə mənəvi qida alan Müzahim bu gün insanlara, onu tanıyanların hər birinə sevgi və qorxu  hisslərini anladır.

 

Həsəd aparılacaq xarakter sahibi

 

Fransız ədəbiyyatının görkəmli nümayəndəsi Viktor Hüqonun belə bir fikri var: “Bizi həmişə özümüzdə çatışmayan cəhətlər cəlb edir. Gün işığını kor qədər heç kim sevmir”. Bəzi insanlarda sadəlik, səmimilik, xeyirxahlıq, nəciblik kimi insani cəhətlər olmur. Deməli, həmin şəxslərdə bu cəhətlər çatışmır. Müzahim qardaşım bu baxımdan həsəd aparılası bir ziyalı, yaradıcı insandır. O, yaşından asılı olmayaraq hər bir kəslə tay-tuş kimi davranır. Başqa sözlə, Müzahim hər bir kəslə öz dilində danışmağı bacarır. O, gəncliyə, orta, yaşlı və ahıl nəslə aid enerjini sintez edən bir müəllim, pedaqoq kimi şəraitə uyğun olaraq davranır. “Azərbaycan” nəşriyyatına daxil olanda dəhlizlərdə görüşdüyü adamlarla bu münasibəti görür, ürəyimdə ona alqışlar yağdırır və hər kəsə bu cür olmağı arzulayıram. 

Bir çoxunda olmayan sadəlik, səmimilik və xeyirxahlıq Müzahimin həyat kredosudur. O, iş-gücün başdan aşdığı vaxtlarda ehtiyac içində olan insanlara qayğı və diqqət göstərməsindən həzz alır. Yorulmadan, usanmadan çalışır, tanıdıqlarının, ətrafında olanların sevinməsindən, uğur qazanmasından zövq alır. O, insanları, sözün yaxşı mənasında, yola verməyi bacarır. Kim ona ağız açırsa, kömək istəyirsə, ümidsiz qalmır. Birisinin məqaləsini redaktə edir, digərinin dərsini keçir, başqa birisinin işinin düzəlməsi, probleminin həlli üçün məsləhət verir, bütün günü faydalı işlə məşğul olur. O bu işləri ona görə bacarır ki, elmi biliyi yüksək səviyyədə olmaqla yanaşı, insanlığı və humanistliyi də ali səviyyədədir.

Yazıya başım o qədər qarışıb ki, heç qəhrəmanım haqqında tanışlıq verməyi belə unutmuşam. Həmsöhbət maraqlı, erudisiyalı, dünyagörüşlü olanda yaradıcılıq prosesi vaxtı hər şey yaddan çıxır. Elə köklənirsən qələmə və ağ vərəqlərə…

 

Tanışlıq

 

Budur, Müzahim qardaşımın tərcümeyi-halı: Müzahim İsmayılzadə 5 dekabr 1958-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində ziyalı ailəsində anadan olub. 1965-1975-ci illərdə doğulduğu Nəriman kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra iki il istehsalatda çalışıb.

1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra 1981-1984-cü illərdə təyinatla İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyində, habelə şəhər 3 №-li orta məktəbdə çalışıb. 

Azərbaycan Texniki Universitetində (1984-1990-cü illər), “Ədəbiyyat qəzeti”ndə (1990-1992-ci illər), Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunda (1992-1994-cü illər), “Həyat” (1994-1995-ci illər), “Xalq qəzeti” (1995-1999-cu illər) və “Respublika” qəzetlərində (1999-2009-cu illər) məsul vəzifələrdə çalışıb. 2009-2014-cü illərdə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində bələdiyyə üzvü seçilib, komissiya sədri olub. 2015-ci ildən Azərbaycan Dövlət Milli Arxiv İdarəsində işləyir. 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin və 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür. “Qızıl qələm”, “Araz” alı media mükafatlarına layiq görülüb. 

1988-ci ildə ailə qurmuşdur. Üç ovladı, dörd nəvəsi var.

Ədəbi yaradıcılığına gəldikdə isə onu deyə bilərəm ki, bu sahəyə orta məktəb illərində yazdığı şeirlə gəlib. İlk şeirləri 1978-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilib. Bundan sonra o vaxtkı "Komunist", "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Həyat" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Mars" jurnallarda şeirləri və nəsr əsərləri çap olunub.

Müzahim İsmayılzadənin nəsr əsərlərində tarixi keçmişimizin ağrılı problemləri əks olunub. Onun yaradıcılığında xüsusi yer tutan 2018-ci ildə işıq üzü görmüş “Sunami” romanı Sumqayıtda baş verən erməni təxribatını, bütövlükdə Azərbaycan-erməni münaqişəsinin xronikasını özündə cəmləşdirir, daşnakların törətdikləri cinayətləri əks etdirir.

“Yol”, “Mezazoyda gecikmiş toy” romanları, “Kölgəsi özünə oxşayan adam”, “Amansız, anamsız dünya” povestləri jurnalistlərin həyatından bəhs etməklə zamanın mürəkkəbliklərini əks etdirir, dövrün ictimai və siyasi, mədəni həyatını reallığı ilə göstərir. Hekayə, esse və novellalarında da müəllif üslubuna sadiq qalaraq yaşadığı illərin portretini yaratmışdır.

Müəllif “Milyon dollarlıq nahar”, “22 ildən sonrakı etiraf”, “Onda daha xoşbəxt idi”, “Ağcaqanad dərəsi”, “Hasarın o üzündən gələn səslər” və başqa nəsr əsərlərində sosial və mənəvi-əxlaqi problemlərə toxunub.

Əsərləri rus, ingilis, türk və fars dillərinə tərcümə olunub. İndiyəsək 19 kitabı işıq üzü görüb.

Tanınmış yazıçı-publisist, qələm dostumuz Vaqif İsaqoğlu 2018-ci ildə onun ədəbi irsi haqqında “Sunami”dən sunamiyə: Müzahim İsmayılzadənin söz dünyası” adlı monoqrafiya yazıb.

 

Aramızda böyük doğmalıq var

 

Bax, budur Müzahim qardaşımın genişşaxəli, əhatəli, dolğun yaradıcılığı. Nə qədər yazsaq, nə qədər bəhs etsək, azlıq edər. Gördüyünüz kimi, onun insanlığı, insani keyfiyyətləi ilə yaradıcılığı bir-birini tamamlayır. Müzahimi yaxından tanıyan bir dost kimi deyə bilərəm ki, o, bütün işlərə vaxt tapıb. Tez-tez dostları və tələbə yoldaşları ilə görüşür. Bu onun dostluğa nə qədər sədaqətli olduğunu göstərir. Biz bir müddət bir binada işlədiyimiz üçün aramızda çox böyük doğmalıq var. 

Sonda üzümü 65 yaşlı dostuma deyirəm: Hörmətli Müzahim qardaşım! Sən arzu-muradına yetişmisən. Üzərinə düşən övladlıq, yazıçılıq missiyanı uğurla, şərəflə başa vurmusan. Yazdığın hər şeir, bir hekayə, roman, povest, bir sözlə, kitab yaşadığın ömrünün bir anıdır. Bu anı yaşamasan, duymasan yazdıqların adi söz yığını olacaq. Zorla şair, yazıçı, jurnalist olmaq olmur. Əgər yazdıqların ürəkdən gəlmirsə,ürəklərə təsir etməyəcək. Sənin yazdıqların da, yaşantıların da hər kəsə bir nümunədir. Əgər sən nümunəsənsə, deməli, bütöv şəxssən. Və sənə Allahın verdiyi ömürlüyündə sonadək belə qalmağı arzulayıram.

Hörmətlə: 42 illik dostun!

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)