Bizə savaş deyil, barış lazımdır - AKTUAL

Rate this item
(0 votes)

 

Fərman Qəhrəmanov yazır

 

 

Mağazada adam az idi. Çörək alırdım. Çörəkləri götürüb  kassaya yaxınlaşdım. Mənim yanımda bir cavan oğlan peyda oldu. Kassir məndən çörəyi alıb pulunu vurmaq istədikdə o dilləndi ki, mənim növbəmdir. Kassir qadın ona tərs-tərs baxdı. Mən onunla mübahisə etməmək üçün “eybi yoxdur, onu yola salın” dedim. Adam iş paltarında idi. Yəqin haradasa məhlədə kiminsə evində işləyirdi. Mən isə bu gün işləmirəm. 

Mağazada olanların hamısı gedəndən sonra onun arxasınca danışıb onu qınadı. Kimi ona narkoman, kimi isə tərbiyəsiz dedi. Ancaq mən isə onu heç qınamadım. Əksinə, onun halına acıdım. Əvvəla onun gərgin olduğunu hiss etdim. Sonra isə onun bu gün işlədiyini nəzərə aldım. Həm də anladım ki, aramızda çox mənasız həm də faydasız bir disskusiya alınacaq. Bu diskusiya kənardan məni tanıyanların gözündə məni az da olsa  alçaldacaq. Onu kənardan tanıyanların gözündə isə onu qaldıracaq.

Evə gəldim. Sosial şəbəkədə dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin televiziya diktorunu məhkəməyə verdiyi barədə xeyli materiallar oxudum. Əvvəla deyim ki, Çingiz müəllimin (əsərlərini hələ oxumamışam, indi  oxumağa hazırlaşıram) Azərbaycan üçün çox vacib və dəyərli bir şəxsiyyət olduğu qənatində olmuşam həmişə və indi də həmin qənatdəyəm. Xüsusilə 44 günlük Qarabağ Vətən müharibəsi ərəfəsində onun ermənilərə verdiyi  sanballı cavablar və  çıxışlara görə.

Onun əsərlərini pisləyən televiziya diktorunun özünün bir televiziya işçisi kimi  səviyyəsinin nə qədər aşağı olduğu açıq görünürdü. Ola bilər, o, çıxışı ilə guya televiziya maraqlı olsun deyə çox uğursuz   "tənqiddən" istifadə edərək nəsə bir sıçrayış edəcəyini düşünürdü.

Bu barədə də ona qınaq dolu çoxlu statuslar da yazılmışdı. Əslində, bizim cəmiyyətin düşüncə tərzində cəmiyyəti inkişaf etməyə qoymayan çoxlu problemlərin olduğu,  tabuların olduğu göz qabağındadır. Lakin onun danışdıqları Çingiz Abdullayev kimi nəhəng yazıçının nüfuzunu və ya onun titulunu zərrə qədər aşağı sala bilmək iqtidarında deyil. Əgər Çingiz müəllim o qızı məhkəməyə verməsəydi.... Mənə elə gəlir ki, o bunu elə o qız səviyyəsində olan bəzi oxucularının rəylərinin təsiri ilə edib. Çünki böyük yazıçıların kiçik adamlardan  müdafiəyə ehtiyacları yoxdur. Onlar həmişə tanrının çətiri altındadırlar.

Hər bir ziyalı, xüsusilə yazıçı öz xalqını sevməli, onun qüsurlarını sevərək islah etməyi bacarmalıdır. Cəmiyyətin ağılsızlıqları, çatışmazlıqları ilə hər bir toqquşma yazıçı üçün yeni bir böyük əsərin ərsəyə gəlməsinə səbəb olmalıdır, nəinki ruh düşkünlüyünə, cəmiyətin daxilndə mənasız diskusiyalara, parçalanmalara, nə bilim vallah daha nələrə səbəb olmağa.

Uğurlar arzu edirəm həm Çingiz müəllimə,  həm də o diktora. Deyəsən barışıblar.

Bu gün bizim cəmiyyətə BARIŞ lazımdır. 

CƏMİYYƏTDƏ BARIŞIN TAXTDA OLMASI ÜÇÜN İSƏ GÜCLÜLƏR HƏMİŞƏ ZƏİFLƏRƏ GÜZƏŞTƏ GETMƏYİ BACARMALIDIRLAR.

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)