Bu dəfə akademik Teymur Kərimlinin 70 illik yubileyinə töhfə

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Görəsən ölkənin ən fəal kitabxanası olan, tədbirləri daim sıralayan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından nə xəbər var? 

Kitabxana ilə əlaqə yaratdıq və məlumat aldıq ki, kitabxananın əməkdaşları tərəfindən filologiya elmləri doktoru, professor, akademik, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Dövlət mükafatı laureatı Teymur Kərimlinin 70 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

 

Nələr var bu bazada? 

İlk öncə Teymur Kərimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın, akademikin 70 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Qərarının və akademik Teymur Kərimlinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təşəkkür məktubunun tam mətni var. 

Eyni zamanda, bazada Teymur Kərimlinin həyat və elmi fəaliyyəti, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, müdafiə etdiyi elmi tədqiqat işləri, tərtib etdiyi kitablar, rəhbəri və məsləhətçisi olduğu elmi tədqiqat işləri, tərcümələri, məqalələri, müsahibələri təqdim edilir.

Elektron məlumat bazasında “Klassik ədəbiyyatın müasir tədqiqatçısı”, “Klassik ədəbiyyatımızın xiridarı” kimi bölmələrlə yanaşı, akademikin Azərbaycan və rus dillərində çap olunan əsərləri, Zəfər tarixi, şanlı Qələbə mövzusunda qələmə aldığı şeirlər də yer alır. Məlumat bazasında akademikin filmoqrafiyası, video və fotoqalereyası da sərgilənir.

Qeyd edim ki, Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvanda - Ordubad rayonunun Nürgüd kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib, ali təhsilini BDU-nun filologiya fakültəsində alıb, Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləyib. 1977–1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. 

1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı” mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)