ÇİRKLİ ƏL və ya konfet kağızına bükülmüş zəhər Featured

Rate this item
(0 votes)

Əkbər Qoşalı yazır

 

Yəqin “beşinci kolon”dan dad eləyən yeganə ölkə biz deyilik; ancaq necə deyərlər, od düşdüyü yeri yandırar. Bizdə “beşinci kolon” andıra qalmış birdirmi, beşdirmi? – Rusiya, İran, Amerika, Avropa və daha haralar... Elə bil bir-biri ilə yarışdadırlar. Bizim başıboş, könlüdarlar da onların torunda... “Beşinci kolon” toruna özün düşdün yaxud itələndin – elə də prinsipial fərqi yoxdur; məsələ o ki öz doğma dövlətinin deyil, başqa bir dövlətin xeyrinə çalışır, zehnü-zəhmət sərf edirsənsə, sən artıq vətəndaşlıq ruhunu zədələmisən... Bax, bu cümlələrdən sonra mənə irad tutula bilər ki, həm başıboş deyir, həm də zehnü-zəhmətdən söz açırsan... –

Başıboş olmayan adam ona aşılanmış “təlim-tədris”in, sabun köpüyünün, məqsədli yönləndirilmələrin qalstuklu qara fəhləsi olmağı özünə niyə rəva görsün ki?

Başıboş olmayan adam hər hansı miqdar olur-olsun maddi gəlir qarşılığında başqa dövlətlərin, yabançı qrupların çıxarına çalışarmı ola heç?

Əlbəttə, burada başıboşluqdan daha çox vətəncanlı olmamaq, öz dövlətinə, dövlətçiliyinə könüllə bağlı ola bilməmək daha aparıcı rola malikdir. Lakin könlün yoxdu – cəhənnəm; bəs ağlın da yoxdurmu? – Niyə düşünməyəsən ki, bu günün sabahı vardır?.. – Dövlət baba görür, Dövlət baba bilir. Dövlət baba nə olsun ki dözür, axı elə o dözümün özü də Dövlət ağlına aiddir; Dövlət babanın sığal çəkən barmağı da var, vuran əli də... Hər kəs bilir, o barmaqlar yumulub Dəmir Yumruq olunca qarşısındakı bütün “kolon”ları viran edir. – Mövzudan mövzuya keçmiş olmayaq, cəmi üç il öncəyədək danışıqlar, danışıqlar və yenə də danışıqlar haqqında eşidirdik, görürdük. Ustad QABİL “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirində belə yazırdı:

“İşğal altında qalır torpağımız-daşımız,

Nələr görmür gözümüz, nələr çəkmir başımız.

Qarışıb bir-birinə baharımız-qışımız.

Çadır göstərmək olub hər çatana peşəmiz…

Sərgi olmasın deyə bu Mil-Muğan düzləri

Ümid sənədir ancaq, Azərbaycan əsgəri”!..  

 

Bəli, danışıqlar uzandıqca, imzalanan qətnamələr kağız üzəri qalınca, dəyirmi masalarda izi qalan dirsəklər dayağa dönəcək, o dirsək, o bilək, o əl və barmaqlar öz tarixi missiyası üçün vəhdəti-vücud olacaqdı, əlbət; oldu da!

Bunları nəyə görə vurğulayıram? – Bütün digər “beşinci kolon”ları unutmasaq da, yaxşı “kolon”, pis “kolon” fərqi qoymasaq da, son günlər ABŞ-a bağlı “beşinci kolon”un daha çox diqqət mərkəzində olduğunu görməkdəyik. Bunlara davamlı irad tutsanız ki, Azərbaycan Silahlı Qüvvələrində xidmətdən yayınanla işbirliyindəsiz, bu dəfə arayıb-axtarıb illa bir “yayınmamış” bulmuş olacaq və guya işi sağlama almış kimi davranacaqlar. Qayıdıb desəniz ki, bəs siz cinsi azlıqlarla, nə bilim alt paltarını bayraq edənlərlə, (çox üzr istəyirəm) cinsi orqanını “azad zona” statusunda təqdim edənlərlə əməkdaşlıq edirsiz, eşələyib-eşələyib, bu dəfə bir “dindar” bula biləcək, onun üzərindən “cavab” verəcəklər, baş qatacaqlar... Mövzudan uzaqlaşmadan bir məqamı yada salaq və sual verək: Amerikanın Fətullah Güləni hələ də Türkiyəyə təhvil verməməsi hansı sağlam məntiqlə yorumlana bilər?

Bax, Amerikanın siyasəti belə macəra doludur...   

 

Təzə abzasdan başlayaq:

ABŞ öndə olmaqla “tək dişi qalmış” Batı mərkəzləri müstəqil Azərbaycanda öz agentura şəbəkəsini genişləndirmə ehtiyacı duyarkən, təkrarçılıq olmasın, məhz hansısa dəyərləri, demokratiyanı, söz, vicdan azadlığını istismar etmiş olur. Guya dəyər peşindədirlər. Ay hay! Şair demiş, “kimi aldadırsan, a zalımoğlu”? 

Atalar demiş, hər ziyanda bir xeyir var. – Ərazilərimizin işğalı uzun çəksə də, çox zülümlər görüb, itkilər versək də, o məşəqqətli illər hər kəsin iç üzünü bizə açıb göstərdi. Az-maz daldalananlar da, 44 günlük müharibədə, Azərbaycanın tarixi Zəfərinə, antiterror tədbirlərinin nəticələrinə münasibətdə öz-özünə tam ifşa olundu. İndi kimsə durub bizə dəyərlər arxasından oyun oynamasın. – Çünki bilirik, qəşəng bilirik kim kimdir, nə nədir, hara haradır... 

İndi şəstlə deyirik, konkret sözünüzü deyin, cavabınızı alın – daha hansısa pərdə arxasında gizlənməyə, çirkli əlinizdə konfet kağızına bükülmüş zəhər tutmağınıza gərək qalmayıb...

 

Bir də axı “BeşinciKolon”zadələr özləri etdiyi günahları, suçları, cinayətləri unuda, unutdura bilməz! Onların “usta”lıqla törətdiyi əməllərdə sanki varis biziymişik kimi davranmaqla səbatsızlıq etmiş olurlar. Dünyanı qan çanağına döndərən, şüurlu yalanlar yayaraq beynəlxalq ictimai fikri çaşdırıb, Bağdad kimi şəhəri bombalayan, İraqı viran qoyan, Əfqanıstanı neçə il geri salan, Suriyanı, Liviyanı..., daha haraları cəhənnəmə çevirənlər bizə nəynən örnəkdir?.. Dustaqları çılpaq saxlayıb, üstünə it qısqırtmaqlamı?  Yoxsa, Amerika özünün Quantanamo həbs düşərgəsi (“Guantanamo Bay detention camp”) iləmi “unudulmaz irs” yaradıb? Bəlkə, belə bir qətnamə qəbul etsinlər: “Amerikaya və dostlarına hər şey caizdir, onlar Yer üzünün hər yerində hər nə istəsələr edə bilər”. Bax, bu, əsl “XXI yüzil Amerika  yanaşması” olardı, hər kəs də işini bir dəfəlik bilərdi.

 

ABŞ səfirliyi müxtəlif QHT-lər, ictimai fəallar üzərindən gənclərə, tələbələrə odaqlanaraq, yeni “yuyulmuş beyinlər” əldə etmək istəyir, eləmi? Bacaracaqlarmı? Məncə, boyat Amerika reseptləri, azadlıq dəyərləri ilə pərdələnib pulla ələalmalar daha dərinə işləməyəcək...

Əlbəttə, bizim müvafiq sahəyə məsul qurumlar da qollarını təzədən çırmalayıb, yeni ruhla, inam və sədaqətlə işə girişməlidir. Biz gənclərimizi, tələbələrimizi özümüz maraqlandıraq, örnəyi, Gənclər Evlərimiz fəal olsun, xidmətlər əlçatan, ün yetən olsun. Nə bilim, Gənclər Evləri, Olimpiya Mərkəzləri, Regional Gənclər-İdman idarələri aşıb-daşsın. – Əgər belədirsə, daha da güclənsin. 

Gənclər təşkilatlarımız, ümumən QHT-lərimiz milli donor institutlarımızdan daha güclü dəstək görsün. Milli donor institutlarımız köklü gələnəyi olan vətəndaş cəmiyyəti institutları öndə olmaqla, salamat ictimai birliklərimizi “mənimki”, “səninki”, “ötəki” demədən, bağrına basmalıdır. İşi iş bacaranlara – yəni qrantı əsl layihə icra edə bilənlərə vermək lazımdır əsasən. Özəlliklə, xarici donor qurumlarından məhz milli yönümünə, nizamnamə prinsiplərinə, fəaliyyət gələnəklərinə görə qrant ala bilməyən, amma bacarıqları şübhə doğurmayan QHT-lər sol əlin çeçələ barmağı ilə tutulmamalıdır. Abır-həya gözləyən ictimai liderləri görməzdən gəlmək lazım deyil. Məncə, bu kimi məqamlarda bir meyartək, II Qarabağ müharibəsi dönəmində ölkəxarici ictimai xadimlərlə işiylə, haqq işimizə gerçək dəstəklə seçilmiş QHT-lərin iş təcrübəsi də, problemləri də öyrənilməlidir, Qoy, bir ictimai dinləmə, lap qapalı dinləmə keçirilsin və babat maliyyə ayrılmış QHT-lərdən uhulət-suhulətlə soruşulsun: “Azərbaycana neçə dost qazandırmısız? 44 günlük müharibədə sizin vasitənizlə neçə dəstəkçimiz meydandaydı” və s.? Bilməm, anlata bildimmi...       

 DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)