Kirayə arzular

Rate this item
(0 votes)

Ülviyyə Heydərova yazır

 

 

2016-cı ildə "Kirayə arzular" adında avtobioqrafik romana başlamışdım. Bu, kirayə qaldığım evlər və otaq yoldaşlarım haqqında idi. O vaxtı sayca onuncu evdə idim, indi on dördüncü evdəyəm. 

 

Həm işlər çox oldu, həm də düzü, həvəsdən düşdüm. Adətən mən yazının finalını öncədən bilirəm deyə, rahat yazıram. Bircə "Kirayə arzular"ın finalını bilmədiyimə görə əsəri yarımçıq saxladım. 

Əzizlərim, dünən "Kirayə arzular"ın gözəl finalı oldu. Azərbaycan Yazıçılar Birliyi bəzi üzvlərini, o cümlədən də məni - 24 ildir kirayələrdə arzularla yaşayan insanı bir otaqlı mənzillə təmin etdi. Kirayə evlərdə nə qədər qızdırıcı olsa belə insan içdən isinmir. Çünki orda təkcə bədənin yox, ruhun da üşüyür. Xalq yazıçı Anara  nə qədər təşəkkür etsəm yenə azdır. Ona bir ömür minnətdaram! Çünki o, mənim 24 illik həsrətimə son qoydu. 

Ömrümdə ikinci dəfə idi ki, sevincdən ağlayırdım. Bir Şuşa işğaldan azad olanda, bir də evlə bağlı xəbəri eşidəndə. Çünki hər ikisini illərlə arzulamışam. Hətta dostlarım, doğmalarım da bu xəbəri eşidəndə göz yaşlarını saxlaya bilmədilər. 

Ev xəbərini eşidəndə əziz dostum Günel Eminlini düşündüm, onun ruhunun nə qədər şad olduğunu hiss edirəm. Eminesko elə mən qədər bu evi arzulayırdı. Bax, indi sağ olsaydı, səhər açılandan yüz dəfə zəng edərdi, tort alıb bizə gələrdi...   

Əziz dostlar, tam əminliklə bilirəm ki, mənim sevincim sizin də sevincinizdir. Bayaqdan bu sevincin şahidi oluram. Bilirəm ki, əlacınız olsa, məni təbrik etmək üçün sabah yeni evimə gələrsiniz. Amma bunun üçün bir qədər (ya bir il, ya iki il) səbr eləməli olacaqsınız. Əvvəla bina hələ təhvil verilməyib. İkincisi mənzil təmirsiz veriləcək. Təmir qiymətlərinin nə qədər yüksək olduğunu bilirsiniz. Deyirlər, evlənənlə, ev tikənin işini allah düzəldir. Allah mənə də kömək olar. 

Əzizlərim, təbriklərinizə görə hər birinizə ayrılıqda sonsuz təşəkkürlərimi bildirirəm. Ev arzusunda olan nə qədər dostlarım var. Allah onları da tezliklə sevindirsin! Var olun!

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)