Mahnı Teatrında ustad sənətkar Hüseyn Bozalqanlının anadan olmasının 160 illiyi qeyd olunub

Rate this item
(0 votes)

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə görkəmli saz-söz ustadı aşıq Hüseyn Bozalqanlının anadan olmasının 160 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Hüseyn Bozalqanlının keçdiyi ömür yolundan və ustad sənətkar kimi yaradıcı fəaliyyətindən söz açıb. Qeyd edib ki, Hüseyn Bozalqanlı kiçik yaşlarından saza-sözə bağlanıb və on iki yaşından etibarən şeir yazmağa başlayıb. Eyni zamanda, məşhur aşıqların – Mirzə Bayramov, Qədir İsmayılov, Vəli Bozalqanlı, Ələkbər Əsgərov və başqalarının müəllimi olub.

 

Bildirilib ki, Tovuzun Bozalqanlı kəndində anadan olan Hüseyn Bozalqanlı mədrəsədə təhsil aldığından ərəb və fars dillərini mükəmməl bilib. Azərbaycan aşıqlarının I və II qurultaylarında mötəbər qonaq kimi iştirak edib. Bozalqanlı 1941-ci ildə Tovuzda vəfat edib. Bu gün Tovuzda fəaliyyət göstərən Aşıq Muzeyi uzun illərdir ki, bu böyük sənətkarın adını daşıyır.

 

Tədbirdə aşıqlar müxtəlif saz havaları üstündə Hüseyn Bozalqanlının şeirlərini ifa ediblər.

 

Sonda ustad aşıq, Əməkdar mədəniyyət işçisi Əli Quliyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)