Rus imperiyası ilə döyüşən Məmməd Sadıq Aran

Rate this item
(0 votes)

Nəsiman Yaqublu yazır

 

“Ədəbiyyat və incəsənət” portalı professor Nəsiman Yaqublunun Qərbi Azərbaycanla bağlı növbəti araşdırmasını təqdim edir. 

 

Məmməd Sadıq Aran  – Çar Rusiyası dövründə Qarabağ Vilayətinin Zəngəzur Qəzasının Sisyan bölgəsində, Rud – Bazarçay kəndində anadan olub. Alxanlı tayfasına mənsubdur.

İlk təhsilini kəndlərində almış, ərəb, fars dillərini öyrənmişdir. Bir müddət Naxçıvanda Rüşdiyyə məktəbində oxumuşdur.M.S.Aran sonradan Bakı Ali Pedaqoji İnstitutunda da təhsil almışdır.

Türkiyəyə getdikdən sonra İstanbul Universitetində Ədəbiyyat fakultəsində iki il oxumuş, eyni zamanda məktəblərdə müəllimlik etmişdir. Sonradan Finlandiyaya getmiş və orada bir il Helsinki Universitetində oxumuşdur.

M.S.Aran rus dilini də mükəmməl öyrənmişdir. O, klassik Azərbaycan musiqisinə də dərindən bələd olmuşdur.

M.S.Aran 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü olaraq müstəqil dövlətçiliyimizi müdafiə etmişdir.

1920-ci ilin 27 Aprelində, Rusiyanın Azərbaycanı işğalından sonra M.S.Aran yaxın dostları ilə gizli təşkilatda çalışmış, sovet rejiminə qarşı mücadilə etmişdir.

Sonradan gizli olaraq İstanbula getmiş, buradakı Milli Azərbaycan təşkilatı ilə əlaqə yaratmış, geri qayıtdıqda Tiflisdə həbs edilmişdir.

Həbsxanada ağır işgəncələrə məruz qalan M.S.Aran məcburiyyətdən özünü “dəli” kimi aparmış, buna uyğun xəstəxanaya salınmış və tezliklə oradan qaçmağı bacarmışdır. M.S.Aran 1923-cü ildə İrana, 1924-cü ildə isə buradan Türkiyəyə getmişdir. Trabzonda bir müddət müəllimlik etmiş, sonra İstanbula getmiş, mətbuat, sosial və iqtisadi sahələrdə Azərbaycan istiqlal mücadiləsinin dəstəkləmişdir. O, eyni zamanda, əsası M.Ə.Rəsulzadə tərəfindən əsası qoyulmuş Azərbaycan Milli Mərkəzində də çalışmışdır.

M.S.Aran Türkiyədən Finlandiyaya getmiş, burada İdil – Ural türklərinin uşaqlarını oxutmaq üçün bir məktəb açmış, türkcə və fincə “Yeni Turan” adlı qəzet nəşr etmişdir.

Finlandiyadan İstanbula qayıdan M.S.Aran burada iki ilə qədər “Ulus” və “Cümhuriyyət” qəzetlərində çalışmışdır.M.S.Aran eyni zamanda “Azəri Türk”, “Türk Yolu”, “Ergenekon Yolu” adlı jurnalların da redaktoru olub.

Türkiyədə “Türk Kültürüünü Araşdırma İnstitutu”nun yaradılmasında M.S.Aranın da xidmətləri vardır.

O, “Sənan” və s. imzalarla da yazılar çap etmişdir.

M.S.Aranın aşağıdakı kitabları da nəşr edilib:1. İran Türkləri. İstanbul, 1942;2. Türkün Altun Kitabı. İstanbul, 1944;3. Ergenekon yolları (şeirlər). Ankara, 1952.

M.S.Aran  1971-ci ildə İstanbulda vəfat edib, “Fəriköy” məzarlığında dəfn olunub.

 

M.S.Aranın böyük mütəfəkkir Ü.Hacıbəyli haqqında olan yazısını oxuculara təqdim edirəm.

 

 

Məmməd Sadıq Aran

 

BÖYÜK  BİR  SƏNƏT  USTADI

 

(Mərhum Üzeyir Hacıbəyli)

 

Azərbaycanda opera və operet sənətinin qurucusu, böyük ustad Üzeyir Hacıbəyli 1948 ilbaşında Azərbaycanın başkəndi Bakıda vəfat etmişdir

Bu böyük qayıp (itki) münasibətiylə mərhumun həyatı və əsəri haqqında bəzi qaynaqlardan əldə etdiyimiz bilgiyi oxuculara sunmaq və xatirəsini təziz(sevgi ilə anma) etməyi milli bir ödəv (borc) sayarız.

Azərbaycan türklərinin yetişdirdiyi böyük kompozitor (bəstəkar) Üzeyir Hacıbəyli 18 eylül(sentyabr) 1985 ilində  Qarabağda, Ağcabədi köyündə dünyaya gəlmişdir. İlk təhsilini bitirdikdən sonra öyrətmən okuluna (məktəbinə) daxil olur. Bu okulu da başarilə bitirərək öyrətmənlik məsləkinə girir. Fəqət, musiqiyə olan yüksək qabiliyyət və coşqun həvəsi, onu orijinal opera əsərləri yaratmağa və nəticədə kəndini tamamilə səhnə və musiqi aləminə verməyə sövq edir.

Bir şeir və musiqi beşiyi və qaynağı olan Qarabağ mühiti, onu ta kiçik yaşından bəri musiqi sənətinə bağlamışdı. Yaradılışındakı yüksək istedad da nəhayət onu son Azəri Türk sənət aləminin ən şərəfli və yüksək şahiqəsinə (zirvə,yüksək) çıxardı. Bilindiyi kimi, bir milləti yaşadan, ona ruhi qida verən tükənməz qaynaqlardan biri də musiqidir. Azərbaycan musiqisi də Azərbaycan ölkəsi qədər çox əski bir tarixə malikdir. Bu mücadiləci türk xalqının könül oxşayan musiqisi, böyük sənətkarları və kompozitorları(bəstəkarları) vardır ki, mərhum Üzeyir Hacıbəyli bunlar arasında ünlü bir yer işğal edirdi.

Çağdaş musiqi aləminin dəyərli və şöhrətli bir təmsilçisi olan bu sənətkar Batı Avropa musiqi teknikilə mücəhhəz (hazırlanmış,hazırlıqlı) olduqdan sonra, bu tekniki Azərbaycan xalq musiqisinə təşmil(genişlənmə,yayma) edərək, çox iyi bildiyi folklor örnəklərilə bərabər orijinal səhnə əsərləri yaratmağa müvəffəq olmuş, bütün həyatını Azərbaycan türklərinin musiqi və tiyatro sənətinin yüksəlmə və gəlişməsinə vəqf etmişdir.

O, gənc yaşlarında belə musiqinin xalq üçün nə qədər böyük bir tərbiyət dəyəri olduğunu anlamışdı. O, bu gözəl sənəti könlünün sönməyən atəşilə qorumuş, gür bir pınar kimi coşqun ilhamını və bütün qabiliyyətini bu yolda qullanaraq Azərbaycan musiqisini bu günkü yüksək səviyyəyə ulaşdırmışdır (çatdırmışdır). Bu qədərini söyləmək kafidir ki, onun yaratdığı “Koroğlu” operasında Bakı tiyatro səhnəsi 500 (beş yüz) kişilik bir artist qrupunu sığdıra biləcək qədər gəlişmişdir.

Çox səmimi bir yurdsevər və milliyətsevər olan mərhum Üzeyir bəy, milli Azərbaycaan Cümhuriyyəti dövründə bir yandan sənətinə davam edərkən, ötə yandan da yarı rəsmi türkcə “Azərbaycan” qəzetəsinin başyazarı sifətilə siyasi məqalələr yazardı.

Musiqi və sənət bilgisini tamamlamaq və imtahan vermək üçün çarlıq dövründə Peterburqda (bugünkü Leninqrad) bulunurkən Bakıdakı dostlarından məşhur artist Hüseyinqulu Sarabskiyə yazdığı bu məktubda böylə deyirdi: “... Mənim çalışdığım onun üçündür ki, gələcəkdə tiyatro işini öylə bir duruma və şəklə qoyalım ki, yalnız Bakıda və ya Qafqasyada deyil, bəlkə hər yerdə tiyatro verməyə imkanımız olsun. Fəqət, bir az bəkləmək və zəhmət çəkmək icap(gərək, lüzum) edir. Mən Bakıdaykən kəndi əsərlərimin kəndi əsərlərimin qədrini bilmiyirmişəm. Burada öyrəndim ki, mənim əsərlərim gələcəkdə böyük bir iş görəcəkdir”.

Əvət, Üzeyir bəy istiqbalı görür və dərin bir sevinc duyurdu. 1908 sənəsində başladığı bu yüksək səhnə işində o, xalqa istinad edirdu. Xalq kütləsinin ən iyi tənqidçi və seyirci olduğunu anlayırdı. Bundan ötürü də o, xalq musiqisi, onun əsaslarını və bu uğurda uzun  illər sərf etdiyi əmək nəticəsində: “Azərbaycan musiqisinin əsasları” adlı çox olğun və dolğun bir elmi əsər vücuda gətirmişdir. Nə yazıq ki, bu əsər bugün əlimizdə bulunmur.

1907-1914 illəri  arasında: “Leyli – Məcnun”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab” operalarını, ayrıca “Ər və arvad”, “O olmasın bu olsun – Məşədi İbad”, “Arşın mal alan” komedi operetlərini yazmışdır.

“Arşın mal alan” komedisi çox şöhrət bulmuş və 34 yabançı(xarici) dilə tərcümə edildiyi kimi filmlərə də alınmışdır.

Böyük sənətkarın çalışmalarına ilk zamanlarda əngəl olmaq istəyən köhnə qafalılar, musiqi və tiyatronun tərbiyəvi önəmi olmadığını iddia edirlərdi. Üzeyir bunlara verdiyi cavabda (1917 də) böylə deyirdi: ”Opera, operet və başqa musiqili dram əsərlərinin tərbiyəvi önəmini, əsassız olaraq bu qədər israrla təkzib etmək, bir yandan tiyatro sənəti haqqında xalq zehniyyətində mənfi təsir və tərəddüd oyandırmağa səbəb olur, ötə yandan da musiqi sənətilə məşğul olmaq istəyən gənc müslümanları həvəsdən düşürür. Siz, ümumiyətlə musiqi əsərlərinin tərbiyəvi əhəmiyətini nəyə istinadən yalanlayır və əzimsiyirsiniz?”

Üzeyirin ilk musiqili əsəri “Leyli və Məcnun” operası 25 ocaq(yanvar) 1908 tarixində səhnəyə qondu (qoyuldu). O zamankı “Sədayi-Haq” qəzetəsi bu əsər haqqında bunları yazırdu: “Xalq arasında çox yayılan bu mübaliğəli eşq hekayəsi nəhayət tiyatro səhnəsinə çıxmaqla çox dağınıq olan şərq musiqisini bir yerə toplayıb onun məzbut (nizama salınmış, möhkəmlənmiş) bir musiqi qaidələri üzərində təməlləşməsinə əsas vəz etmiş oldu”.

Üzeyirin son əsərlərindən “Koroğlu” operası ən yüksək dəyərdə həşmətli bir sənət abidəsidir. Müəllif bu əsərində xalqın zülmə, ədalətsizliyə qarşı mücadilə ruhunu canlandırır, yurduna, millətinə bağlılığını ifadə edir.

Böyük sənətkar həyatında və əməlində, maddətən və mənən müvəffəq olmaq bəxtiyarlığına nail olmuşdur. Yalnız həyatın son illərində  sovet – rus – kommunist idarəsinin qaba müdaxiləsilə qarşılaşmaq və əsərlərini onların ismarlamasilə təbdil etmək, orijinalitəsini gidərmək surətilə notaya çevirməyə məcbur tutulmuşdur. Rus əskərlərin “Zəfər marşı”, “Stalinə salam” və s. kimi ismarlama şeylər də yazmağa zorlandı və bu acıları duyaraq gözlərini həyata qapadı.

Üseyir yalnız bir musiqi alimi və bəstəkar deyil, eyni zamanda istedadlı bir dramaturq, mühərrir və felyetonçudur da. Bir çox opera və operetlərini bizzat(şəxsən,özü) kəndisi yazmış və bəstələmişdir.

Olğun bir yaşda yüksək sənət əsərləri yaradacağı bir sırada Üzeyir Hacıbəylinin ölümü türk sənət aləmi üçün çox böyük bir qayıpdır(itkidir). Azərbaycan türklərinin ictimai həyat tərəqqisində çox böyük təsir və əməyi bulunan o böyük ustadın əziz ruhu önündə sayğı ilə əyilirəm!

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)