Türkün iki ulusu Featured

Rate this item
(31 votes)

Əsgər İsmayılov, “Ədəbiyyat və incəsənət” üçün

 

Xəlil Rza Ulutürk şəhid oğlu - Təbrizin dünyaya gəlişini belə qeyd edirdi:

 

Qoy sənə doğulan günəş deyim ki,

Nurunla açılan al səhərəm mən.

Yeddi il yol gələn, a mənim ilkim,

Gəldiyin yollara gül düzərəm mən.

 

Şeirin bu bəndindən görünür ki, övladının sabahkı şəhidlik zirvəsinə ucalacağını şair öncədən hiss edirdi. Bunu mistikaya yox, uzaqgörənliyə bağlamaq lazımdır.

Xəlil Rza Ulutürk yaradıcılığını oxuduqca sanki digər bir şəhidimiz general Polad Həşimovdan xəbər verir:

 

Torpaq cənnət ola bilər, yaxud dönər cəhənnəmə yavaş-yavaş.

Sən Dəmirləş! Sən POLADLAŞ!

 

Ulu şairimizin "Yavaş-yavaş" şeiri mənəvi varlığı ilə əbədiyyət qazanan, lakin fiziki yoxluğu ilə bizlərdən uzaq düşən Polad Həşimova yazılıb. Bunu da mistikaya yox, uzaqgörənliyə bağlamaq lazımdır. Çünki şair bu vətənin igid ərlərinin: Poladların, Mübarizlərin, Ramillərin həmişə var olacağından əmin idi:

 

Azadlıq istəmirəm bir həb gibi, dərman gibi

İstəyirəm

SƏMA gibi,

GÜNƏŞ gibi, CAHAN gibi!

 

Hər dəfə bu misralara göz gəzdirəndə azadlıq şairi Xəlil Rza Ulutürkün xalq qarşısındakı misilsiz hizmətini xatırlayıram. Ən çətin dönəmlərdə, azadlığa aparan yollarda Xəlil Rza Ulutürk hər zaman ön cəbhədə oldu. Bugünkü "Azadlıq meydanının" azadlıq şairi öz əsgərlərinə - xalqına, general - şair olmağı şərəflə bacardı.

Od püskürən nitqi, qılıncdan kəsərli şeirləri ilə düşmən bağrına od ələyən şairimizin ədəbi mühitdəki yorulmazlığının, meydandakı şücaətinin davamını, hərb sahəsindəki uğur və bacarığı, səngərlərdəki misilsiz qəhrəmanlığı ilə Polad Həşimov davam etdirdi.

Ədəbiyyat generalı ilə hərb generalını səbəbsiz yerə eyniləşdirmədim.

Xəlil Rza Ulutürk bütün çətin dönəmlərdə xalqın önündə idisə, Polad Həşimov düşmənlə hər döyüş zamanı əsgərlərinin önündə idi.

Xəlil Rza Ulutürk meydanlarda Qarabağ dərdinə haqq səsini ucaldırdısa, Polad Həşimov səngərdə bu mübarizəsini davam etdirirdi.

Türk şairi Xəlil Rza meydandakı kəsərli çıxışları ilə siyasi - ictimai natiq sayılırdısa, türk generalı Polad Həşimov isə hərbi natiq idi.

Bir sözlə, hər iki böyük azərbaycanlı AZADLIQ üçün çarpışır, amalları isə bu şeirdəki kimi üst-üstə düşürdü:

 

Döyüşüm qəbrətək davam edəcək

Sevindirmək üçün yurdu, bəşəri

Dəmiri doğrayan polad qayçıtək

Mənim hər addımım şəri kəsəcək.

 

Polad Həşimov vətənə xidmətinə, sonsuz sevgisinə kimi öz əməllərindəki paklıq, niyyətindəki saflığa qədər Polad adının haqqını ödəmiş əsl vətəndaş, qorxmaz hərb adamı idi.

Ulu Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm…

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)