Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xalqlar arasında mədəni mübadilələrə mühüm töhfələr verir

Rate this item
(1 Vote)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrəyə səfəri çərçivəsində Türkiyənin İsveçrədəki səfiri Ece Acarsoy ilə görüşüb.

 

Bu barədə Fonddan məlumat verilib. Görüşdə fondun himayəsi altında qurulan və 7 ölkəni - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən peşəkar qadın sənətçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun kollektivi iştirak edib.

Görüşdə fondun Türk dünyasının mədəniyyətinin qorunması və təbliği yönündə genişmiqyaslı fəaliyyətindən bəhs olunub. Fondun bu istiqamətdə müxtəlif xarici ölkələrlə, o cümlədən Avropa ölkələri ilə aktiv əməkdaşlığı vurğulanıb.

Fond ilə Azərbaycanın İsveçrədəki səfirliyinin birgə təşkilatçılığı ilə bu ölkədə Türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin keçirilməsinə diqqət çəkilib. Tədbir çərçivəsində Azərbaycanın Əməkdar artisti, pianoçu Turan Manafzadənin bədii rəhbəri olduğu “Yeddi gözəl” musiqi qrupunun uğurlu ifalarının İsveçrə auditoriyası tərəfindən böyük rəğbət və alqışlarla qarşılandığı bildirilib.

Eyni zamanda, fond tərəfindən Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi çərçivəsində təşkil edilmiş və il ərzində planlaşdırılan tədbirlər haqqında söhbət aparılıb. Təşkilatın ümumtürk mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə həyata keçirdiyi layihələrin ölkələr və xalqlar arasında mədəni mübadilələrə mühüm töhfələr verməsi yüksək qiymətləndirilib.

Görüş perspektivdə görüləcək işlərlə bağlı müzakirələrlə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)