İraq türkmanları AYB-də oldular

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Əli Nəcəfxanlının Azərbaycan Yazıçılar Birliyində keçirilən tədbir barədə yazısını təqdim edir. 

 

Bakı Beynəlxalq Multikulturalizm və Beynəlxalq Münasibətlərin Təhlili mərkəzlərinin birgə keçirdikləri “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə Azərbaycan Yazıçılar Birliyində maraqlı görüş olub. 

Tədbiri açan AYB sədr müavini Rəşad Məcid qonaqları salamlayaraq, qardaş xalqlarımızın ədəbi əlaqələrinin dərin kök­lərindən söz açdı. Sonra o, Kərkük Kültür Dərnəyinin rəhbəri, ünlü yazar Şəmsəddin Küzəçinin təkrar nəşr kimi hazırlayaraq Ankarada çap etdirdiyi “Rəsul Rza: Uzaq ellərin yaxın töhfəsi” kitabını təqdim etdi.

Yeni nəşrin redaktoru və “Ön söz”ü­nün müəllifi – filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzən­fər Paşayev unudulmaz Xalq şairi Rə­sul Rzanın zamanında geniş əks-səda doğurmuş “Uzaq ellərin yaxın töhfəsi” məqaləsi haqqında ətraflı məlumat verdi. 

O bildirdi ki, Azərbaycanın görkəmli şai­rinin həmin məqaləsi 60-cı illərdə “Azər­baycan” jurnalında çıxandan sonra geniş əks-səda doğurub. Hətta İraq türkman­larının öndə gələn ziyalısı, folklorşünas alim Əbdüllətif Bəndəroğlu baş yazarı ol­duğu “Qardaşlıq” dərgisinin ardıcıl olaraq 6 sayında həmin məqaləni çap etdirmiş­di. İndi isə Şəmsəddin Kuzəçi məqaləni kitab halında çıxararaq, İraqda yaşayan soydaşlarımıza, həmçinin qürur və gü­vənc yerimiz olan türkiyəli qardaşlarımı­za ərməğan edib. Bunu əlamətdar hadisə sayan görkəmli ədəbiyyatşünas həm də bildirdi ki, böyük Azərbaycan sevdalısı olan Şəmsəddin Kuzəçinin bu yaxınlarda AMEA-nın fəxri doktoru seçilməsi fərəhli hadisədir. 

AYB-nin sədri, Xalq yazıçısı Anar Rəsul Rza yaradıcılığına olan həssas münasibətdən, kitabda bir çox müəl­liflərin şairin poetik özəllikləri barədə məqalələrinin toplanmasından məmnun­luğunu bildirdi. Ardınca Anar mərasim iş­tirakçılarına bir xoş xəbəri də çatdıraraq dedi ki, indicə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Rəsul Rza Fondunun sədri, akademik Rafael Hüseynov zəng edərək, Şəmsəddin Kuzəçinin bu il üçün Bey­nəlxalq Rəsul Rza mükafatına təqdim olunacağını bildirib. 

Şəmsəddin Kuzəçi diqqətə görə min­nətdarlıq edərək, Rəsul Rzanın iraqlı qardaşlarımıza diqqətinin nəticəsi olan məqaləsi əsasında hazırladığı kitabın üzərində apardığı yaradıcılıq işindən bəhs etdi. O, həmçinin qədirbilənliklə xa­tırladı ki, Rəsul Rzanın 80-ci ildə qələmə aldığı “Yaralı Kərkükün bugünkü xoryat və maniləri” silsilə şeirlərini də oradakı soydaşlarımız sevə-sevə oxuyurlar. Ki­tabın müəllifi qardaşlıq əlaqələrimizin, mədəni və ədəbi ünsiyyətlərimizin təmə­lini atanların daim böyük ehtiramla yad olunacağını və İraq böyük səmimiyyətlə qələmə aldığı səyahətnaməsi heç zaman öz təravətini, aktuallığını itirməyən ustad Rəsul Rzanın daim bu sırada başda ola­cağını söylədi.

Təqdimat mərasimində çıxış edən di­gər natiqlər də kitabın məziyyətlərinə işıq saldılar və bu kimi layihələrin davamlı olacağına inamlarını ifadə etdilər.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)