X Uluslararası İstanbulensis Şeir Festivalında Azərbaycan necə təmsil olunub?

Rate this item
(0 votes)

 

 X Uluslararası İstanbulensis şeir Festivalı 25-27 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Sultanbəyli bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib. Festivalda Azərbaycan da təmsil olunub. 

Tanınmış şair, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir X Uluslararası İstanbulensis Şeir Festivalında Azərbaycanı təmsil edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşara müraciət edərək festival barədə bilgilər alıb. 

Bu festival hər il müxtəlif ölkələrdən olan şairlərin iştirakı ilə keçirilir. Bu il Beynəlxalq şeir festivalında Azərbaycan, Türkiyə, Tunis, İran, Suriya, Fələstin, Seneqal, Mavritaniya, İordaniya, Bosniya və Hersoqovina və başqa ölkələrdən şairlər iştirak ediblər. Festivalın açılış tədbirində Sultanbəyli bələdiyyəsinin sədri Hüseyn Kəskin iştirakçıları salamlayaraq festivalın əhəmiyyətindən danışıb. O, Sultanbeyli bələdiyyəsinin mədəniyyət sahəsində göstərdiyi fəaliyyətlər haqqında festival iştirakçılarına məlumat verib. Açılış tədbirində Türkiyənin və xarici ölkələrin şairləri öz şeirlərini oxuyublar. O cümlədən bizim təmsilçimiz Rəsmiyyə Sabir də öz şeirlərini oxuyub.

Festival çərçivəsində müxtəlif liseylərdə məktəblilərlə şairlərin görüşləri keçirilib. Şairlər şagirdlər üçün öz şeirlərini oxuyublar və şagirdlərin ədəbiyyatla bağlı suallarını cavablandırıblar. Rəsmiyyə Sabir məktəblilərə Azərbaycan şairləri, müxtəlif ədəbi birliklər (Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Yazarçılar Birliyi) ölkəmizdə nəşr olunan ədəbi dərgilər haqqında ətraflı məlumat verib.

Bir sözlə, X Uluslararası İstanbulensis Şeir Festivalı ölkələr arasında bir poetik körpü yaratmağa müvəffəq olub.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)