Türk xalqları mədəniyyəti - Uyğur ədəbiyyatı Featured

Rate this item
(0 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Çağdaş uyğur ədəbiyyatı

 

Ədəbiyyatda yeniləşmə 

 

Yaqub bəyin 1877-ci ildə ölümündən sonra Çin hakimlərinin əsarəti altında otuz üç il (1878-1911) qalan uyğur xalqı XIX-XX yüzilliklərdə dünyada meydana gələn dəyişikliklərin təsirilə təkrar milli azadlıq mübarizəsinə başlayıb. Bu mübarizələrlə çağdaş Uyğur ədəbiyyatının özülü yaradılıb. XX əsrdə milli mübarizələri mövzu götürən çoxlu əsərlər yaradılıb. Bunlar arasında ən diqqətə layiq olan Əbdürrəhman Xan Qoca Dastanıdır. Bu dastanda o vaxtlar Uyğur xalqının üzləşdiyi təzyiq və qırğınlar ən gözəl şəkildə dilə gətirilib. 1911-ci ildə Kumulda yaranan üsyan Teymur Həlpə Dastanının yaranmasına səbəb olmuşdur. 1930-cu illərə kimi olan dövrə Milli ədəbiyyat çağı deyilə bilər. Bu vaxtda öncəliklə tarixi əsərlər Kazanda və Şərqi Türküstanda çap olunub. Türkiyədə, Avropada, Rusiyada və Misirdə oxuyub vətənə dönən uyğurlar bu dəyişikliyin memarlarıdır. Bu hərəkat Türküstanda “Cәdidçilik Hәrәkatı” kimi məşhurlaşıb. “Cədidçilik Hərəkatı”nın təsirilə Doğu Türküstanda ziyalılar, yazıçı və dramaturqlar, yeni janrlarda şeirlər yazan şairlər yetişib, qəzet və jurnallar yaranıb Uyğur ədəbiyyatında 1930-40-lı illərdə Cədidçilik hərəkatı zəifləyib. Ancaq Kumulda yaranan üsyan bir çox yazıçı və şairin ön plana çıxmasına səbəb olub. Bunlar Abduxaliq Uyğur, Lutpulla Mutəllip, Abdurəhim Ötkür, Zunun Kadiri kimi şəxsiyyətlərdir. 

 

Zünun Qədiri 

 

Zunun Qədiri (1911, Tarbaqatay vilayәtinin Dörbilcin qәsәbәsi - 24.09.1989, Almatı şәhәri). Kasıb bir ailədə dünyaya gələn Zunun Qədiri yeni uyğur ədəbiyyatında, xüsusən də nəsr və dramçılığın inkişafında böyük əməyi olan ədiblərdəndir. 1937-ci ildə yazdığı “Cahalәtnin capası” (Cəhalətin cəfası) adlı pyesi ilə ədəbi mühitə atılan Zunun Qədiri “Uçraşkanda” (Görüşüncə), “Partizanlar etriti” (Partizanlar dəstəsi), “Hәr işnin yoli bar” (Hər işin bir yolu vardır), “Qunçәm” (Qönçəm), “Gülnisa” dramları ilə uyğur ədəbiyyatını zənginləşdirmişdir.  

Yeni uyğur nəsrində yeni bir cığır açan Zunun Qədiri 1940-ci ilin ortalarından etibarən hekayə yazmağa başlayaraq 1945-ci ildə “Muәllimnin xәti” (Müəllimin məktubu) və “Rodipay”, 1946-cı ildə “Küçükkә hucum” (Küçüyə hücum) və “Ikki barmikim bilәn” (Iki barmağımla), 1947-cü ildə “Güman” və 1948-ci ildə “Mağdur ketkәndә” (Məğdur gedərkən), 1950-ci ildə “Toy” dramını, daha sonra isə əkinçilərin həyatından bəhs edən “Çin qış” (Çətin qış), “Rәhmәt” (Təşəkkür), “Eslәş” (Xatırla), “Qızıl gül” hekayələrini yazır. 

1950-1960-cı illərdə uyğur nəsrinə və dramçılığına ən dəyərli əsərlərini verən Zunun Qədiri Qazaxıstana gələrək orada yaşamış və orada da ölmüşdür. Qazaxıstanda daha çox milli ruhlu əsərlər yaratdığına, Çində gördüklərini tənqid etdiyinə görə son illər o, Çinin hakim dairələri tərəfindən sevilməyən insana çevrilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)