SƏLƏF-XƏLƏF – Vidadi Həsənov və Oksana Rəsulova ilə müsahibə Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Aytac Sahədin Xalq artisti, “M-Teatr”ın rəhbəri Vidadi Həsənovla və teatrın aktrisası Oksana Rəsulova ilə müsahibəsini diqqətinizə çatdırır.

 

           Aytac: Pedaqoq, aktyor, rejissor, ssenarist, tərcüməçi, şair Vidadi Həsənov olubmu ki, bu işlərin hamısından küsüb birdəfəlik başqa səmtə üz tutsun?

Vidadi müəllim: O qədər olub ki... Hətta getmişəm, başqa işlərlə məşğul olmuşam. Amma yenə qayıtmışam. Biz də hamı kimi adi insanıq. Bütün insanlar öz peşəsi ilə, ev-eşiyi ilə hansı problemləri yaşayır, biz də elə. O vaxt deyirdilər ki, incəsənətlə məşğul olmaq sevgidir. İncəsənət adamı heç vaxt pulu düşünməməlidir. Sovet dövründə “Pul əl çirkidir” tezisi var idi. Amma indi kapitalizm ac monstr kimi başımızın üstünü kəsdirib. İndi pulun olmasa, avtobusa belə minə bilməzsən. Əslində, bu yanlışlıqlar çox şeylərdə var. Teatra, təhsilə, mədəniyyətə, – ümumiyyətlə, ictimai düşüncəyə yanaşmada bu yanlışlıqlar özünü göstərirdi. Başqa bir ideologiya, başqa bir sistem idi, biz də onun içindəydik. Bu prosesi keçmək bizə heç də asan olmadı. Elə adamlar oldu, keçə bildi, eləsi də oldu, anlamadı, orda ilişib qaldı.

Aytac: O dövrdən bu dövrə çox şey dəyişib. Məsələn, bu gün məşhur olmaq xeyli asanlaşıb. Ancaq məşhurluğu qoruyub saxlamaq sanki çətinləşib. Sizcə, niyə biz bu gün gördüyümüz istedadları beş il sonra görmürük?

Oksana xanım: Bu belə də olmalıdır. İndi elə zəmanədir ki, hər kəs nəyəsə görə tanına bilər, ya mənfi ya müsbət işi ilə. Sənətə gəldikdə isə hər tanınan şəxs o demək deyil ki, istedadlıdır. İnsan bir dəfə uğur qazanar, amma sonra sənətdən küsə bilər, yaxud da prinsipləri ilə nəsə üst-üstə düşməz. İncəsənət ruhlu insanlar həssas, küsəyən olur. Bir baxış da onları küsdürə bilər. Yaxud da əziyyətinin qarşılığını görməyəndə ruhdan düşər. Mən “production” rəhbəri olaraq əlimə gələn pulun bölgüsü zamanı aktyora nə qədər üstünlük verməyə çalışsam da, olmur. Aktyorlar bizim ölkədə çox az maaş alır... Bilirsiniz, prodüser şirkətlərinə də o qədər məbləğ vermirlər ki, onu dəyərləndirəsən. Mən çox istərdim ki, film sektorunda ən çox maaşı aktyorlar alsın. Amma alınmır, verilən büdcə ona imkan vermir.

Vidadi müəllim: Oksana xanım, indi vəziyyət elədir ki, hamı günahkardır, amma heç kəsin günahı yoxdur.

Oksana xanım: Bəli, müəllim. Belə olanda çox paradoksal bir vəziyyət alınır. Aktyor bu maaşa getmək istəmir, ancaq həm də gedir. Çünki onun başqa variantı yoxdur. Elə aktyorlar var ki, öz nüfuzunu bir il, beş il qoruyur. Lakin sonda baxır ki, mən bu nüfuzu xeyli müddət saxladım, amma yenə də məni qiymətləndirən yoxdur. O özü də bilir ki, ucuz bir serialda çəkiləndə sənətinə hörmətsizlik etmiş olur. İstəyir, daha böyük addımlar atsın, daha yaxşı işlərdə çəkilsin, amma görür ki, bunun üçün şərait yoxdur. Ona görə də bəzi aktyorlar küsürlər, ya da istəmədikləri seriallarda çəkilməyə məcbur olurlar.

Vidadi müəllim: Bəli, bəzən tamaşada, filmdə yeni bir sima görürsən, amma müəyyən müddətdən sonra o sima yoxa çıxır. Bunun obyektiv və subyektiv səbəbləri var. Əsl peşəkarlığa gedən yol uzun yoldur. Uğura, uğursuzluğa baxmadan səndən irəliləməyi istəyir. Belə olmayanda isə, siz dediyiniz kimi, biz bir sənətçini bu gün görürük, sabah yox. Bir şeyi də deyim. Zövqlər müxtəlifdir. Elə zövq üçün işləyən insanlar var ki, onların həmişə işləri də, yaxşı pulları da var. Çünki onların izləyiciləri çoxdur. Ancaq sənətkarlığın elə bir mərhələsi var ki, o, ariflər üçündür. Ariflər isə çox olmur. Çoxusu da elə bizim günümüzdə, bizim imkanımızdadır. Adını çəkmək istəmirəm, elə aktyor var ki, onun aktyorluğu belə şübhəlidir, amma o, filmə çəkiləndə otuz-qırx min pul alır. Amma biz çəkiləndə elə pul verirlər ki, bişmiş toyuğun gülməyi gəlir.

Aytac: Vidadi müəllim, bəs teatrımızın bu gününü necə dəyərləndirirsiniz?

Vidadi müəllim: Azərbaycan teatrının uğurları da, uğursuzluğu da var. Ümumiyyətlə, teatr canlı bir prosesdir. Önəmli olan odur ki, bu proses dayanmasın, daim zənginləşsin.

Aytac: Yeri gəlmişkən, rejissor Vaqif İbrahimoğlu novator idi. Bir çoxları onu ilk vaxtlarda qəbul etmək istəmirdi. O məktəbi keçən bir aktyor kimi siz onun gətirdiyi yenilikləri necə qəbul edirdiniz?

Vidadi müəllim: Əlbəttə, əvvəl mən də qəbul etməyənlərdən idim. Tələbə olduğum vaxtlarda, Vaqif ibrahimoğlu tədris teatrında tamaşa hazırlayırdı. Mən onun tamaşalarına baxıb deyirdim ki, bu nədir? Belə tamaşa olar?

Aytac: Sizə qəribə gələn nə idi?

Vidadi müəllim: Mən heç nə anlamırdım axı. Görürdüm ki, biri oturub-durur, biri atlanıb düşür... Sonra özüm atlanıb düşəndə başa düşdüm (gülür). Vaqif İbrahimoğlu ömrünün son günlərində Akademik Milli Dram Teatrında çıxışı zamanı dedi ki, uzun illər ərzində məndən soruşurdular ki, niyə belə tamaşalar hazırlayırsan? Bax indi cavab verirəm: yaxşı eləyirəm, əlimin içindən gəlir. Əlbəttə, yenilik həmişə özünə çox çətinliklə yol açır. Doxsanıncı illər, çox paradoksal olsa da, maraqlı cəhətləri vardı. Bir tərəfdən siyasi, maddi, mənəvi böhran, digər tərəfdən isə birdən-birə Bakıda bir neçə teatr açılır. Çox qəribədir ki, basqılar, məhdudiyyətlər çox olanda mədəniyyət və incəsənət inkişaf edir. Elə ki sənətə azadlıq verirsən, o çaşır. Bax belə bir məhdudiyyətlər dövründə birdən-birə Bakıya teatr dalğası gəldi və özünəməxsus teatrlar yarandı. Bu, zamanın diktəsi idi. Müstəqil teatrların yaranması da artıq bu günün tələbidir. Dövlət teatrları uzun müddət Sovet ideologiyasının təbliği ilə məşğul idi. 500-600 nəfəri doldururdular bir zala, sosialist realizmini yeridirdilər beyinlərinə. Bu teatrlar bizim tariximizdir. Onlarla yanaşı, yeni formatda teatrlar yaranmalı və şəhərin müxtəlif yerlərində olmalıdır. Deyim nə üçün... Tutaq ki, Əhmədlidə, Günəşlidə yaşayan insan iki uşağını Kukla Teatrına gətirsə, yol xərci, yemək xərci, karusel xərci – bir sözlə, bütün xərclər ona ən azı əlli manata başa gələcək.

Aytac: Hələ işdən vaxt taparsa..

Vidadi müəllim: Bəli, hələ işdən vaxt tapsa. Yaxud da həmin adam öz ailəsini YUĞ, Akademik Milli Dram Teatrına gətirsə, deməli, xərclər iki dəfə artacaq. Bu adam da bunu uzaqbaşı ildə bir dəfə edə bilər. Düşünürəm ki, teatrların formatı dəyişməlidir və onlar şəhərimizin müxtəlif yerlərində olmalıdır. Məsələn, Günəşli massivində bir teatr olsa, uşaq atasına desə ki, mən sabah teatra getmək istəyirəm, iki-üç manat lazımdır, ata onu verəcək. Bir dəfə, beş dəfə uşaq getdikdən sonra atanın özünə də maraqlı gələcək ki, bir gedim baxım görüm, orda nə var? Bir sözlə, teatr insanlar üçün əlçatan olmalıdır.

Aytac: Oksana xanım, sizə elə gəlmir ki, teatra gecikmisiniz?

Oksana xanım: Əfsuslar olsun ki, mən yaradıcılıq yoluma teatrdan başlamamışam. Buna görə çox heyifslənirəm. Hər şeyin öz vaxtı var, bəlkə, belə yaxşı imiş... Bilmirəm. Teatra sevgi məndə uşaqlıqdan var idi. Sadəcə, elə oldu ki, həyat başqa yönlərə apardı məni. Bir də ona çox təəssüf edirəm ki, Vidadi müəllimi gec tanımışam. Əgər ilk addımlarda bu müəllimin tələbəsi olsaydım, hər şey başqa cür olardı.

Aytac: Sizə elə gəlmir ki, ömrü çox parçalamısınız?

Vidadi müəllim: Olar bu suala mən cavab verim?

Aytac: Buyurun.

Vidadi müəllim: Müəllimim Vaqif İbrahimoğlu həmişə deyirdi ki, siz yalnız aktyor olmalısınız?

Aytac: Amma bir yerə enerji sərf edəndə uğur əldə etmək imkanı daha çox olmurmu?

Vidadi müəllim: Biz elə belə də edirik. Rol oynamaq da, yazmaq da, tamaşa hazırlamaq da, rəqs etmək də yaradıcılıqdır. Təsəvvür edin ki, mənim bir silahım var, sizin on. Kim güclüdür? Əlbəttə, siz. Çünki sizin arsenalınız daha zəngindir.

Oksana xanım: Sonuncu tamaşama uşaqlıq rəfiqəm gəlmişdi. Təxminən, 28 ilə yaxındır ki, rəfiqəyik, ailəmin bir üzvüdür. O, mənim həyatdakı bütün addımlarımı görüb: həkimliyimi, rəqsdəki nailiyyətlərimi, şəxsi həyatımı, prodüser işimi, seriallarımı. Həmin rəfiqəm tamaşaya baxdıqdan sonra dedi ki, Oksananın indi gördüyü iş məhz onun işidir. Bu sözlər məni xeyli düşündürdü və xoşbəxt elədi. Mən bu teatra gələndə başa düşdüm ki, öz yerimi tapmışam. Sən demə, yolumun sonu bura imiş. Burda xoşbəxt oldum. Əgər insanın bir yerdə ruhu xoşbəxt olursa, o eyni zamanda həm xoşbəxt ana olur, həm xoşbəxt qadın olur... O, daha mərhəmətli, daha nəcib və daha gözəl olur. İnanın mənə, bura gələndən sonra mənim həyata baxışım dəyişib. Bir sözlə, burda çox xoşbəxtəm. Bunun üçün də müəllimə minnətdaram. Bəzən insan özündəki istedadı özü belə görə bilmir. Amma Vidadi müəllim o istedadı insanın özünə göstərib deyir ki, bax bu, sənsən. Yavaş-yavaş insan özü də başlayır buna inanmağa.

Aytac: Bu sənətdə istedadın kəşfi belə səndən illər istəyir, deməli. Ümumiyyətlə, deyirlər ki, aktyorluq adamdan çox şey alır. Bu fikirlə razısınız, Vidadi müəllim?

Vidadi müəllim: Biz bu sənətlə məşğul olmaq istəyirik deyə, onunla məşğul oluruq. Hərdən bəzi həmkarlarım sənətimizi fövqəladə bir şey kimi təqdim etmək istəyirlər. Məncə, bu heç də belə deyil. Mühəndis, həkim, sürücü və s. öz vacib işi ilə məşğul olduğu kimi, biz də öz əhəmiyyətli işimizlə məşğuluq. Bu işdə fövqəladə heç nə yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)