“Dəmir yumruq” baleti maraq doğurub

Rate this item
(0 votes)

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) doktorantı, Azərbaycan Bəstəkarlar İttifaqı Gənclərlə iş bölməsinin rəhbəri İlahə Qismət “Dəmir yumruq” baletini yazıb. 44 günlük Vətən müharibəsi haqqında ilk irihəcmli musiqi əsəri olan birpərdəli balet BMA-nın Opera studiyasında təqdim edildi.

 

Öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bəstəkar İlahə Qismət qeyd edib ki, səhnə əsərinin libretto müəllifi Əməkdar artist Yuri Lobaçev, baletmeysterləri Y.Lobaçev və Əməkdar artist Ceyhun Qubadovdur. O, bəstəkarlıq yolunda ona dəstək olan müəllimi, SSRİ Xalq artisti Arif Məlikovu dərin ehtiramla yad edərək baletin ideya müəllifi Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və BMA Bəstəkarlıq kafedrasının müdiri Əməkdar incəsənət xadimi Aydın Əzimova minnətdarlığını bildirdi.

O da diqqətə çatdırıldı ki, baletin nümayişi “Şuşa fatehlərinin Zəfər yolu” layihəsi çərçivəsində gerçəkləşir. Tamaşa ilk olaraq Vətən müharibəsi iştirakçıları və onların ailələri, eləcə də qazilər və hərbçilər üçün təqdim olunur. “Mədəni Əlaqələrin İnkişafına Dəstək”, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması”, “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” ictimai birliklərinin birgə layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə keçirilmiş müsabiqədə qalib olub.

Baletdə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin timsalında I Qarabağ müharibəsindən başlayaraq Şuşa zəfərinə doğru gedən keşməkeşli yol tərənnüm edilir. I Qarabağ müharibəsi zamanı hələ balaca uşaq ikən gözü qarşısında mənfur düşmənlər tərəfindən atasının amansızlıqla qətlə yetirilməsi onun kiçik qəlbində dərin travmatik iz qoyur. Daxili aləmində toplanmış qisas istəyi və Vətən həsrəti ilə böyüyərək gənclik illərinə çatan baş qəhrəman artıq zamanın dolduğunu, Ali Baş Komandanın “İrəli!” komandası ilə Vətən torpaqlarının qurtuluşunun başlandığını eşidir. Xalqının və ailəsinin intiqamını almaq üçün Vətən müharibəsini bir şans kimi dəyərləndirən gənc qəhrəman sevdiyi xanımla vidalaşaraq igid dostları ilə müharibəyə yollanır. Qüdrətli Azərbaycan Ordusu müharibədə davamlı zəfərlər qazanır və igid döyüşçü bayrağımızı Şuşa zirvəsində dalğalandırır, “Dəmir yumruğ”unu göyə qaldırır.

Balet tamaşasının xronometrajı 44 dəqiqədir. Bu da Vətən müharibəsinin davam etdiyi zamanı simvolizə edir.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)