“Biz ondan çox şey öyrənmişik!” Featured

Rate this item
(0 votes)

AMEA-NIN MÜXBİR ÜZVÜ SÜDEİF İMAMVERDİYEVİN 85 YAŞI TAMAM OLDU

 

 

Dünən tanınmış bir ağsaqqalın - urologiya  və andrologiya sahəsində tanınmış alim, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, “Şöhrət” və “Şərəf” ordenli, “Əməkdar elm xadimi”, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin 85 yaşı tamam oldu. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Sudeif müəllim həm də Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədridir. O İctimai Birliyin ki, qısa müddətdə həyata keçirdiyi layihələrlə, ərsəyə gətirdiyi tədbirlərlə özünə ad qazandırıb. 

TAİB-də Südeif müəllimlə çiyin-çiyinə çalışan ictimai fəal Elnur Eltürk söyləyir: 

“Dəyərli Sudeif İmamverdiyevin 85 yaşı tamam oldu. Sudeif müəllim böyük məktəbdir. 3 ildir ki, Sudeif müəllimlə birgə çalışıram. Ondan çox şeyi öyrənmişəm və öyrənməkdə də davam edirəm. Sudeif müəllimə möhkəm cansağlığı arzulayıram!”

 

Sudeif Bəşir oğlu İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olub. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olub və 1962-ci ildə oranı bitirib. Tələbəlik illərində o, cərrahiyyə sahəsində elmi işlə məşğul olub və mükafatlandırılıb.

1968-ci ildə Bakıda namizədlik, 1974-ci ildə isə Moskvada “Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və bunlar tibb ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

1975-ci ilin yanvarından tibb elmləri doktoru adı alan S.İmamverdiyev Azərbaycana qayıdandan sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayıb və Tibb İnstitutunda Urologiya kafedrasının açılması ücün çalışıb.

1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda Urologiya kafedrası açılıb. 1976-cı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifələrində çalışıb. 

Onun elmi-pedoqoji fəaliyyəti çoxşaxəli və genişdir. Geniş biliklərə və yüksək təcrübəyə malik olaraq o, urologiyanın və andrologiyanın aktual istiqamətlərini inkişaf etdirərək böyük nailiyyətlər əldə edib.

Sudeif İmamverdiyev cərrahi əməliyyatların təkmilləşdirilməsi istiqamətində böyük işlər görərək urologiya və andrologiyanın müxtəlif sahələrinə həsr olunmuş 13 ixtira və səmərələşdirici təklif verib. Bunlara nefroptozun cərrahi müalicəsi zamanı böyrək və böyrəkətrafı toxumalarda baş vermiş dəyişikliklərin xüsusiyyətlərinə görə tətbiq olunan 4 nefropeksiya üsulu (1984, 1986, 1992, 2008), sistektomiyadan sonra sidik axarının S-vari bağırsağa köçürülməsinin yeni modifikasiyası (1986), prostat vəzinin adenoması olan ahıl və qoca yaşlı xəstələrin taktivinlə immunokorreksiyası (1988), veziko-vaginal fistulaların transperitoneal plastikası (1991), mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsində böyrək arteriyasının sıxılması zamanı böyrəyin işemiyadan müdafiəsi (1993), prostat vəzinin adenoması zamanı yeni hemostaz üsulu (1985, 1997), sidik kisəsi xərçəngində sidiklikdən keçməklə sidikliyin rezeksiyası və ureterosistoneostomiya üsulu (1987, 1998), varikoselektomiya zamanı kollateral venaların aşkarlanması üsulu (2004), Anderson-Xaynes əməliyyatının yeni modifikasiyası (2005) aiddir. 

Bütün bunlar urologiyanın inkişafına güclü təkan vermiş və xəstələrin müalicəsində böyük dönüş yaratmışdır.

Alim Azərbaycan elmini dəfələrlə dünyanın 30-dan çox ölkəsinin mötəbər elmi konfranslarında təmsil etmişdir.

O, işlədiyi müddətdə Azərbaycanda elmi kadrların hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daima çalışmış, öz bilik və bacarığını əsirgəməmişdir. Onun rəhbərliyi və dəstəyi ilə 31 dissertasiya müdafiə olunub. Onlardan 10-u elmlər doktorluğu dissertasiyalarıdır. 1 namizədlik dissertasiyası ilkin müdafiəyə hazırlanır, 3 doktorluq dissertasiyası yazılır. Onun hazırladığı alimlər sırasında xarici ölkə vətandaşları var.

S.İmamverdiyev urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 400-dən çox elmi məqalənin, o cümlədəm 25 monoqrafiya və dərsliyin müəllifidir.

O, 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2000-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həmçinin 2005-ci ildə “SKV” Azərbaycan Uroloqlar Assosiasiyasının və Türk Cümhuriyyətləri Androloqlar Konfedarasiyasının sədri seçilib.

Professor S.B.İmamverdiyev 1992-ci ildə məşhur “91”lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, 1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin (Milli Məclis) deputatı, 2000-ci ildə II dövr (2005-ci ilədək) yenidən Milli Məclisə deputat seçilib.

Alim elm sahəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2006-cı ildə isə elm sahəsində göstərdiyi xidmətlərə görə “Y.Məmmədəliyev adına medal”la təltif edilmiş, 2008-ci ildə isə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür. Alim, həmçinin elm sahəsində göstərdiyi xidmətlərə görə 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilmiş, “Elmi məktəbin yaradıcısı” fəxri adına layiq görülmüş və cərrahi urologiyada ixtiraçılıq və səmərələşdirici təklif vermək fəaliyyətinə görə “Nobel” medalı ilə təltif olunmuşdur. 2013-cü ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilmişdir.

Biz də portalımız adından Sudeif Bəşir oğlu İmamverdiyevi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)