Özü boyda bir Azərbaycandır... Featured

Rate this item
(1 Vote)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Xarici ölkələrdə məskunlaşan elə soydaşlarımız var ki, hərəsi özü boyda bir Azərbaycandır. Vəhşi kapitalizmin tələblərinə baxmayaraq, əksəriyyəti cismən qürbətdə olsalar da, ruhən vətəndədirlər. Bu gün sizə onlardan biri- Rəhim Sadıqbəyli haqqında söhbət açmaq istəyirəm. Rəhim bəy 1965-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 1 saylı məktəbdə alıb. Sonra Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakultəsində ali təhsilə yiyələnib. Əsgəri xidmətini başa vurduqdan sonra beş il “Azərfilm” kinostudiyasında rejissor asissenti və ikinci rejissor kimi çalışıb. 1989-1991-ci illərdə Moskvada Ali rejissorluq və ssenari kurslarında oxuyub. 1993-1998-ci illərdə AzTV-də rejissor,1998-1999-cu illərdə ANS-də prodüsser və efir rejissoru, 1999-2000-ci illərdə “İnternews”-də prodüsser, 2000-2001-ci illərdə STV-də redaktor, 2001-2003-cü illərdə ATV-də yaradıcılıq işləri üzrə vitse prezident vəzifələrində işləyib. 2002-ci ildə Azərbaycanın "Bəyaz həyat" adlı ilk teleserialını çəkib. Həmin serialın qısaldılmış variantı Krım TV filmlər festivalında ən yaxşı rejissor mükafatına layıq görülüb. 2003-cü ildən İsveçdə yaşayır.

 

Deyir ki,- “Öncə onu vurğulamaq istəyirəm ki, yaşadığım İsveçin və eləcə də Avropanın bütün dövlətlərində dövlət quruluşu sivil toplumlar üstündə qurulub. Bu, əslində vətəndaş cəmiyyətinin demokratik düzən üzərində inkişafı deməkdir. Bir yandan sivil toplum təşkilatları öz tərəfdarlarını bir araya gətirməklə vətəndaş cəmiyyətinin inkişafına təkan verir, digər yandan isə, dövlət bu istiqamətdə əsl demokratik düzənlə inkişaf metodologiyasının fəlsəfi dəyərlərinə dəstək olur. Hələ iyirmi il bundan əvvəl biz İsveçə gələndə buranın əhalisi 7- 8 milyon idi. İndi bu rəqəm bir qədər artıbdır. O zaman belə bir fikir formalaşmışdı ki, İsveçdə hər adam başına bir dərnək düşür. Əlbəttə burada soydaşlarımızın bir sıra dərnəkləri və hətta bir neçə dərnəyi birləşdirən federasiyaları o vaxt da mövcud idi. Və biz beş il bundan əvvəl yeni- fərqli bir təşkilat qurmaq qərarını qəbul etdik. Nəticədə “İveç-Azərbaycan Mədəniyyət Mərkəzi” yaradıldı.”

 

Bir müddət müxtəlif işlərlə məşğul olsa da 2010-cu ildə İsveçin 3-cü böyük şəhəri olan Linköping bələdiyyəsində web tv prodüsseri və 2011-ci ildən isə İctimai Bilik kanalı olan UR-də sujetlər prodüsseri kimi fəaliyyət göstərib. İsveçdə və həm də Azərbaycanda sənədli və bədii filmlər çəkib. "Bir ümüddür yaşamaq" adlı kriminal romanın müəllifidir. O, həm də “Stockholm-Azərbaycan Media Mərkəzinin” və “İnternational Media Grupu”nun yaradıcısı və rəhbəridir…

 

“Diaspor təşkilatının siyasiləşdirilməsi fikrimcə tamamilə yalnışdır. Bu gün bizim uzun müddət apardımığız müşahidələrə əsasən onu deyə bilərəm ki, əsl siyasət yaşadığın ölkənin qanunlarına tabe olmaq, eyni zamanda mənsub olduğun xalqı və dövləti ləyaqətlə təmsil etmək çox vacibdir. İndi elə bir qlobal dönəmi yaşayırıq ki, artıq dünyanın özü cib telefonuna belə sığır. İstənilən anda dünyanın hər nöqtəsindən gərəkən informasiyanı almaq adi bir proses kimi qarşılanır. Xalqlararası multikulturalizm fəlsəfəsinin özümüzə məxsus bir məcrada inkişaf etdirilməsi dəyərləri bizim mərkəzimizin ana hədəflərindən biridir. Tolreant münasibətlərin inkişaf etdirilməsi sayəsində Azərbaycan mədəniyyətini dünyanın mədəni düzəninin bir parçasına çevirmək biz qürbətdəkilərin də əsas görəvlərindən biridir.”- söyləyir...

 

Zahirən sərt görünsə də, həssas və mühafizəkar bir təbiətə sahibdir. Güclü intuisiyası var. Daxili hisslərini necə ortaya qoyamağı bacarır və hisslərinə həddindən artıq etibar edir. Gələcəyə baxışları isə nikbindir...

 

Deyir ki,- “Doğrudur buradan Azərbaycan problemli, varlı neft ölkəsi və sivil dünyaya inteqrasiya olmağa can atan, istedadlı, lakin imkansız xalqı olan bir məmləkət kimi görünür. Bir də əhalisinin doxsan faizi müsəlman olsa da, modern həyat tərzini üstün tutan bir ölkə kimi... Bunun da əsas səbəbi ötən əsrin əvvəllərində Azərbaycanda baş verən genişmiqyaslı maarifçilik məktəbidir. Həsən Bəy Zərdabi, Əbdürrəhim Bəy Haqverdiyev, Nəcəf Bəy Vəzirov, Üzeyir Bəy Hacıbəyli, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Firudin Bəy Köçərli, Əlimərdan Bəy Topçubaşlı, Fətəli Xan Xoylu, Hüseyn Ərəbslinki, Cəfər Cabbarlı, Abbas Səhət, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir və digər onlarla aydınlarımızın həyat və yaradıcılığının hər biri ayrıca məktəbdir. Amma etiraf edək ki, keçmiş Sovetlər Birliyi 70 il ərzində onların qoyub getdiyi milli-mədəni mirası poza bilmədi. Bu gün Azərbaycan Respublikasının 32 yaşı var. Unutmaq olmaz ki, 1991-ci ildə keçmiş Sovetlər Birliyi dağılanda yenicə qurulan dövlətimizin milli büdcəsində bir qəpik də yox idi. Yəni xalqımız dövləti demək olar ki, sıfrdan qurub. Təbii olaraq, problemlər də yetərincə olacaqdır. Bir də yeni dünya düzəni adına Azərbaycanda idarəetmə prosesində yalnışlıqlar və probnlemlər də olacaq. Fikrimcə bütün bunlar zamanla öz axarını tapmaqdadır. Lap dəqiq desək, indiki sorunları yeni nəsil çözmək iqtidarındadır. Bu gün Azərbaycan hakimiyyətində baş verən gəncləşdirmə siyasətinin mənası da budur...” 

 

Milli dəyərlərə bağlı adamdır. Qürbətdə yaşasa da həyat tərzində adət və ənənələrimizə sədaqətini gizlətmir. Xaraktercə nəzakətlidir. Fəaliyyətində təsəvvürlərini ifadə edə bilir. Xeyirxah işlərlə məşğul olmaq onun həyat kredosudur. Cəmiyyətin ehtiyaclarını aradan qaldırmaq uğrunda çalışmaqdan ləzzət alır. Səmimi olduğu üçün düşündüklərini, giley-güzarını dilə gətirməkdən çəkinmir...

 

“Açığını deyim ki, Avropada, ABŞ və Rusiyada həmvətənlərimiz yaşasalar da diasporanın vəziyyəti heç də qənaətbəxş deyil. Bunun əlbəttə obyektiv və subyektiv səbəbləri var. Məncə, bu prinsip əsas götürülməlidir. Vətən mənə nə verib deyil, mən vətənə nə vermişəm? Öncə bu suala cavab tapmaq lazımdır. Biz qürbətdə yaşayanlar müasir dünyanın standartlarını öyrənməklə, bütün bunların xalqımız tərəfindən dəyərləndirilməsini hamıdan daha çox istəyirik. Bütün həyatını Amerikada yaşamış və dünya şöhrətli alim Lütfi Zadə kimisinin ölkəmizdə təhqir və aşağılayıcı formada, qondarma ayamalarla dəyərləndirilməsi acınacaqlı bir olaya çevrildi. Sonunda hakimiyyət bəzi boşboğazları yerində oturzdurmaqla Lütfi Zadənin dəyərini qiymətləndirərək böyük bir iradə göstərdi. Hər bir qərib soydaışımıza biz beləcə dəyər verməliyik. Bu gün dünyanın elə bir dövləti yoxdur ki, orada bizim alimlərimiz, sənət adamlarımız və digər şanlı şəxsiyyətlərimiz yaşamasınlar və ya fəaliyyət göstərməsinlər. “İveç-Azərbaycan Mədəniyyət Mərkəzi”i bax bu istedadlı insanları öz öz ətrafında birləşdirməyə çalışır. Biz qürbətdə xalq diplomatiyası vasitəsilə Azərbaycan həqiqətlərini əyani şəkildə tanıtmaq üçün fəaliyyət göstəririk. Ölkəmizə turizmin axınlarının artması üşün bir sıra tədbirlər həyata keçiririk. Vətənmiz haqqında sənədli filmlər çəkərək Azərbaycan təbiətinin nə qədər füsunkar olduğunu dünyaya təbliğ etməyə çalışırıq. Qürbət ölkələrdə anadan olmuş övladlarımızda Vətən sevgisini aşılamaq üçün çoxsaylı tədbirlərimizlə onlara dəstək olmağa səy göstəririk. Və digər planlarımız da var.”- söyləyir.

 

Düşüncələri xeyli romantikdir. Sevdiklərinə önəm verir, onlarla bağlı təhlükə hiss edəndə, eləcə də emosional vəziyyətlərdə son dərəcə aqressivləşə bilir və şiddətli müqavimət göstərir. Bütün bunlarla yanaşı o, Azərbaycanı ləyaqətlə təmsil edir. Yolunuz İsveçə düşsə özünüz də bunun şahidi ola bilərsiniz. Bəli, haqqında söhbət açdığım Rəhim Sadıqbəyli özü boyda bir Azərbaycandır və heç vaxt soruşmur ki, “Vətən mənə nə verib?..”

 

Yeri gəlmişkən, iyunun 25-də Rəhim bəyin 58 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, bir vaxtlar el arasında deyildiyi kimi- qəriblərin ağası İmam Rzaya tapşırıram. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)