Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıtımı Featured

Rate this item
(0 votes)

BAKIDA “MUĞAM ALƏMİ” VI BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLİR

 

Xəbər verdiyimiz kimi, “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb. 

İyunun 25-dək davam edəcək Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırlar. 

 

Festivalla bağlı ölkənin tanınmış musiqi xadimləri mediaya fikir bildirməkdədirlər. “Ədəbiyyat və incəsənət” portalı onların  bəzilərini bir yerə toplayaraq diqqətinizə çatdırır:

 

Xalq artisti Alim Qasımov:

-Son illərdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunması və təbliği istiqamətində mühüm layihələr reallaşdırılıb. Bu gün dünyanın çox yerində muğamlarımıza böyük maraq var. Xüsusilə ölkəmizdə keçirilən muğam festivalları, televiziya muğam müsabiqələri bu nadir sənət növünün həm yaşadılması, həm də gələcək nəsillərə ötürülməsində böyük rol oynayır. Bu sırada “Muğam aləmi” festivalının da xüsusi yeri var. Bu festival 2009-cu ildən Bakıda keçirilir. “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərinin eyni səhnədə çıxışı və ortaq musiqi dəyərlərinin paylaşılması baxımından olduqca təqdirəlayiqdir. Bu işdə əməyi olanlara minnətdarlığımı bildirirəm.

 

Xalq artisti Mənsum İbrahimov: 

-44 günlük tarixi Zəfərimizdən sonra ilk dəfədir “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Bu festival muğam sənətimizin inkişafına böyük təkan verir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük dəstəyi və qayğısı var. Qürurverici haldır ki, biz bu tədbirə Bakıda başlayır, Şuşada və digər bölgələrimizdə davam etdirəcəyik. Artıq Qarabağımızı azad etmişik. Oradan artıq güllə səsi yox, muğamımızın səsi gəlir. Bizim mədəniyyətimiz, musiqimiz inkişaf edir. Festival çərçivəsində iyunun 19-dan artıq Beynəlxalq Muğam Müsabiqəsi başlayır və üç gün ərzində davam edəcək. Həm Azərbaycandan, həm də müxtəlif ölkələrdən olan ifaçılar bu müsabiqədə iştirak edəcəklər. Düşünürəm ki, bu, ölkəmizin həm turizmi, həm də mədəniyyətimizin inkişafı üçün çox vacibdir.

 

Xalq artisti Zamiq Əliyev: 

“Azərbaycan muğamının qorunması və təbliği son illərdə dünya miqyasında diqqət mərkəzində saxlanılan vacib məqamlardandır. Azərbaycan muğamının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu musiqi ənənəsinə hopmuş böyük bədii dəyər və mədəniyyətlərarası potensialı sübut edir. Çox şadam ki, ölkəmizdə bu sənətə böyük və tükənməz sevgi var və muğam sənətinə xüsusi diqqət göstərilir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əziyyətləri danılmazdır.

 

Bəli, şübhəsiz, ölkəmiz əsl musiqi bayramına qucaq açıb.  Muğanın beynəlxalq statusda hər bir forumu həm də bu sənətin beşiyi olan Azərbaycan mədəniyyətinin tanıtımıdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)