“Oazis”də “Ağ atlı oğlan”ın “İntizar”ı Featured

Rate this item
(0 votes)

GÖRKƏMLİ BƏSTƏKAR FİRƏNGİZ ƏHMƏDOVA ÖMRÜNÜN 76-cı BAHARINI QEYD ETDİ

 

Yola saldığımız istirahət günlərində üzərindən sükutla keçilə bilməyəcək daha bir doğum günü tarixi də oldu. Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadə ömrünün 76-cı baharını qeyd etdi. “Ədəbiyyat və incəsənət”in növbəti yazısı tanınmış bəstəkarımız barədədir. 

 

Qara Qarayevin tələbələrindən söz düşəndə ilk olaraq F.Əlizadənin adı çəkilir. O, yeganə azərbaycanlı bəstəkardır ki, “UNESCO-nun Sülh Artisti” fəxri adına layiq görülüb. Firəngiz Əlizadənin yaradıcılığında uğurlar çoxdur. Bu, təkcə onun deyil, Azərbaycan mədəniyyəti tarixinin səhifələrinə yazılan uğurlardır. Firəngiz xanım bu uğurlara böyük istedadı və zəhməti sayəsində nail olub. 

Təsadüfi deyil ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan bu əsər böyük uğur qazanıb. Türkiyə hökumətinin xahişi ilə Firəngiz xanım qardaş ölkədə bir neçə il fəaliyyət göstərib. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışan F.Əlizadə 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət alıb. O, 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərib. Bu illər ərzində Firəngiz xanım dünyanın müxtəlif ölkələrində möhtəşəm konsertlər verməklə müasir musiqinin ən görkəmli nümayəndələrindən biri kimi adını tarixə yazdırıb.

Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Xarici ölkələrin məşhur musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən: Violonçel üçün "Oyan!" (Paris, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, 2006), "Optical İdentity" baleti (Sinqapur, 2007), Misteriya "Al Kamandcaty" (Roma, 2007), Skripka üçün "Dastan" (Ausburq, 2007), fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, 2008), "Your name means the Sea" operası (Hyuston, 2011), xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), fortepiano üçün "Landscape" (Fransa, 2012) və sair qeyd etmək olar.

Bəstəkarın əsərlərini dünya şöhrətli musiqiçilər - Mstislav Rostropoviç, Yo-Yo Ma, Monigetti, Evelin Qlenni, Yulius Berger və musiqi kollektivləri - "Kronos-Quartet", "Collegium Novum", "Continuum" və başqaları ifa edib və bu gün də ifa etməkdədir. Bu ansambllara Azərbaycanın görkəmli musiqiçiləri Alim Qasımovun, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun və başqalarının da adlarını əlavə etmək yerinə düşər. Çünki F.Əlizadə öz əsərlərində Avropa alətlərində milli alətlərin səslənməsindən alınan tembr boyalarına üstünlük verməklə yanaşı, məhz qərb və şərq musiqiçilərini bir ansamblda birləşdirməyi də çox sevir.

Məşhur amerikalı skripkaçı, meqastar Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan "Deutsche Grammofon" albomu 2014-cü ildə "İlin ən yaxşı kamera musiqisi" nominasiyasında "Grammy" mükafatına layiq görülüb. Azərbaycan bəstəkarlıq məktəbi tarixində F.Əlizadə bu mükafatı alan ilk bəstəkardır.

Müasir Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan Firəngiz Əlizadə əsərləri ölkə hüdudlarından kənarda böyük məmnunluq hissi ilə ifa olunan azsaylı  bəstəkarlardandır ki, qastrol etdiyi şəhərlərin coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San Dieqo, Çikaqo, Los-Anceles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion, Tokio, Paris və sair.

Bəstəkarın milli-mənəvi və psixoloji-əxlaqi keyfiyyətləri tərənnüm edən "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Oazis", "Dərviş", "Abşeron" - müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, "Silk road", violonçel və orkestr üçün "Mərsiyə" konsertləri, böyük simfonik orkestr üçün "İthaf" və digər əsərləri dünyanın mötəbər konsert salonlarında sevilə-sevilə ifa olunur və dinlənilir. İstər amerikan, alman, fransız, istər rus, eləcə də türk qardaşlarımız bu bəstəkarı özününkü hesab edir və onun əsərlərinə böyük məmnunluq hissi ilə qulaq asırlar. Bu səbəbdəndir ki, Firəngiz Əlizadəni həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) kimi fəxri titulu ilə təltif ediblər. Bu da Firəngiz xanımın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını bir daha təsdiq edir.

Əsərlərində bəşəri mövzulara toxunaraq insanların diqqətini qlobal məsələlərə yönəltməyi bacaran bəstəkarımızın yaradıcılığının əsas ana xəttini canından artıq sevdiyi doğma Azərbaycanın tərənnümü təşkil edir. Buna misal olaraq, onun yaradıcılığının şah əsəri kimi qiymətləndirilən "İntizar" operasını göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan, yüksək bədii keyfiyyətləri ilə seçilən "İntizar" operasının əsas ideyası - Vətən uğrunda mübarizənin və əbədi məhəbbətə inamın təcəssümüdür. Bu opera Xeyir və Şər qüvvələrin qarşıdurması, haqq-ədalətin qələbə çalması kimi bəşəri mövzuları əks etdirir.

 

Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli mədəniyyət xadimidir. 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvü olan F.Əlizadə 1979-cu ildə ABİ-nin İdarə Heyətinin katibi, 2007-ci ildən sədri seçilib və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. Üzeyir Hacıbəylidən sonra İdarə Heyətinin sədrləri görkəmli bəstəkarlar - Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları olublar. Bu ənənə bu gün də davam edir. Bəstəkarlar İttifaqının idarə heyətinin sədri Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir. Bu gün Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öndə gedir, yüksək bədii səviyyənin saxlanılması istiqamətində öz sözünü deyir. Bəstəkarlar İttifaqı Heydər Əliyev Fondunun dəstəyi ilə "Muğam aləmi", habelə "İpək Yolu" Beynəlxalq Musiqi festivallarını təşkil edir. Bəstəkarlarımızın dəyərli əsərləri İttifaqın xətti ilə festivallarda, plenumlarda, baxışlarda, konsertlərdə səsləndirilir, onların albomları buraxılır. Həmçinin İttifaqın təşəbbüsü ilə tanınmış bəstəkarlar və musiqişünasların həyat və yaradıcılığından bəhs edən broşürlər nəşr olunur.

Professor Firəngiz Əlizadə həm də bir neçə sənədli filmin ssenari müəllifidir. Rejissor Cahangir Zeynalovun çəkdiyi "Hüdudsuz muğam aləmi" sənədli filmi buna ən gözəl nümunədir. Filmdə 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalı bütün təfərrüatı ilə öz əksini tapıb.

Dünya şöhrətli bəstəkarımız yaradıcılığının müdrik çağında bu gün də gənclik şövqü ilə uğurlar ənənəsini davam etdirir. Belə ki, 2019-cu ildə Firəngiz xanıma "Aga Khan Music Award" musiqi mükafatı təqdim edilib. Portuqaliyanın paytaxtı Lissabonda baş tutan mükafatlandırma mərasimində mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Amin təqdim ediblər.

Qeyd edək ki, 1967-ci ildə yaradılan “Aga Khan Foundation” “Aga Khan Music Award” nominasiyasını yeni təsis edib. Bəstəkarlıq sahəsində verilən mükafatın ilk laureatı Firəngiz Əlizadə olub.

Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət", "Şərəf" ordenlərinə və bir sıra mükafatlara, o cümlədən "Uğur", "Zirvə" mükafatlarına layiq görülüb.

Yüz yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)