Onun Türkiyəyə verdiyi töhfələri Atatürk dövrü ilə də müqayisə edə bilərik Featured

Rate this item
(0 votes)

Türkiyə prezident seçkilərinə hazırlaşır. Bu elə bir önəmli tarixi hadisədir ki, hətta bir mədəniyyət portalı olsaq belə, bizim də mövzu dairəmizdə əhəmiyyətli yer tutur. 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılovun hazırkı Türkiyə prezidenti və növbəti ildə də prezident olmağa əsas namizəd Rəcəb Tayyib Ərdoğanın siyasi portretini çəkməyə cəhd edib. 

“Ədəbiyyat və incəsənət” portalı onun yazısını təqdim edir.

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün Türk dünyasında və qlobal məkanda Türkiyənin mövqelərinin daha da güclənməsini təmin edən tarixi liderlərdəndir. Onun Türkiyəyə verdiyi töhfələri Atatürk dövrü ilə də müqayisə edə bilərik. Onun hakimiyyəti dövründə iqtisadiyyat, ətraf mühit və şəhərsalma, enerji, kənd təsərrüfatı, mədəniyyət və turizm, xarici əlaqələr, müdafiə sənayesi, sənaye və texnologiya sahələrində Türkiyə dünyada önəmli güc mərkəzinə çevrilib. 

Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə xarici siyasət, müdafiə sənayesi, sənaye və texnologiya sahələrində gördüyü işləri sadalamaqla bitməz. Xarici nümayəndəliklərin sayını 163-dən 300-ə yaxın qaldıran R.T.Ərdoğan Türkiyəni dünyanın 5-ci ən böyük nümayəndəlik şəbəkəsinə sahib ölkəyə çevirdi. Bu gün qardaş ölkədə müdafiə sənayesi layihələri 800-ü ötüb. Əminliklə demək olar ki, Türkiyə PUA, hibrid avtomobil, gələcəkdə isə qırıcı təyyarə və başqa hərbi və mülki sənaye sahəsində dünya liderliyinə iddialı olacaq. İki il əvvəl müdafiə sənayesi layihələrinin büdcəsi 5,5 milyard dollardan 75 milyard dollara çatıb. Türkiyə dünyanın aparıcı pilotsuz uçuş aparatları istehsalçıları və ixracatçılarından birinə çevrilib. Mütəşəkkil sənaye zonalarının sayı 192-dən 3330-a çatdı. Türkiyənin hazırda Milli Kosmik Proqramı mövcuddur. Türkiyə dünyanın önəmli coğrafiyalarında nüfuza və həmçinin hərbi mövcudluğa malikdir. Ərdoğanın mövqeləri qlobal sülhə böyük töhfələr verir.

Son 21 ildə 10,5 milyon yeni yaşayış binasının tikintisini təmin etməklə vətəndaşların təhlükəsiz, müasir, yüksək standartlara cavab verən evlərlə təmin edilməsi Türkiyəni sosial siyasətdə də ön sıralara çəkir. "Kızılelma”, “Togg”, “TCG Anadolu” kimi son layihələr R.T. Ərdoğanın bütün Türk coğrafiyasına və dünyaya bəxş etdiyi danılmaz töhfələrdir. Onun hakimiyyəti dövründə uşaq bağçasından tutmuş orta məktəbə qədər 360 min yeni sinif otağı tikildi, ali təhsil müəssisələrinin sayı 76-dan 208-ə çatdırıldı. 

Türkiyədəki siyasi proseslər Azərbaycanda hər zaman həssaslıqla izlənir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana Azərbaycanda sevgi artıb. Onun və ölkəsinin Qarabağ məsələsində verdiyi hərtərəfli dəstək Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb. 

Rəcəb Tayyib Ərdoğan Türkiyənin bütün sahələrdə inkişafı ilə bağlı mühüm işlərə imza atıb. Türkiyədə həyata keçirilən çoxvektorlu siyasət Ankaranın daha da güclənməsinə və geosiyasi müstəvidə söz sahibi olan ölkələrdən birinə çevrilməsinə şərait yaratdı. Qardaş və dost ölkənin qlobal gücə çevrilməyi türk düşmənlərini ciddi formada narahat edir. Türk düşmənləri bu faktordan istifadə edərək may ayında keçiriləcək seçkilərdə R.T. Ərdoğanın qalib gəlməsinə mane törətməyə çalışacaqlar. Lakin türk xalqı ayıq-sayıqdır və yekdilliklə “Cümhur ittifaqına” səs verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)