Da Vinçinin qafqazlı anasından ta ki risk altındakı 4 ölkəyə qədər Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının beynəlxalq xətt üzrə növbətçisi Kənan Məmmədli mart ayı üçün dünyanın aparıcı mediasında gedən manşet xəbərlərinin analizini apararaq  ən çox oxunan xəbərləri müəyyənləşdirməyə çalışmışdır və belə xəbərlərdən ikisini seçmişdir.

Öncə nikbin, sonra bədbin xəbər gələcək.

 

 

TÜRK HƏR YERDƏ TÜRKDÜR

Xəbərlərdən biri sensasion və olduqca təəccüblü idi. Belə ki, iddia olunurdu ki, italyan intibah dövrünün ustad sənətkarı, dünyaşöhrətli rəssam Leonardo da Vinçinin anası çərkəz imiş. Bu barədə italiyan yazıçı və ədəbiyyat professoru Karlo Veççe məlumat yayıb.

L'Orientale Neapolitan Universitetində italyan ədəbiyyatı professoru kimi çalışan Veççe dahi rəssam Da Vinçi üzrə əsas mütəxəssis hesab olunur.

O, Florensiya Dövlət Arxivində Leonardonun doğulmasından təxminən altı ay sonra, 1452-ci ilin noyabrında bir qadının azad edilməsinə dair imzalı sənəd aşkar edib. Notarial aktda qadının Yaqub adlı çərkəz knyazının qızı Katerina olduğu yazılıb. Sənədi notarius Pyero da Vinçi (Leonardonun atası) imzalayıb.

Alimin fikrincə, Katerina Qafqazdan Venesiyaya, ordan da Florensiyaya qul kimi gəlib. Toskana şəhərində o, toxucu kimi işləyib.

Bundan başqa o, muzdlu süd anası olub. Veççenin kəşfi Leonardonun qadının ilk övladı olmadığını deməyə əsas verir.

Mən isə əlavə olaraq onu deyə bilərəm ki, çərkəzlər Şimali Qafqazada – Qaraçay-şərkəz diyarında yaşayan etnik türklərdir, bizlərə dil qohumluqları da çatır. Düzdür, mən bununla Leonardo da Vinçiyə azərbaycanlıları şərik çıxarmıram. Amma dünyanın ən dahi rəssamının türk qanlı olmasından, hər halda, məmnunam.

 

DÖRDLƏR TƏHLÜKƏ ALTINDADIR

           "15 milyona yaxın insanın yaşadığı ərazi təhlükə altındadır, buzlaqların əriməsi genişmiqyaslı daşqınlara səbəb ola bilər".

Bu qənaətə Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri gəliblər.

Alimlərin fikrincə, əsrin sonuna qədər Yer üzündəki 215 min buzlağın təxminən yarısı əriyəcək. Bu da buzlaq göllərinin çatlamasına və nəticədə daşqınlara səbəb olacaq. Bu proses dörd ölkəyə dağıdıcı təsir göstərəcək ki, bunlar Hindistan, Pakistan, Peru və Çindir.

Tədqiqat göstərir ki, 15 milyona yaxın insanın yaşadığı ərazilər su altında qalma təhlükəsi ilə üzləşə bilər.

Ən böyük təhlükə isə Pakistan və Çini gözləyir. Xüsusilə Pakistanda çatlaya biləcək buzlaq gölünün yaxınlığında 2 milyondan çox insan yaşayır, Çində isə bu rəqəm bir milyondur. Bu təhlükə reytinqində Peru üçüncü, Hindistan isə dördüncü yerdədir.

Tədqiqatçılar qeyd ediblər ki, buzlaq gölünün dəqiq olaraq nə vaxt daşacağını proqnozlaşdırmaq olduqca çətindir, alimlər hələ yalnız təhlükə barədə xəbərdarlıq edə bilərlər.

Onların fikrincə, buzlaq göllərinin çatlaması irimiqyaslı daşqınlara səbəb ola bilər. Dağıntı baş verən ərazi isə 100 kilometrdən çox məsafəni əhatə edə bilər.

Təbii ki, bu üzücü xəbər məni məyus etdi. Necə də olmasa, söhbət insanlıq üçün qlobal təhlükədən gedir. Və əsas təhlükə riskini daşıyan ölkənin Pakistan olması  faktoru da var. 44 günlük müharibə vaxtında bayrağını dalğalandırdığımız, mənfur ermənilərə bizə görə qatı düşmən kəsilmiş dost Pakistanın başının üstünü qara buludların alması əlbəttə ki, məyusedicidir. Kaş ki bu buludları külək qovub Sevan gölünün ətrafınacan aparaydı.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)