Musiqili Teatrda “Premyeralar paradı” davam edir

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı milli teatrımızın yaranmasının 150 illiyi münasibətilə “Premyeralar paradı” layihəsi çərçivəsində üç yeni tamaşa təqdim etməyi planlaşdırmışdı. Layihə çərçivəsində təqdim olunacaq “Nəğməmə inan"ın premyerası ötən gün baş tutdu. Premyera barədə ayrıva yazı dərc edəcəyik. Rus dilində olan tamaşa martın 11-də təkrar nümayiş olunacaq. 

 

Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Komediya janrında hazırlanan tamaşa aaf sevgi hisslərinin tərənnümünə həsr edilib.  

 

Bu gün - martın 9-da "Kimyagər (Azərbaycan dilində), 10-da isə “Anamın kitabı” (ingiliscə) nümayiş olunacaq. Tamaşalar axşam saat 19:00-da başlayacaq. 

“Kimyagər” tamaşası görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsəri əsasında hazırlanıb. Tamaşanın musiqisi Xalq artisti, bəstəkar Səyavuş Kərimiyə məxsusdur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnəyə qoyulan bu tamaşanın ikinci rejissoru Elməddin Dadaşov, quruluşçu rəssamı Sevinc Həsənova, xormeysteri Əməkdar artist Vaqıf Məstanov, rejissor assistenti Tamilla Aslanovadır. 

Musiqili Teatrda Mədəniyyət Nazirliyinin layihəsi olan “Anamın kitabı" tamaşası isə Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir. 

 

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)