ABŞ-da “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filminin təqdimatı keçirilib

Rate this item
(0 votes)

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və Vaşinqton Piano İncəsənəti Şurasının təşkilatçılığı ilə fevralın 9-da Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya həsr edilmiş “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filminin təqdimatı keçirilib.

 

Səfirlikdən AzərTAC-a bildirilib ki, sözügedən film Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi ilə əlaqədar “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və İctimai Televiziyanın maliyyə dəstəyi ilə istehsal edilib və ingilis dilinə dublyaj olunub.

Tədbirin açılışında ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, səfirliyin əməkdaşı Erkin Heydərli, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva (onlayn formada) və Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasının təsisçisi və İdarə heyətinin sədri Şato Qardeçki çıxış ediblər. 

Tədbir zamanı Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təqdimat mərasimində ABŞ-da akkreditə olunmuş səfirliklərin diplomatları, ictimaiyyət nümayəndələri, Azərbaycan icmasının üzvləri, o cümlədən ABŞ-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Sonda qonaqlar üçün milli mətbəximizin təamları təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2023)