“Eşq və ölüm”də Azər və Baycanın faciəli eşqi nümayiş olunacaq Featured

Rate this item
(0 votes)

Akademik Opera və Balet Teatrı fevral ayının ilk tamaşasını bu gün təqdim edəcək. Özü də bu, adi tamaşa olmayacaq. Polad Bülbüloğlunun müəllifi olduğu “Eşq və Ölüm” baleti onun ad günü münasibəti ilə nümayiş olunacaq. Teatrın kollektivi 2 pərdəli balet tamaşasını bəstəkarın doğum gününə hədiyyə edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Eşq və Ölüm” baleti məhəbbət və nifrət, dostluq və xəyanət, həyat və ölüm kimi əbədi mövzulardan bəhs edir. "Eşq və ölüm" baletinin süjeti YUNESKO-nun Dünyanın Mədəni İrsi siyahısına daxil olan "Kitabi-Dədə Qorqud" eposundan qaynaqlanır. Əsərin baş qəhrəmanları Azər və Baycanın faciəli eşqi Azərbaycan dövlətinin adını təcəssüm etdirir. 

Balet ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Elə 2005-ci ildə Akademik Opera və Balet Teatrının balet truppası həmin tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada nümayiş etdirib. 2010-cu ildə isə xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə “Eşq və Ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. Özü də Böyük Teatrının səhnəsində. 2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı Türkiyənin Ankara şəhərində göstərib. Ümumiyyətlə, bu baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münxen Opera Sənəti Festivalında musiqi rəhbəri Korneliya Kerssenbrofkun dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur.

 

Bu yerdə baletin bıstəkarın 65 illik yibileyindəki təntənəli nümayişini də xatırlamaq yerinə düşər. Böyük Teatr premyerası unudularmı?  2010-cu il fevralın 5-də “Eşq və ölüm" Yekaterinburq Opera və Balet Teatrının quruluşunda təqdim olundu, premyera Moskvada, əzəmətli Böyük Teatrın səhnəsində anşlaqla keçdi. Tamaşanın Rusiya Mədəniyyət Nazirliyi, Moskva hökuməti tərəfindən "Qızıl maska" - "Rusiyanın ən yaxşı tamaşaları" festivalı çərçivəsində təşkil olunmuş nümayişi müəllifin 65 illik yubileyinə həsr edilmişdi.

Tamaşa başlamazdan əvvəl bildirildi ki, artıq ikinci ildir "Qızıl maska" festivalı çərçivəsində "Maska Plyus" müsabiqədənkənar tamaşalar proqramı təqdim olunur. Rusiya Mədəniyyət Nazirliyinin və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi olmadan bu proqramı həyata keçirmək mümkün olmazdı.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DBƏF) həmsədri Mixail Şvıdkoy "Eşq və ölüm" baletinin Böyük Teatrın səhnəsində premyerasını Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsi baxımından çox vacib hadisə adlandırdı. Onun sözlərinə görə, Azərbaycan bəstəkarlarının Rusiyada və bütün postsovet məkanında səhnələşdirilən balet tamaşalarına musiqi yazmaları artıq yaxşı bir ənənəyə çevrilmişdir: "Bildiyiniz kimi, Polad Bülbüloğlu dahi Qara Qarayevin, Qara Qarayev isə dahi Şostakoviçin yetirməsidir. Bu baxımdan rus və Azərbaycan musiqi ənənələri arasında varislik və möhkəm tellər vardır. Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikov rus balet teatrı üçün musiqi bəstələmişlər. Polad Bülbüloğlu da hazırda bizim sahib olduğumuz həmin o ümumi mədəniyyətin böyük ənənələrini davam etdirir".

Tamaşanın quruluşçu xoreoqrafı Nadejda Malıgina, quruluşçu dirijoru Fabio Mastranjelo, quruluşçu rəssamı İqor İvanov idilər. 

Moskvalılar baleti heyranlıqla, gurultulu alqışlarla qarşılamışdılar. Sonra səhnəyə qalxan Polad Bülbüloğlu səmimi qəbula və alqışlara görə dərin minnətdarlığını bildirərək demişdi: "Əlbəttə, Böyük Teatrın səhnəsində tamaşa göstərmək hər bir kollektiv üçün şərəf və fəxrdir. Çox şadam ki, mənim musiqim, mənim baletim bu gün qocaman Yekaterinburq teatrının ifasında təqdim olunur".

Polad Bülbüloğlu jurnalistlərlə söhbətində bildirmişdi ki, bu, onun həyatında müstəsna bir gündür, çünki 65 illik yubileyi ərəfəsində Böyük Teatrda onun baletinin premyerası olmuşdur. Polad Bülbüloğlu bu gözəl hədiyyəyə görə Rusiya Mədəniyyət Nazirliyinə, DHƏF-ə, Böyük Teatrın rəhbərliyinə təşəkkürünü bildirərək demişdi ki, Rusiyanın bu qocaman səhnəsində tamaşa premyerası hər bir bəstəkarın yaradıcılığında çox əlamətdar bir hadisədir: "Sevinirəm ki, Azərbaycan musiqisi, Azərbaycan bəstəkarının musiqisi yenə də Moskvada səslənir və zənnimcə, bu, təkcə mənim deyil, bütün Azərbaycan mədəniyyətinin nailiyyətidir, ənənələrin davam etdirilməsidir, çünki bu səhnədə böyük Qara Qarayevin və digər bəstəkarlarımızın tamaşaları oynanılmışdır. Sevindirici haldır ki, italiyalı dirijorun, rusiyalı quruluşçu xoreoqrafın və Azərbaycan bəstəkarının birgə zəhməti ilə ərsəyə gəlmiş bu beynəlxalq layihə Rusiya paytaxtının mərkəzində həyata keçirilir və böyük hərarətlə qəbul edilir. Mən Azərbaycan mədəniyyətinin, Azərbaycanın adının həmişə yüksəkdə durmasını istəyirəm".

Əminik ki, tamaşa Bakı səhnəsində də uğurla keçəcəkdir. 

Adətən bu tamaşanı ailəsi ilə izləyən Polad Bülbüloğlunun bu dəfə də ailəsi ilə birgə zalda olacağı gözlənilir. 

Bəstəkarın mahnılarını sevirik, amma baleti də sevilməyə layiqdir. 

Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

 

Şəkillərdə: Tamaşadan səhnə; Bəstəkar ailəsi ilə. 

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2023)