“Əqrəb mövsümü”nün rejissoru mükafata layiq görülüb Featured

Rate this item
(0 votes)

Mədəniyyət Nazirliyinin və Real FM-in (Real Təhlil İnformasiya Mərkəzi) dəstəyi ilə hər həftənin şənbə və bazar günləri 107FM dalğasında yayımlanan AzerNyuMedia Şirkətinin “Cinema Radio” Kino-Radio Kanalının “IV müasir audiovizual baxış” mükafatının təqdimetmə mərasimi keçirilib.

 

Sözügedən mükafat ənənəvi olaraq hər il “Cinema Radio” Kino-Radio Kanalının sorğuları əsasında, il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilir.  Bu il mükafatın qalibi rejissor Emil Quliyev olub. O, “Pərdə” trilogiyası, “Körpü” və “Əqrəb mövsümü” teleserialları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun “Ümid” bədii filmi Tulada Qısametrajlı Filmlərin Festivalında və Mazandaranda VIII Beynəlxalq “Varesh International Film Festival”ında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. O, 2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının – “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə görə” illik mükafatına layiq görülüb.

Onu da qeyd edək ki, elə bu günlərdə İTV-də nümayişi başa çatan və həqiqətən də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan  “Əqrəb mövsümü” telserialı Emil Quliyevin mükafatlandırılmasında əsas rol oynayıb. 

2019-cu ildən təqdim olunan mükafat həmin ildə rejissor və aktyor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)