Uzuncorab Peppinin Şəkidə peyda olması əsl bayram ovqatı yaradıb Featured

Rate this item
(0 votes)

Uşaqlığımızda hansı birimiz Uzuncorab Peppini, yaxud, Damdayaşayan Karlssonu tanımamışıq? Tanımışıq, sevmişik və onlardan müəyyən keyfiyyətlər əxz eləmişik. 

Söhbətimiz bu dəfə bu obrazların yaradıcısından, onun yazdıqlarını səhnələşdirənlərdən və şəkili uşaqlardan gedəcək. 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şəki şəhərində qastrolda olub. Səfər Gənc Tamaşaçılar Teatrı və İsveçin Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində reallaşmışdı. Bəri başdan deyək ki, qastrol major notlarla başa çatıb, xüsusən şəkili uşaqlar məmnun qalıblar.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihədə əsas yerdə teatrın aktyorlarının  görkəmli İsveç dramaturqu, uşaqların sevimlisi Astrid Lindqrenin “Uzuncorab Peppi” tamaşasının təqdimatı dayanıb. 

Tamaşadan öncə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon Astrid Lindqren yaradıcılığı haqqında məlumat verərək, onun “Uzuncorab Peppi” və “Balaca və Damdayaşayan Karlsson” kimi şedevr əsərlərlə tarixə dqşməsindən bəhs edib, yazarın hər bir azyaşlı tamaşaçının dünyagörüşünün formalaşmasına göstərdiyi müsbət təsiri diqqətə çatdırıb.

Eyniadlı romanının motivləri əsasında Staffan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), oranjemançı Rüfət Ramazanov, məsləhətçi görkəmli İsveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır.

Səhnə əsərində Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Venera Abbasova, Hüsniyyə Əhmədova, Müşfiq Əliyev, Vahid Orucoğlu və Ramil Məmmədov çıxış ediblər.

Tamaşada sahibsiz qalanlara sahib durmaq, köməksizlərə əl uzatmaq, vətənpərvər, insanpərvər olmaq, ailə tərbiyəsinin əhəmiyyəti barədə fikirlər səslənir. 

Ən əsası, Astrid Lindqren uşaqları özlərini tanımağa, özlərinə güvənməyə və yüksək amallara doğru irəliləməyə səsləyir.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)