Motivasiya barədə kitab yazmaq zərurəti nədən yarandı? Featured

Rate this item
(0 votes)

 

Əlibala Məhərrəmzadə yazır

 

 

Söhbət kifayət qədər uğur qazanmış “Ev tapşırığı: Uğur düsturunu tapmalıyıq” kitabından gedəcək. Necə oldu, mən motivasiya barədə kitab yazdım? Deyim ki, belə bir kitabı illərdir ki, beynimdə yazırm. Lap əvvəllər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun biznes üzrə menecerlik fakültəsində oxuyanda da, Türkiyə Respublikasının İstanbul Universitetinin iqtisadiyyat bölümündə növbəti ali təhsilimi alarkən də, sonralar ehtiyac duyanlara auditorluq və konsaltinq xidməti göstərərkən də, biznes fəaliyyətim dövründə də, elmi və bədii yaradıcılıq dönəmində də  bu kitabı vərəqlərə köçürmək zərurəti hiss etmişəm. Amma iş elə gətirib ki, bu zərurətin reallaşması məhz  – 2018-ci ilin mart ayına təsadüf edib.

 

Məhz həmin o küləkli və yağışlı mart günündə mən başa düşmüşəm ki, «sabah başlayaram», «gələn aya qalsın», «gələn il hökmən yazacağam» bəhanələri artıq yetərli deyil. Bəzən sözün gərəkliliyini onun gücü o dərəcədə isbat edir ki, sən ona sipər çəkib qarşısında sadəcə duruş gətirə bilmirsən.

Bədii və elmi kitablarımı oxuyan çoxsaylı oxucularım, peşə fəaliyyətimlə bağlı daim təmasda olduğum insanlar, tez-tez görüşlərinə dəvət aldığım gənclər auditoriyası, küçədə, evimin tinində, ofisimin qarşısında mənə yaxınlaşanlar – göstərdiyim peşəkar xidmətdən yararlananlar, motivasiya etdiyim, məsləhətimlə, öyüd-nəsihət və tövsiyələrimlə haraylarına yetdiyim insan toplusu, əslində çoxminlidir, böyükdür. Ancaq nə qədər çoxminli, böyük olsa da, hər halda bu dairə qapanır. Bəs bu dairədən kənarda qalanlar necə olsunlar? Şəxsi problemlərin, qəddar həyat qanunlarının girdabında boğulanlar, lap onlar da bir yana, özünəinam hisslərindən məhrum olaraq acizlik və zəiflik sindromunu heç cür qıra bilməyən komplekslilər məgər azdır?

Bəs son illərdə bəşəriyyəti öz ağuşuna almış iqtisadi böhranlar, təbii fəlakətlər, ağır qəzalar kabusu, müxtəlif epidemiyalar, mənəvi deqradasiya fəsadları, daim tənəzzülə uğrayan empirik reallıq, metafizik görüşlərə olan basqılar, müharibə və terror alovlarının gətirdiyi ümidsizlik həmlələrinə təslim olan bədbinlər ordusu necə olsun?

Məgər onların motivasiya olunmağa ehtiyacı yoxdur?

Demək, ünsiyyətin tam əhatə dairəsi üçün, miqyaslılığı üçün motivasiya kitabı formasına müraciət zərurəti buradan qaynaqlanır.

Bura onu da əlavə edək ki, bir neçə bədii, siyasi, korporativ kitabın müəllifi olmağımla yanaşı, həm də biznesdə uğur qazanmaq istəyənlərçün sifarişlə biznes-planlar da işləyib hazırlayıram. Bu biznes-planlar müvəffəqiyyətlə həyata vəsiqə qazanırlar, onların əsasında neçə-neçə sahibkar gəlir əldə edir. Uğur qazanmaq yollarını göstərən həmin bu biznes-planlar müəyyən nəzəriyyələrə istinad edir, onlar, haradasa, nəzəri və praktik biliklər toplusudur, onların mənbələrində da oxucu üçün bölüşəsi çoxlu vacib məqamlar var.

Bu da motivasiya kitabı yazmaq üçün başqa bir səbəbim.

Mən bütün gücümü səfərbər edərək var səsimlə hamıya, hamıya demək istəyirəm: heç bir hədəf bizim qıyılmış gözümüzün və tətikdə qatlanmış barmağımızın nişanalma qabiliyyətindən üstün deyil. Və bu şüarımdan ilhamlanaraq daha sonra da bəyan etmək istəyirəm ki, həyatda uğur qazanmaq düstüru heç də düşündüyümüz qədər çətin deyilmiş. Sadəcə, bir neçə ev tapşırığını həll etmək lazımmış bunun üçün. Və bu cümləni altbaşlıq kimi kitabın adının altında yerləşdirərək söhbətə başlamaq istəyirəm.

Gəlin, həmsöhbət olaq. Və tam 250 səhifə ərzində səmimiyyət içində bir-birimizi dürüst anlamağa çalışaq. Bu nə sosioloji, nə fəlsəfi, nə psixoloji, nə də iqtisadi bir dərslikdir. Amma sosioloji, fəlsəfi, psixoloji və iqtisadi çalarları olan bir düşüncə toplusudur. Bəzən sirli hərflər və sözlər birləşərək möcüzəli cümlələr yaradırlar. Yetər ki, o cümlələri dinləyək, o möcüzənin təsir cazibəsində qərarlaşaq.

Beləcə, yazmağa başlamışam!

“Ədəbiyyat və incəsənət”

(05. 12. 2022)