Florensiyada keçirilən beynəlxalq festivalda erməni təxribatının qarşısı alınıb Featured

Rate this item
(0 votes)

Ötən gün ən çox diqqət çəkən mədəniyyət xəbərinin üzərində dayanacağıq. 

 

Azərbaycan İtaliyanın Florensiya şəhərinin tarixi memarlıq nümunələrindən sayılan və “italiyalı məşhurların məbədi” olaraq tanınan Santa Kroçe monumental kompleksində keçirilən beynəlxalq festivalda təmsil olunub. Gəncə və Şuşa şəhərləri ilə bağlı təqdimatların və fotosərginin də nümayiş olunduğu festivalda İrəvan Universitetinin nümayəndələrinin təxribatının qarşısı alınıb.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, “Romualdo Del Bianco” Fondunun və “Life Beyond Tourism” Hərəkatının təşkilatçılığı ilə noyabrın 16-18-də keçirilən “Dünya mədəni özünüifadənin müxtəlifliyi festivalı” çərçivəsində 24-dən çox ölkədən 70 müxtəlif şəhər və məkanlarla bağlı təqdimatlar olub. Bir sıra beynəlxalq qurumlar, iştirakçı ölkələrin təşkilat və universitetlərinin himayəsi ilə baş tutan tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri də iştirak ediblər. Tədbir çərçivəsində dünyadan “Mədəni hekayələr”lə bağlı təqdimatlar sessiyasının Qafqaz regionuna həsr edilmiş hissəsində Gəncə və Şuşa şəhərləri ilə bağlı keçirilmiş təqdimatlar iştirakçıların böyük marağına səbəb olub, fotosərgi nümayiş etdirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri öz təqdimatlarını “Gəncənin ruhunun mədəni ifadəsi” mövzusuna həsr ediblər. Gəncənin təbiəti, özünəməxsus mətbəxi, şəhərə həsr edilmiş musiqilər, burada keçirilən “Yaylaq festivalı” və sair haqqında festival iştirakçılarına məlumat verilib və şəhərin dünya ədəbiyyatına verdiyi töhfələr qismində Nizami Gəncəvi haqqında danışılıb.

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinin isə “Şuşa – Azərbaycanın mədən irsinin simvolu” mövzusunda etdiyi təqdimatda Şuşanın tarixi, mədəni, dini abidələri, tarixi şəxsiyyətləri, mətbəx nümunələri və tarixi abidələr, turizm imkanları və Azərbaycan ədəbiyyatının, incəsənətinin və musiqisinin inkişafında bu şəhərin rolu, işğaldan azad edildikdən sonra Şuşanın bərpası və burada keçirilən mədəni tədbirlər barədə məlumat verilib.

Festival çərçivəsində mütəxəssislər turizm sahəsində aktual mövzulara dair çıxışlar ediblər. İtaliyalı professor Daniel Pommier Vinçellinin həmmüəllifi olduğu “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitab festival iştirakçılarına təqdim olunub. Professor kitabın italiyalı oxuculara Şuşanın Azərbaycanın milli kimliyinin tərkib hissəsi olmasını nümayiş etdirən faktları əhatə etdiyini deyib. O, Şuşanın tarixi, burada yerləşən tarixi, mədəni, dini abidələr haqqında danışıb, şəhəri ziyarət etdiyini və Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğunu bildirib. Şəhərin 30 illik işğaldan sonra öz sahibinə geri döndüyünü və beləliklə Şuşanın bütün dünya mədəniyyətinə yenidən qazanıldığını qeyd edib və şəhərin bərpası ilə bağlı Azərbaycanın gördüyü işlər haqqında danışıb, İtaliya şirkətlərinin də bu prosesə cəlb olunduğunu vurğulayıb. Qeyd edib ki, şəhərin işğaldan azad olunmasından sonra hazırda Cənubi Qafqazda sülh üçün ümid yaranıb.

Ermənistanın İrəvan Memarlıq və İnşaat Universitetinin müəllimləri bu ölkənin seçilmiş hər hansı şəhərinin turizm imkanları və mədəni irsi haqqında danışmaq əvəzinə tədbirin formatından kənara çıxaraq ağlagəlməz yalanlar uydurmaqla region ölkələri, onların tarixi və dini arxitektura nümunələri haqqında təhrif olunmuş məlumatlar səsləndirməyə cəhd ediblər.

Tədbirdə iştirak edən Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndəsi tərəfindən Ermənistan təmsilçilərinin təxribatı barədə dərhal təşkilatçılara məlumat verilib və tədbirin təşkilatçılarına müdaxilə edərək onların çıxışını bitirməsini tələb edib. Eyni zamanda, tədbirin təşkilatçıları iştirakçılara səslənərək festivalın müxtəlif mədəniyyətlərə məxsus şəhərlərin təmsilçilərini bir araya gətirərək mədəni mübadiləni və dialoqu, beləliklə də sülhə xidmət etdiyini bir daha xatırladıb. Festival təşkilatçıları İrəvan Universitetinin nümayəndələrinin əvvəlcədən edilmiş xəbərdarlığa baxmayaraq, öz təqdimatlarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşən və ölkəmizə məxsus mədəni, tarixi və dini abidələrə yer verdiyini vurğulayıb və beləliklə də onların tədbirdən sui-istifadə cəhdlərindən təəssüfləndiklərini ifadə ediblər.