Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Əbdürrəhim bəy Haqverdiyev

Rate this item
(0 votes)

 

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində təqdimatlardan biri Azərbaycan ədəbiyyatı tarixində dramaturq və teatr xadimi kimi daxil olan Əbdürrəhim bəy Haqverdiyevə həsr olunur.

 

AzərTAC xəbər verir ki, təqdimatda görkəmli ədibin həyat və yaradıcılığı haqında məlumat verilir.

Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əbdürrəhim bəy üç yaşında olanda atası vəfat edəndən sonra əmisi Əbdülkərim bəyin himayəsinə götürülüb.

Şuşa şəhərindəki altıillik “Realnı” məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis “Realnı” məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. 

1908-ci ildən "Nicat" mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsində işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 

Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib. 

Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində özgün yeri olan şəxsiyyətlərdəndir. O, dramaturq, rejissor, dirijor, nasir, publisist, pedaqoq, tədqiqatçı alim kimi səmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun inkişaf edib formalaşmasında xüsusi rol oynayıb.

O həm dramaturgiya, həm də satirik publisistikamızı orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik, süjet və kompozisiya xüsusiyyətlərinə, üslub və ifadə tərzinə malik olan əsərlərlə zənginləşdirib.

"Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Çeşmək", "Qiraət" əsərləri Haqverdiyevın yaradıcılığının incilərindən sayılır. 

Yazıçı 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.