Ən çox oxunan: Əsl incəsənət şedevri olan ilk günəş avtomobili - Lightyear istismara verilir Featured

Rate this item
(1 Vote)

“Tesla” adlı elektrik enerjisi ilə işləyən avtomobil günümüzün reallığına çevrilməkdədir artıq. Amma bu da hələ hamısı deyil. Düzdür, elektrik enerjisi ilə hərəkət edən avtomobilin təbii yanacaqla hərəkət edən avtomobilə nisbətən xərci daha azdır, amma biri də var ki, bu xərc ümumiyyətlə olmasın. Fantastika kimi görünür, düzdürmü?

 

Startaplar və avtoqiqantlar öz yeni elektrik avtomobillərində günəş batareyalarının quraşdırılmasını inkişaf etdirir və İspaniyanın isti günəşi altında Hollandiyanın Lightyear startapının ilk seriya modeli, demək olar ki, gündəlik 70 kilometrdən çox irəliləmək üçün kifayət qədər günəş enerjisini toplaya bilib. Avtomobilin quruluşu elədir ki, onun 5 kv.metrlik ərazisi - kapotu və dam örtüyü günəş batareyaları ilə örtülmüşdür. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.

"Bu, yalnız ilk addımdır, 250 000 avro qiyməti olan avtomobil bizə yanacaqsız və elektriksiz – bir sözlə, havayı hərəkət edən avtomobilə sahib olmanın mümkün olduğunu göstərir. Bu, texnologiyanın nümayişidir, amma əslində bizim məqsədimiz üç ildən sonra 30 000 avro dəyərində avtomobillə kütləvi bazara çıxmaqdır", - deyə Lightyear şirkətinin baş direktoru Leks Xufslut bildirir.

Lightyear-in payızda istehsalı başlayacaq, şirkət noyabr ayında bu bahalı sedanın alıcılara çatdırılmasını planlaşdırır.

Maraqlıdır ki, avtomobil həm hərəkətdə olduqda və həm də açıq havada parklandıqda günəş panelləri onun akkumulyatorunu dolduracaqlar.

"Günəş enerjisi ilə işləyən avtomobilin cəlbedici xüsusiyyətlərindən biri, avtomobilin akkumulyatorunun olmasıdır, buna görə günəş səmada olanda ondan tam şəkildə  istifadə edə bilərsiniz və akkumulyatoru doldura bilərsiniz . Belə ki, günəş enerjisi çatışmazlığı, həqiqətən, sizin akkumulyatorunuzun olması səbəbindən elə də dezavantaj deyil, buna görə də mən optimistəm, düşünürəm ki, günəş enerjisi ilə hərəkət edən avtomobilin əlavə olaraq enerji ehtiyatı yığan akkumulyatorunun olması böyük bir müsbət rol oynaya bilər", - deyə Viskonsin Universitetinin müəllimi Qreqori F. Nemet bildirir.

Avtomobil sıfırdan düzəlib, bunu maksimum effektiv etmək və arzuları gerçəkləşdirmək üçün belə ediblər. Rasional dizayn şirkətə uzun müddət əksər avtomobil istehsalçılarının nəzərdən qaçırdığı istiqamətdə irəliləməyə imkan verən xidmətlərini öz xidməti hesab etmək şəraiti yaradıb. Bu arada qeyd edək ki, Lightyear öz dizaynına görə ən mükəmməl avtomobil dizaynerlərinin toplaşdığı İtaliyanı da təəccübləndirə bilib. Bugatti, Lamborghini, Ferrari dizaynerləri bu incəsənət şedevrindən paxıllıq edə-edə zövq alıblar.

İstehsalçıların məlumatına görə günəş batareyalarında optimal şəraitdə gündə 70 km-ə qədər şarj olmadan gedə bilərsiniz. Hər gün 35 km-dən az hərəkət edənlər şəbəkəyə qoşulmağa ehtiyac olmadan 2 ay ərzində Hollandiya, Portuqaliya və İspaniya kimi günəş ölkələrində (bəri başdan deyək ki, bizim Azərbaycan da günəş ölkəsidir)  isə 7 aya qədər səyahət edə bilərlər.

Bu gün ölkəmizdə avtomobil istismarçılarının əsas şikayəti təbii ki, yanacağın qiymətinin baha olmasındandır. İnşallah ki, günəş avtomobilləri, istehsalçılar deyən kimi, kütləvi tələbata məruz qalıb 30 min avro və daha ucuz qiymətə satılar, ikinci əl avtomobillər ümumiyyətlə statistik azərbaycanlı üçün əlçatan olar, onlar avtomobili alıb yanacağa və elektrik enerjisinə pul vermədən rahatca onu sürərlər. Onda gecələr “Benzinin qiyməti daha 20 faiz (30, 40, 50 fazi) qalxdı” qərarını verib avtomobil sahibləri üçün qorxunc kabusa çevrilən Tarif Şurasından da daha heç kəs qorxmaz.