Bu dəfə Lənkəranda

Rate this item
(0 votes)

 

Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək" adlı layihə üzrə növbəti təlim-seminarı Lənkəran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün 3 gün müddətində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki. layihədə ümumilikdə 12 mədəniyyət müəssisəsindən 35-dək əməkdaş iştirak etmişdir.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmmədxanova tərəfindən aparılan təlim-seminarda muzey fondlarında qorunan eksponatların sənədləşmə işi, onlar üçün əlverişli şəraitin təşkili, elmi inventarizasiya, ekspozisiyanın tərtibatı üçün tematik planların hazırlanması barədə söhbət açılıb. Həmçinin, digər ölkə muzeylərini bəzəyən incəsənət nümunələrimiz haqqında və xalça məmulatları, bədii metal, parça, geyim, tikmə, çini, şüşə, ağac, kağız və zərgərlik məmulatlarının qorunub saxlanılması barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.