Qurbağaya şiddət və Salahlıdakı eşşək

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı Şəmsi Qocanın “Qurbağanın qohumları” yazısını təqdim edir. Düşünürük ki, müəllif çox aktual, reytinqgətirici bir məsələni işıqlandırıb. 

 

 Dünən sosial şəbəkələr yenə də "partlayırdı". Çox "mühüm" bir hadisə baş vermişdi. Ağdam rayonundakı 71 nömrəli məktəbin direktoru Ülviyyə xanım biologiya dərsində qurbağa üzərində təcrübə aparmışdı və həmin dərsi də çəkib feysbuk səhifəsində yerləşdirmişdi. Dərhal da millət hərəkətə keçmiş, qurbağaya şiddətə görə Ülviyyə müəllimi tənqid atəşinə tutmuşdular. Ətraflarında insanlara şiddəti görməyənlər, görüb cınqırını çıxarmayanlar birdən-birə qurbağa haqları üzrə müdafiçilərə çevrilmişdilər. Bir sözlə, qurbağanın qohum-əqrəbası tapılmışdı.

Sözümü burada yarımçıq qoyub sovetlər dönəmində geniş yayılmış bir lətifəni xatırlamaq istəyirəm. 

70-ci illərdə Qazax rayonuna  yeni katib təyin olunur. Bir gün katib kəndləri gəzməyə çıxır. Yuxarı Salahlıdan keçəndə  görür ki, bir kişi eşşəyi minib gedir. Sürücüyə maşını saxlamağı əmr edir. Sürücü çox deyir ki, bu salahlılara ilişmə, peşiman olarsan, katib inadından dönmür. Maşından düşüb kişinin üstünə şığıyır:- Ağsaqqal kişisən, utanmırsan, heyvana bu yayın günündə zülm edirsən?- deyə çəmkirir. 

Gözünə döndüyüm salahlılı eşşəkdən düşüb arxasına bir təpik vurub deyir:- Yeri, yeri, ay qohum ağravalı baxtavar,  təzə katiblə də qohum çıxdın, daha sənə batmaq olmaz!

Hə, indi gələk əsas mətləbə. Birincisi. Ülviyyə müəlliməyə haqq olur. Ona görə ki, sənə deyən gərəkdir ki, dərsini keçmisən, əcəb eləmisən, onu sosial şəbəkədə paylaşmaqla nə qazanırsan? Təhsilin başbilənlərinin küyünə gedib feysbuk direktoru olmağın bədəli belə olacaqdır. Bilmirsən ki, indi qurbağanın da qohum əqrəbası var? 

İkincisi, Ülviyyə müəlliməni tənqid edənlərin məktəbdən, məktəb laboratoriyasından xəbəri yoxdur. Onlar haradan bilsinlər ki, məktəbin biologiya labororiyasında təcrübə qurbağaları var və onlar məhz bu məqsədlə verilir. 

Burda da yadıma Cəfər Cabbarlının bir şeiri düşür:

 

Hacı, qlasnı, kəndxuda

Qapıb külüngünü gəlir, 

uçuq komanın üstünə.

 

Heç kimə gücü çatmayanlar, məktəbdə gedən proseslərdən xəbəri olmayanlar külüngünü götürüb düşür məktəbin, müəllimin üstünə. 

Düşün. Çox yaxın zamanda bunun acısını çəkəcəksiniz. İyrəndirin müəllimi öz peşəsindən. Qurbağayla qohumluğunuzun bədəlini mütləq alacaqsınız. 

 Bunu 2 ay bundan əvvəl yazsaydım məni tərəfkeşlikdə ittiham edə bilərdiniz. İndi nə direktoram, nə də müəllim. Amma həqiqəti bilirəm və deyirəm.:

O müəllimənin üstünə getməyin. Sizin qohumunuz da, əziziniz də özünü balalarınız üçün həsr edən odur, qurbağa yox. Onun qohumu olun, qurbağanın yox!

P.S. İndi həmin məktəbin səhifəsinə baxdım. Dərsin videosu yığışdırılıb. Bilmirəm, Ülviyyə müəllimə canının dərdindən belə edib, yoxsa "yuxarılar"dan tapşırıq gəlib? Hər iki halda bu, qaragüruh qarşısında əyilməkdir.