Pampersli vəzifə əhlimiz, Fortepiano günü və Putinin gəlişi Featured

 

28 - 29 martın təqvimi Varisin təqdimatında

 

Çöplə yemək günü

Hər vaxtınız xeyir olsun!

Əvvəllər təkcə hamının tanıdığı dondurma, bir də uşaqların sevə-sevə yediyi şirin xoruz çöp üzərində olardı, indi çöp üzərində kabab, kartof qızartması və digər ərzaqlara rast gəlinir. Get-gedə bu sahə zənginləşir. Təqvimə də ayrıca bir bayram salıblar. Ağa deyir sür dərəyə, sürək də. Haydı, çöp üzərində bir şey tapıb yeməyə!

 

Pişiyə nəvaziş günü

Əslində, bizim insanlar pişiklərə olmazın nəvaziş göstərirlər, əllərində yemək evdən çıxıb pişik yemləməyə gedən adamlar da az deyil. Amma bu gün Pişiyə nəvaziş günüdürsə, gərək hamı, hətta pişiklərdən zəndeyi-zəhləsi gedənlər də pişiklərə nəvaziş göstərsinlər. Qarşınıza çıxan qara pişiyə belə acıqlanmağa ixtiyarınız yoxdur bu gün, biləsiniz.

 

Azərbaycan Milli Təhlükəsizlik Orqanı əməkdaşlarının peşə bayramı

1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradıldı. Lakin azadlıq çox çəkmədi və 1920-ci ildə rus-bolşevik ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi. Azərbaycanda SSRİ DTK-sı şöbəsi yaradıldı. Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi  yarandı. Hazırda bu idarə Dövlət Təhlükəsizliyi Xidməti adı altında fəaliyyət göstərir.

Peşə bayramının məhz 28 martda keçirilməsi də məhz Cumhuriyyət dönəmində yaradılmış milli təhlükəsizlik orqanının yaranması tarixi ilə bağlıdır. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

Peşə bayramınız mübarək, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları!

 

Alyaskada Syuard günü

Adətən mətbəx bayramı qeyd edən amerikalılarda bu gün şərəfli bir bayram da qeyd edilir. Alyaskanın ruslardan alınmasının ildönümü bayramıdır bu. Amma amerikalılar adətlərinə xilaf çıxmadan bu gün mətbəxə aid bayrama da sevinəcəklər. Onlarda bu gün həm də “Qara meşə” adlanan tort günüdür. Bəs niyə qara meşə? Bu, Schwarzwalder Kirschorte adlı məşhur alman desertinin ingiliscə tərcüməsidir, Black Forest Cake.

Deyilənə görə, çox dadlı olur.

 

Balkar xalqının dirçəlişi günü

Şimalı Qafqazdakı öz tarixi vətənlərindən qovulan türkdilli balkar xalqı 1957-ci ilin bu günündə SSRİ Ali Sovetinin qərarı ilə vətənlərinə qaytarılıblar, orada paytaxtı Nalçik olan Kabardin-Balkar muxtar Respublikası yaradılıb. Balkarlar bu günü böyük təntənə ilə qeyd edirlər.

 

Yaponlardan tibetlilərəcən

Bu gün Yaponiyada çay mərasimi günü qeyd olunacaq. Yaponlar hamılıqla çay süfrəsi arxasında əyləşəcəklər. Tibetlilər Çinin qul əsarətindən azadolunma günlərinə sevinəcəklər. Çexlər və slovaklar müəllim, serblər konstitusiya gününü qeyd edəcəklər.

 

Konstantinapolun İstanbula çevrilməsi

2008-ci ilin bu günündə əzabkeş Ukraynada Vikipediya məqalələrinin 100000 həddinə çatması qeydə alınıb. 1970-ci ilin bu günündə Sovet avtomobil sənayesi “Jiqulu” avtomobillərinin istehsalına başlayıb. Yerli bazar üçün VAZ-2101,02, 03 və 06, xarici bazar üçünsə Lada-1200, 1300, 1500 və 1600 növləri buraxılıb. 1930-cu ilin bu günündə Türkiyədə yunan adlı Konstantinopol və Anqora şəhər adlarını İstanbul və Ankaraya dəyişiblər.

 

Ledi Qaqanı sevənlərin menyüsünə

1986-cı ilin 28 martında hazırda dünyanın ən şöhrətli müğənnilərindən biri olan, amerikalı Ledi Qaqa dünyaya gəlib, qaqasevərlər instaqramdan təbrik edə bilərlər onu. 1974-cü ilin bu günündə Azərbaycanın ilk reperi, mərhum Anar Nağılbaz, 1964-cü ilin bu günündəsə eks vergilər naziri Fazil Məmmədov dünyaya gəliblər. Nazir ikən ad günündə onu təbrik etmək üçün uzun növbələr yaradan, təzim edə-edə bahalı hədiyyələr təqdim edənlərdən bircəciyi onu təbrik edəcəkmi görəsən?

1928-ci ilin 28 martında dünya siyasətinin ən ünlü isimlərindən biri, siyasi idarəetmə elminin atası, polyak mənşəli ABŞ politoloqu Zbiqnev Bzejinski, 1924-cü ilin 28 martında Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, şuşalı şair, bir müddət mədəniyyət nazirinin müavini olmuş Teymur Elçin doğulublar. 

1897-ci ildə pampersi kəşf edən Amerika mühəndisi Viktor Millz döğulub. Düz 100 il yaşayan bu şəxs pampersi uşaqlar üşün nəzərdə tuturdu. O vaxt onun ağlına belə gəlməzdi ki, vaxt gələcək, vəzifədən getmək istəməyən qosqoca və tam xəstə insanlar da kresloda duruş gətirmək üçün pampers taxacaqlar. 

1895-ci ilin bu günündə görkəmli Azərbaycan ədəbiyyatşünası Əziz Şərif doğulub. Maksim Qorki adı kimə tanış deyil ki. Bu gün həm də məşhur rus sovet yazıçısının ad günüdür.154 illiyidir.

1709-cu ildə Aleksey Razumovskiy – ukraynalı feldmarşal dünyaya gəlib. O, Çar sarayında Ukraynanın maraqlarını lobbiləşdirən ən məşhur şəxsiyyət olub.

 

Şaqal, Eyzenhauer və Qroznı

Bu gün dünyadan köçənlərə gəlincə, 1985-ci ildə yəhudi əsilli fransız rəssamı, böyük impressionist Mark Şaqal, 1969-cu ildə ABŞ-ın 34-cü prezidenti, döyüş sərkərdəsi, “Ayk” ləqəbli qorxubilməz Duayt Eyzenhauer, 1943-cü ildə məşhur rus bəstəkarı və pianoçusu Sergey Raxmaninov, 1941-ci ildə ədəbiyyatda modernizm cərəyanının banisi, ingilis yazıçısı Vircinya Vulf vəfat ediblər. 28 mart həm də tarixin ən qəddar insanlarından biri, öz doğma övladına belə rəhm etməyən ilk rus çarı İvan Qroznının vəfatı günüdür. Həmin xoş tarix 1854-cü ilə təsadüf edir.

 

29 mart

 

Ümumdünya fortepiano günü

Musiqi xadimi Nils Framın təşəbbüsü ilə ilin 88-ci günündə bütün dünya bu sirli-sehirli, ecazkar çalğı alətinin gününü bayram edir. Niyə 88? Çünki fortepianonun məhz 88 dili var.  

Fortepiano tapa bilməsəm də mən şəxsən bu gün pianoda ifa edərək bu özəl günü özlüyümdə qeyd edəcəyəm. Sizə də məsləhətdir.

 

Tüstü və güzgü bayramı

Qəribə bayramdır, elə? Əslində, günün sadə adı ilyuzionist, yəni gözbağlayıcı günüdür. Bu maraqlı sahədə çalışanların da öz peşə bayramları var imiş. 

Bir dəfə bulvarda bir səhnənin şahidi olmuşdum. Bir gözbağlayıcı bir nəfərdən bir manatlıq alıb manatlığı ovcunda saxladıqdan sonra ona əvəzində iki dənə manatlıq qaytarmışdı. Xoşbəxt olan şəxs bu dəfə ona yüzlük vermişdi. Ovucdan iki yüzlüyün çıxacağını gözləyən biçarə ordan ümumən pul çıxmadığını görəndə gözbağlayıcının üzərinə yerimişdi. O da demişdi ki, bayaq alındı, indi alınmadı, neynəmək olar?

Necə deyərlər, artıq tamah baş yarar.

 

Niaqara şəlaləsi quruyan gün

Aətən saniyədə 3160 tonn su keçən Niaqara şəlaləsi 1848-ci ilin 29 martında buzlaqlar səbəbindən qurumuş, şəlalə funksiyasını itirmişdi. İnsanlar dəhşətə gəlmiş, bunu Allahdan gələn bəla hesab etmişdilər. Sonrakı günlər su tədricən axmağa başlamışdısa da insanların suyun yenidən quruya biləcəyi qorxu-hürküsü bitməmişdi. O vaxtdan da bu gün, bir növ, “faciə qaşla göz arasındadır” anlamında qeyd edilməkdədir.

 

Amerika trilogiyası

Dünyanın lider dövlətində bu gün 3 bayram bir-birinə qarışacaq. Vyetnam müharibəsi veteranları günü. Kiçik biznes sahiblərinin bayramı. Və təbii ki, bir də qida bayramı – milli şifon biskviti günü. 

 

Qolodomor, Cola-nın ad günü, Bethovenin səhnəyə ilk gəlişi

1999-cu ilin 29 martını bu gün – Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda hamı təəssüflə xatırlamalıdır. Çünki həmin gün Rusiya prezidenti Boris Yeltsin Rusiyanın Təhlükəsizlik Şurasına heç kəsin tanımadığı Vladimir Putin adlı bir şəxsi sədr gətirdi, ilin sonunda da çox yorulduğunu bəyan edib onu öz yerinə prezident təyin elədi.

Sovet dönəmləri filmlərini xatırlayırsınızmı, onlardan biri – Vladimir Vısotskinin çəkildiyi “Görüş yerini dəyişmək olmaz” çox populyar idi. Odessa kinostudiyasının çəkdiyi həmin filmin premyerası 1979-cu ilin bu günündə baş tutmuşdu. 

Sovet xalqından gizlədilən gerçəklikləri 1933-cü ildə uelsli jurnalist Qaret Jons üzə çıxararaq dünyaya bəyan etmişdi. O, ukrainlərə qarşı həyata keçirilən dəhşətli qolodomordan, insanların aclıqdan qırılmasından bəhs etmişdi. 

1910-cu ilin bu günündə Marseldə tarixdə ilk dəfə səmaya hidroplan qaldırılıb, pilotu Albert Fabr olub. Kolasevərlər, məlumunuz olsun ki, bu gün sevimli içkinizin 136 yaşı tamam olur. 1886-cı ilin bu günündə Atlantada Con Pemberton hazırkı Coca Cola-ya “müalicəvi içki” adı altında patent alıb. 1847-ci ilin bu günündən Lev Tolstoy gündəlik tutmağa başlayıb. 1795-ci ildə isə dahi alman bəstəkarı Lüdviq van Bethoven Vyanada ilk konsertini verib.

 

Tanınmış mədəniyyət xadiminin doğum günü

Bu gün tanınmış aktyor, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyovun doğum günüdür.  Gəray Ayaz oğlu Əlibəyov 1955-ci ildə Füzulu rayonunun Dədəli kəndində dünyaya göz açıb. Səkkizilliyi həmin kənddə, orta məktəbi Füzuli rayonu B.Sərdarov adına məktəbdə bitirib. 1973-1977-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alaraq Gəray Əlibəyov bütün həyatını teatra və kinoya həsr edib. O, Sumqayıt Dövlət Teatrında aktyor, şəhərin “Veteran” klubunda direktor, Bakıdakı “Araz” kinoteatrında direktor müavini və direktor, "Sinema" kiçik dövlət müəssisəsində direktor, Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, ULUS FİLM prodüsser mərkəzinin direktoru vəzifələrində çalışıb. 

Gəray Əlibəyov “Tütək səsi”, “Sevinc buxtası”, “Gözlə məni” və “Qanlı zəmi” kimi populyar filmlərdə yaddaqalan obrazlar yaratmışdır. 

O, Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən hesab olunan "Cavad xan” filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskva, Tehran, Budapeşt, Varşava, Kiyev və Nyu-York şəhərlərində təqdimatının keçirilməsinə nail olmuşdur. 

2005 -ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür.

2021-ci il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya sədrlik edən Gəray Əlibəyov ölkənin mədəni həyatında canlanma yaratmağa nail olaraq bir çox layihələrin həyata keçməsini təmin etmişdir. Bakıda keçirilən xalq teatrlarının festivalı, Sumqayıtda keçirilən Mədəniyyət forumu və digərləri dediyimizə əyani sübutdur.

Gəray Əlibəyovu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona mədəniyyətimizin çiçəklənməsi yolunda yeni-yeni uğurlu layihələrə imza atmağı arzulayırıq.

 

Elşən Xəzər və Qovoruxin

Meyxanasevərlər bu gün Elşən Xəzəri təbrik etməyə tələsəcəklər, istedadlı meyxanaçı ömrünün 49-cu baharına qədəm qoyacaq. 

1936-cı ilin 29 martında tanınmış rus-sovet kinorejissoru Stanislav Qovoruxin, 1873-cü ilin 29 martında isə Güney Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, satirik şair Mirzə Əli Möcüz dünyaya gəliblər.

Çalındı suri-israfil və bidar oldu hər millət,

Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.

Yüz il öncə Mirzə Əli Möcüzün söylədikləri görün necə indimizdə də aktuallığını qoruyub saxlayır.

Allah amanında!