Musiqi ölən gün

 

Bu günə - 3 fevrala təsadüf edən əsas tarixi hadisələri və əlamətdar bayramları diqqətinizə çatdırırıq:

 

Hissediləcək sıçrayış günü

Bu bayramın kökündə kiminləsə mövcud olan çox pis münasibətlərin ani qərarla, kökündən dəyişilməsi durur. Bəzən kimsə əxlaqca pozğunla, narkomanla, əyyaşla, ümumən, pis adamla münasibətini illər uzunu qıra bilmir, beləsindən ancaq ziyan görür. Bu 3 fevral günü qəti qərar qəbul etmək üçün ən uyğun vaxtdır. Necə ki, ağacın quru budaqları kəsilməsə ağac inkişaf etməz, eləcə də insan arzuolunmaz tanışlıqlardan qurtulmasa inkişafdan qala bilər. Haydı, qırılın pis bağlardan!

 

Şpisbergendə qütb cazı festivalı

1998-ci ildən dünya cazsevərləri 3-5 fevral günlərində Norveçə üz tuturlar, orda qütb dairəsində möhtəşəm caz festivalında – Polar Jazz-da iştirak edirlər. Bu, həm də dünyanın ən şimal musiqi festivalı kimi tarixdə ayrıca yer tutur.

Koronavirus dövrü olsa da Şpisbergendə bu il olduqca mötəbər cazmenlərin iştirakı gözlənilir. Bir sözlə, əsil caz bayramı olacaq.

 

“Musiqi ölən gün”

Musiqi ilə bağlı bugünkü təqvimdə daha bir xatırlatma var. Bu gün dünyada “Musiqi ölən gün” adı ilə qeyd ediləcək. 1959-cu ilin 3 fevralında əfsanəvi Amerika rok musiqiçiləri Baddi Xolli, Riçi Valens və Böyük Bopper (C.Riçardson) aviaqəzada həlak olublar, onların xatirəsini bütün dünya roksevərləri yad edəcəklər.

Vyetnamlılar Kommunist partiyasının yaranışını, tailandlılar veteranlar, mozambiklilər qəhrəmanlar gününü, avstriyalılar qulluqçuların məzuniyyəti gününü qeyd edəcəklər. Yaponlarda Setsubun günüdür, baharın nəfəsinin duyulması bayramıdır. 

Amerikada isə Milli yerkökü tortu günüdür.

 

8000 dollara qəzet

2009-cu ilin 3 fevralında İran ilk dəfə kosmik fəzaya “Omid” (yəni Ümid) adlı milli peyk  buraxıb. 2005-ci ildə tarixin ən bahalı qəzeti Çində işıq üzü görüb, Şençjen şəhərində Economic Daily qəzetinin xüsusi buraxılışı qızıl kağızda çap olunub, hər nüsxə 8000 dollara satılıb. 1992-ci ildə müstəqil Ukrayna Türkiyə ilə diplomatik əlaqələr qurub. 1987-ci ildə SSRİ-nin eks daxili işlər naziri, SSRİ-nin baş katibi Leonid Brejnevin kürəkəni Yuriy Çurbanov rüşvət maddəsi ilə həbs olunub. 1984-cü ildə Kaliforniyada süni mayalanma yolu ilə ilk uşaq dünyaya gəlib. 1969-cu ildə Fələstin milli konqresinə Qahirədə Yaser Arafat rəhbərliyə gətirilib. 1962-ci ildə ABŞ rəhbərliyi sosialist Kubasına iqtisadi embarqo qoyub. 1815-ci ildə İsveçrədə dünyada ilk pendir istehsal edən fabrika açılıb. 

 

Kimlər gəldi...

1947-ci ildə Amerikanın müasir dövr qızıl yazıçıları pleadasında yer almış Pol Oster, 1891-ci ildə Azərbaycan yazıçı-səlnaməçisi, istiqlalçı mühacir, dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli, 1874-cü ilin 3 fevralında Amerika yazıçısı, “itirilmiş nəsil” termininin yaradıcısı Gertruda Stayn, 1872-ci ildə məşhur Ukrayna memarı, Kiyevdə Nazirlər Kabinetinin binasını tikmiş İvan Fomin, 1820-ci ildə dünyanın ilk qadın həkimi Elizabet Bekvil dünyaya gəliblər.

Bu gün iki azərbaycanlı məmurun da doğum günləridir. 1954-cü ilin bu günündə Laçında hazırda Sumqayıtın icra hakimiyyəti başçısı işləyən, Sumqayıt bulvarı möcüzəsinin müəllifi Zakir Fərəcov dünyaya gəlib. 1941-ci ilin bu günündə Gəncədə isə Azərbaycan Milli Məclisinin komitə sədri olan, parlament tariximizdə, eləcə də ölkəmizin ictimai-siyasi həyatında xüsusi yeri olan Arif Rəhimzadə doğulub.

 

Kimlər getdi...

1994-cü ilin 3 fevralında tanınmış Azərbaycan lirik tenoru, xalq artisti Rauf Atakişiyev, 1990-cı ilin bu günündə istedadlı aktyor, sevilən obrazlar yaratmış Hamlet Xanızadə, 1944-cü ilin bu günündə Azərbaycan Xalq Cumhuriyyətinin tanınmış dövlət xadimi olmuş Həmid bəy Şahtaxtinski, 1468-ci ilin 3 fevralında İoqann Qutenberq –alman çapşısı, Avropanın rəsmən ilk çapşısı vəfat ediblər.

 

Və ən nəhayət

1918-ci ilin 3 fevralında Rusiyada hakimiyyətə gəlmiş inqilabi komitə çar dövrünün və müvəqqəti hökumətin 600 milyard rublluq istiqrazlarını ləğv etdi. Bakı milyonçuları da bu zərbənin altını çəkdilər, birdən-birə varlı-hallı insanlar dilənçi kökünə düşdülər.

Antimilli məzmunu olan sovet hakimiyyəti ona görə də sonradan süqut etdi. Tarix boyu insanlara qarşı ədalətsiz mövqe tutan hakimiyyətlər gec-tez devrilirlər.

 

Varisin “Həftənin təqvimi” yazısından