Vaqif Səmədoğlu, Xolokost və Rövşən Lənkəranski Featured

 

27-28 yanvarın təqvimi Varisin təqdimatında 

 

27 yanvar

Beynəlxalq Xolokost Qurbanlarının xatirəsi günü

İnternational Holokaust Remembrance Day. 1933-1945-ci illərdə baş vermiş və Xolokost adı almış, bütün yəhudilərin üçdə birinin məhvinə səbəb olmuş antiinsan aksiyasına rəvac vermiş faşizm daha mövcud deyil, amma millətçilik, irqçilik meyilləri yenə də var. Və nə qədər ki, insanlar milli mənsubiyyətlərinə görə məhv edilirlər, Xolokost daim gündəmdə olmalıdır, insanlığa qənim kəsilənlərin ən böyük ittihamı kimi ona daim müraciət edilməlidir. 

Tarixdə soyqırımları çox olub, amma yəhudi xalqına qarşı olan soyqırımı masştabında başqa birisi olmayıb. 

Bu günü Xolokost Qurbanlarının xatirəsi günü kimi qeyd etmək barədə qərarı BMT-nin Baş Assambleyası 2005-ci ildə verib. Niyə bəs 27 yanvar? 1945-ci ildə Sovet qoşunları Osvensim həbs düşərgəsinə daxil olub oradakı yəhudi hərbi əsirləri azad ediblər, tarix buradan götürülüb. 

Belə bir günü təqvimə salmaqla məqsəd təbliğat və təşviqat mexanizmini bütün gücü ilə işə salmaq, millətçi meyilləri dayandırmaq, faşizmin kökünü kəsməkdir. Hazırkı və gələcək nəsillər heç vaxt Xolokost dəhşətlərini unutmamalı, ondan lazımi nəticələr çıxarmalıdırlar.

Bu gün hər bir azərbaycanlı yəhudi xalqına başsağlığı verir, ölənlərin ruhları üçün dualar edir.

 

Rusların Hərbi Rəşadət günü

Dağlıq Qarabağda minimal sayda sülhməramlı adı altında rus hərbçisi yerləşdirildikdən sonra bu sayın astronomik sürətlə artması sülhməramlılığın əsil mahiyyətinin nə olmasınını üzə çıxardı. Amma rus hərbçisi tək bizim üçün gündəm təşkil etmir. Hazırda Ukraynaya müdaxilə məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu və ya digər məsələlərə görə Rusiyanın hərb siyasəti aktualdır, bu mövzuda  istənilən gəlişmə maraq dairəsindədir.

Bu gün, olsun ki, Dağlıq Qarabağdakı rus hərbçiləri bir parad da təşkil etsinlər, nümayişkəranə, öz hərbi güclərini gözə soxsunlar. Niyə? Çünki bu gün Rusiyanın Hərbi Rəşadət günüdür. Bu günün tarixi 1944-cü ilin 27 yanvarına gedib çıxır. Leninqradın blokada mühasirəsindən çıxdığı günə. 

 

Almanlar nasional-sosializmi pisləyəcəklər

Bu günü Böyük Britaniya ayrıca xolokost qurbanlarını yad edəcək bir gün kimi təqvimə salıb. İtaliyada faşizm və nasizm qurbanlarının xatirə günü qeyd ediləcək.  Təbii ki, Almaniya özü də əsas baiskar kimi beynəlxalq təqvimə gün saldığından neytral qala bilməz, bu gün Almaniyada Nasional-sosializm qurbanlarının xatirə günü qeyd ediləcək. 

Gürcülərdə bu gün gürcüləri maarifləndirən müqəddəs apostol Nina günüdür, türkmənlərdə Vətənin müdafiəçisi günüdür, Serbiyada və Bosniyada müqəddəs Savva günüdür (bu günün bir adı da Məktəb günüdür). Monakoda ölkənin himayədarı Devoutun günüdür. Amerikada isə Milli şokolad keksi günüdür.

 

Televizorun dünyaya gəlişi və Leninin mumiyası

2000-ci ilin bu günündə Misirdə qadına boşanmaq hüququ verilib. 1997-ci ildə Aslan Masxadov Çeçenistanın prezidenti seçilib. 1973-cü ildə Parisdə Vyetnam müharibəsinin sonunu gətirən sülh müqaviləsi imzalanıb.  1967-ci ildə ABŞ-ın Aya səfər edəcək “Apollon” kosmik gəmisi məşq zamanı yanıb, bütün ekipaj həlak olub. 

1926-cı ildə Londonda şotlandiyalı ixtiraçı Con Beyrd televiziya görüntülərini qəbul edib nümayiş etdirən qurğunu – televizoru ilk dəfə nümayiş etdirərək tarixdə yeni bir eranın başlanğıcını qoyub. 1924-cü ildə Moskvada, xüsusi Mavzoleydə Vladimir Leninin cəsədini balzamlaşdırıb nümayişə qoyublar. 

1918-ci ildə ABŞ kinoteatrlarının ekranlarına baş rolda Elmo Linkoln çəkilən “Tarzan – meymun qəbiləsindən” filmi çıxıb. 1880-ci ildə Tomas Edisson elektrik lampasını patentləşdirib. 1860-cı ildə Taras Şevçenkonun “Kobzar” külliyyatı çap olunub.

 

Kimlər gəldi

1975-ci ilin 27 yanvarında Rövşən Lənkəranski ( Rövşən Canıyev) – Azərbaycanın oğru dünyasının ən tanınmış üzvlərindən biri dünyaya gəlib. Atasının qatilini 17 yaşında ikən məhkəmə zalında güllələməklə ədalət aşiqi və namus qisasçısı kimi yaddaşlara həkk olunub Rövşən Lənkəranski. 

1944-cü ildə ingilis musiqiçisi, məşhur Pink Floyd qrupunun üzvü Nik Meyson doğulub. 1939-cu ilin 27 yanvarı Azərbaycan incəsənətinə iki tanınmış xadimi bəxş edib. Sazın görkəmli ifaçısı Ədalət Nəsibovu və komik rollarla yadda qalmış aktrisa Ofelya Aslanı.

1924-cü ildə Şimali Kiprin ilk prezidenti Rauf Denktaş, 1906-cı ildə görkəmli Azərbaycan tarixçisi Sara Aşurbəyli, 1839-cu ildə Ukrayna himninin sözlərini yazmış folklorçu Pavel Çubinskiy, 1832-ci ildə “Alisa möcüzələr ölkəsində” romanını yazmış ingilis riyaziyyatçısı Lyuis Keroll, 1826-cı ildə rus yazıçısı Mixail Saltıkov-Şedrin anadan olublar. 

Bunu isə xüsusi qeyd etməyə dəyər: 1756-cı ildə dünyaşöhrətli Avstriya bəstəkarı “Don Juan”, “Fiqaronun toyu” kimi 20 ölməz operalarla, 50 simfoniya ilə dünya incəsənətinin qızıl fondunu yaratmış Volfqanq Amadey Motsart dünyaya gəlib. 

 

Kimlər getdi

2014-cü ilin 27 yanvarında “Laçınım” oxuyaraq Laçının azadlığını görə bilməyən müğənni Məhəbbət Kazımov vəfat edib. 

2010-cu ildə dünya ədədbiyyatına üst-üstə 60 milyon nüsxə çap edilmiş “Çovdarlıqda uçurumdan qoruyan” kimi şedevr bəxş etmiş yəhudi əsilli Amerika yazıçısı Cerom Sellincer 91 yaşında dünyadan köçüb, bu günü dünya ədəbiyyatsevərləri Sellincerin xatirə günü kimi qeyd edəcəklər. 

2008-ci ildə İndoneziyanın ən böyük dövlət xadimi Suxarto, 1983-cü ildə məşhur Fransa kinoaktyoru Lui de Fyunes, 1901-ci ildə dahi italyan bəstəkarı Cüzeppe Verdi, 1732-ci ildə fortepianonu kəşf etmiş italyan ustası Bartolomeo di Françesko dünyadan gediblər. 

 

28 yanvar

Antarktidanın kəşfi günü

Antarktida sözünün mənası bilirsinizmi nədir? “Ayının əks tərəfində”dir. Qədim yunanlar buzlu şimalı Böyük Ayı qübbəsinin şərəfinə Arktikos adlandırıblar, amma bura çox soyuq olduğundan orda əsl ayılar yaşamırlar. Antarktida da yunancada Arktikanın əksi mənasını bildirir. 

1820-ci ilin 28 yanvarında “Vostok” və “Mirnıy” adlı iki gəmi ilə ruslar Bellinsqauzenin və Lazarevin başçılığı altında bu sirli materiki – sonuncu, altıncı materiki kəşf ediblər. Bu gün Antarktida heç bir ölkəyə aid deyil, ərazisi 13, 6 milyon kilometrə bərabərdir. Bura planetin ən soyuq və ən quru zonasıdır. Burda illik yağıntı cəmi 10 santimetrə bərabərdir. Planetin içməli su ehtiyatının 70 faizi Antarktidadadır.

Mütəxəssislər buranın iqlimini Marsın iqlimi ilə eyniləşdirirlər, təsadüfi deyil ki, NASA kosmik sınaqları burada həyata keçirir. Antarktidada ən soyuq hava 91,2 dərəcə şaxtanın qeydə alınması ilə müəyyənləşib, yayda burada 30-50 dərəcə şaxta olur. Burada cəmi iki bitki var – Kolobantuskito və Antarktida çəmənliyi. Heyvanlardan isə burada yalnız pinqvinlər yaşayırlar. 

Qitə beynəlxalq qoruq hesab edilir. 

Ciddi sözümdür, elə arzulayıram ki, kaş Antarktidada bir metereoloji stansiya qurulaydı, onu işlətməyi də mənə həvalə edəydilər. Pinqvinlərlə, kolobantuskito ilə yoldaşlıq edə-edə oradaca yaşayaydım.

 

Beynəlxalq Personal məlumatların qorunması günü

İnsanların konfidensial məlumatlarının qorunması, xüsusən indiki İKT-nin hədsiz yüksəlişi, robot casusların, dinlənmə aparatlarının, video kameraların tüğyan etdiyi zamanda vacib hesab edilir. Data Privacy Day – 1981-ci ildən etibarən 27 Avropa ölkəsində, ABŞ və Kanadada qeyd edilir, Avropada bu gün İnformasiyanın müdafiəsi günü adlanır. 

Hər bir insan izlənilməməyə, gizlin məlumatlar saxlama hüququna malikdir, amma çox təəssüf ki, bu qaydalara əksərən əməl olunmur. Nə isə. 

 

Ukraynada Dövlət bayrağının təsdiqlənməsi günü

Ukraynanın Ali Radası 1992-ci ilin bu günündə sarı-göy bayrağı rəsmi olaraq təsdiqləyib, odur ki, bu gün qardaş ölkədə Dövlət Bayrağının təsdiqlənməsi günü kimi qeyd ediləcək. Hər ilin 23 avqust tarixi isə Ukraynada Dövlət basyrağı günü kimi qeyd edilir. 

Sovet imperiyasından qopan bütün xalqlar eyni acılar yaşayıblar, müstəqillik onlar üçün ağır itkilər bahasına başa gəlib. İndi bu xalqlar öz müqəddəs bayraqlarına sarılaraq müstəqilliklərini qorumaq uğrunda çabalar göstərməkdədirlər. Bu ukraynalılar üçün müqəddəs gündə hər bir ukraynalını, eləcə də Azərbaycan – Ukrayna dostluq və qardaşlığına töhfələr verən Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladıslav Kanevskini təbrik edir, jovto-siniy (sarı-göy) bayrağın daim dalğalanmasını arzu edirik.

 

Kazu günü

Amerikalıların bu nəfəs çalğı aləti 1840-cı ilin bu günündə kəşf edilib, dünya musiqisinə möhkəm daxil olub, xüsusi skiffl stili məhz bu alətlə yaranıb. 

Odur ki, təqvimə ayrıca Kazu gününü salmaqla bu alətə rəğbət izhar edilir. Adi hakim fitinin böyüyünü xatırladan kazu ilə bağlı amerikalıların böyük planları var, yeni dünyanın özünəməxsus nələrisə çox az olduğundan, onlara dəyər verməyi vacib bilirlər. 

 

Erməni ordusu

Nə deyirsiz deyin, amma bədxah qonşularımız bu gün Ordu gününü heç də alnıaçıq və üzüağ keçirə bilməyəcəklər. 44 günlük müharibədə onların ordusu necə pazlanıbsa, hələ də “dadı damaqlarından” getməyib. 

Bolqarlarda bu gün Qavril Lesnovskinin xatirəsi günüdür. 11-ci əsrin məşhur din xadimi, Lesnovski məbədinin yaradıcısı olub bu şəxs. 

ABŞ bu gün işdə şənlənmək gününü qeyd edəcək. Hamı iş yerində şənlənir, deyib gülürlər, yeyib içirlər. Burun sallayan əsla ola bilməz. Maraqlı təyinatdır, eləmi? Bu gün Amerikada həm də Milli Pediatr günüdür. Bəs mətbəx? Sualınız aydındır. Təqvimin hər gününə bir mətbəx bayramı salan amerikalılar bu gün də boş dayanmayacaqlar. Bu gün onlarda həm də Milli qarağatlı oladi günüdür.

 

Zəfər Tağı

1986-cı ilin 28 yanvarında havaya uçmasının 73-cü saniyəsində canlı yayımda Kanaveral burnu üzərində Amerikanın “Çellincer” kosmik gəmisi partlayıb. 1958-ci ildə Lego kompaniyası öz konstruktorunu üzə çıxarıb, hazırda dünya uşaqlarının bir nömrəli oyuncağıdır Lego konstruktorları. 1921-ci ildə Parisdə 1-ci dünya müharibəsində həlak olmuş naməlum əsgərə qoyulmuş abidənin açılışı olub. Bu abidə məşhur Zəfər Tağı adlanır. 1906-ci ildə Rusiya İmperiyasında qadınlar üçün ilk ali texniki məktəb – Sankt Peterburq qadın politexnik kursları yaradılıb. 

 

Xalq artisti Zaur Rzayevin 70 illiyi

Bir xatırlayın, sovet dönəmində məşhur bir xalq mahnısı var idi, “Dilbərim”. Onu oxumaqla gündəmə gəlmiş müğənni Zaur Rzayev necə sevilirdi. Elə bir dövlət konserti olmazdı ki, orda tamaşaçıların gur alqışı altında Zaur Rzayev bu mahnını oxumasın. 

Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci ilin 28 yanvarında Qazıməmməd (indiki Hacıqabul) rayonunda, dəmiryolçu Əlihüseyn Rzayevin ailəsində anadan olub. O, ilk dəfə 8 yaşında Dəmiryolçular klubunun istirahət konsertində səhnəyə çıxıb. Bir müddət sonra Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına solist götürülüb. 

15 illik musiqi təhsili olan sənətçi Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs ansamblının rəhbəridir.

Zaur Rzayev 1998-ci ildə Əməkdar, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 

Tanınmış müğənnimizi təbrik edirik.

 

Bu sonetlər əsla unudulmaz

1978-ci ilin 28 yanvarında biri İtaliyanın Toskana şəhərində, biri Azərbaycanın Sumqayıt şəhərində iki nəfər dünyaya gəlib, birincisi dünya futbol tarixində ən dahi qapıçı kimi ad çıxarmış Canluicci Buffon, digəri Azərbaycan ədəbiyyatşünaslığına və ədəbi tənqidinə layiqli töhfələr vermiş Elnarə Akimovadır. 

1925-ci ilin 28 yanvarı Azərbaycan şairi, sonetləri ilə məşhur olan Adil Babayevin doğum günüdür. İllər ötsə də bu sonetlər sanki indi yazılıbmış kimi canlıdırlar, ruh oxşayırlar, bu, fenomenal haldır. 

Qoy yapışsın əlimdən günəşin şəfəqləri,

Yenə qalxım ayağa, seyr edim üfiqləri,

Çağlasın varlığımda işıq dolu bir ilham.

 

Mən ömür istəmirəm riya, xəyanət üçün,

Yurduma gərək olan söz üçün, sənət üçün,

Ömürdən doymamışam, həyatdan doymamışam.

Bu cür yazırdı Adil Babayev. Ruhu şad olsun!

1912-ci ildə abstrakt ekspressionizmin ilk görkəmli nümayəndəsi olan Amerika rəssamı Cekson Pollak, 1884-cü ildə isveçrəli alim, stratostat və batiskafları kəşf edən Oqyüst Pikar, 1706-cı ildə ingilis çapçısı, adına şrift olan  Con Baskervill, 1693-cü ildə rus çaritsası Anna İvanovna, 1611-ci ildə Ayın ilk xəritəsinin müəllifi, polyak astronomu Yan Qaveliy dünyaya gəliblər. 

 

İosif Brodskidən 1-ci Pyotradək

2010-cu ilin 28 yanvarında yazıçı Sabir Azəri, 2002-ci ilin 28 yanvarında “Balaca və Damda yaşayan Karlsson” və “Uzuncorab Peppi” kimi uşaqlar üçün şedevrlər yaratmış isveç yazıçısı Astrid Lindqren, 1996-cı ildə Nobel mükafatçısı, yəhudi əsilli şair, esseist İosif Brodski, 1980-ci ildə Azərbaycan peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlı, 1944-cü ildə görkəmli maarifçi Qantəmir, 1725-ci ildə rus imperatoru 1-ci Pyotr vəfat ediblər.

 

Bu gün Vaqif Səmədoğlunun anım günüdür

2015-ci ilin bu günündə Vaqif Səmədoğlu da dünyaya əlvida deyib.

Onun barəsində rəsmi mənbələr belə məlumat verir: Vaqif Səməd oğlu Vəkilov; 1939-cu ilin 5 iyununda Bakıda, Səməd Vurğunun ailəsində dünyaya gəlib. Şair, dramaturq, publisist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Milli Məclisin deputatı (2000, 2005). Milli azadlıq hərəkatının liderlərindən biri olub. “İstiqlal” və “Şərəf” ordenləri kavaleridir, Humay və Nəsimi mükafatları laureatıdır. 

Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindən, Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Dövlət Konservatoriyasında təhsil alib. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971),  Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971),  Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri (1982–1985) vəzifələrində işləyib, "Oğuz eli" və “Cumhuriyyət” qəzetlərinin baş redaktoru (1992–1994) olub.

Poeziya, musiqi, teatr və kino sahəsinə yaddaşlarda qalan, dəyərli töhfələr verib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. İlk kitabı – “Yoldan məktublar” 1968-ci ildə işıq üzü görüb. Yüz minlərlə insanın pərəstiş etdiyi şeirlərin, “Bəxt üzüyü” kimi filmin, “Bir axşam taksidən”, “Sən uzaq yaşıl ada” kimi mahnıların, “Yaşıl eynəkli adam” kimi tamaşanın müəllifidir.

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də uzun sürən ağır xəstəlikdən sonra Bakıda dünyasını dəyişib, Birinci Fəxri Xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax rayonunun "Fəxri qazaxlılar" parkında büstü açılıb. 

Rəsmi məlumat bu qədərdir. Amma, məncə, burda heç nə yoxdur. Vaqif Səmədoğlu bu məlumatlara əsla sığmaz.

O, sanki bu dünyanın adamı deyildi. Onun dilini küləklər bilirdi, buludlar, yağışlar, Günəş, Ay bilirdi, insanlar isə ya bilmirdi, ya da bilməkdə çətinlik çəkirdi. 

Qohumluq əlaqəmiz olsa da Vaqif əmiylə çox az-az görüşürdük, onun üçün darıxanda şeirlərini oxuyurdum. O şeirlər bizim qalaktikadan kənarda yaranıb göndərilirdilər bizim ixtiyarımıza.

Kağızın üstünə düşüb, 

İki əlimin kölgəsi.

Yenə də lap zilə qalxıb

Təkliyin yalquzaq səsi...

 

Vaxtdan yaxa qurtarmışam,

Bilmirəm saat neçədir.

Ay yarımçıq, ulduzlar yox,

Yaman ölməli gecədir...

 

Nə varım var, nə barxanam

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa...

 

Bunu yalnız Vaqif əmi bu cür yaza bilərdi. Başqa heç kim. 

Eləcə də bunu:

 

Bu payız da başlandı, 

Bu yağış da... 

Ölülərim, 

Dirilərim dolanır içimdə, 

Xatirələr səyriyir gecəmdə, 

Təkliyimi minib at tək 

Yanır 

sönür 

ötür ömrüm... 

Ekspreslər dayanmayan 

Kiçik stansiyalar tək.

Çox təəssüf ki, insan ömrü həqiqətən böyük vağzallara deyil, kiçik stansiyalara sığışır yalnız. Və ən böyük həsrət, ən böyük nisgil kiçik stansiyaların dayanmadan, sürətlə ötüb keçən ekspress qatarlara olan həsrətidir.

Ruhun şad olsun, Vaqif əmi.