POEZİYAMIZIN QIZIL FONDUNDAN - Adil Mirseyid, “Hüznlə süslənib səhər” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə. 

Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi. 

Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər. 

 

balaca bir mətbəx şəkli çəkir

səhər erkən pəncərədən süzülən işıq

əşyaların çizgiləri aydınlığa qovuşur

seylon çayı dəm alır darçın qarışıq

bu mətbəxdə mavi bəyaz bir hüzn var

hüznlə süslənib səhər

süfrədə isti çörək radioda boyat xəbərlər

ətirşah qoxusutək islaq bir kədər

dənizin üstündən duman çəkilir

sübh namazına durub dua eləyir

umudları boşa çıxmış br qadın

bu balaca mətbəxi bu islaq ətirşah qoxusunu

bu qadının gözlərini bu qadının yuxusunu

və pəncərədən süzülən işığı sevirəm mən

bu sevda mənimlə məzara girər

uçun quşlar uçun, uçun dünya gözəldi bu gün

mən də bu gün qanad açıb uçardım

ürəyimdə ağır yük olmasaydı

gecə səhərə qədər ağlayan tut ağacı

gün doğunca gülümsədi üzümə

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)