Taleh Mansurun sevdiyi şeir Vaqif Səmədoğludandır Featured

Rate this item
(4 votes)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə "Sevdiyin şeiri, gəl, mənə söylə" rubrikasının qonağı

“Ən böyük sualam mən öz kölgəmə,

Qoşulub gedirəm nəyinə, bilmir", 

“Dünən elə getdi bu gün də belə, 

Yaman tələsirəm sabahımgilə. 

Yəqin ki, ölməyə bir az var hələ, 

Yaşamaq növbəmiz nə vaxt çatacaq?" misralarının müəllifi Taleh Mansurdur. 

 

ÜLVİYYƏ ƏBÜLFƏZQIZI

-Xoş gördük, Taleh bəy. Bildiyiniz kimi, rubrikamızda sevdiyiniz şairlərdən birinin şeirini oxucularınız üçün söyləməlisiniz. Bir az qəribə görünə bilər, çünki yaradıcı adam bir şeiri yox, sonsuz sayda şeir sevə bilər. Bu üzdən sualımızı şərti olaraq qəbul edin və elə bu dəqiqə "ovqat otağınızın" mənzərəsini bizə şeirlə təsvir etməyinizi istəyirik. Poeziya sehrli aləmdə dodaqların pıçıltısıdır, deyilmi?! Elə isə "ovqat otağınızı" bizə şeirlə ifadə edin. 

"Sevdiyin şeiri gəl mənə söylə." - deyirik.

 

TALEH MANSUR

Namərd qayğıların irili-xırdalı sınaqlarından asılı olmayaraq, mənim düşüncəm, ovqatım  hər zaman mərdi-mərdanə şeirə köklənir. Şeir yazmadığım, şeir oxumadığım, hətta şeirdən usandığım  günlərdə belə şeirlə nəfəs alıram. Bilənlər bilir, Vaqif Səmədoğlu mənim ən sevdiyim şairdi. Zaman-zaman  ürəyim, düşüncəm, Vaqif şeir Günəşindən süzülən şəfəqlərlə nura qərq olur. Fəqət  bu qızmar yay günlərində Vaqif Səmədoğlu Günəşindən bir yasəmən şeirin kölgəsi düşür ruhuma. O şeirə köklənmişəm bu günlərdə:

 

Yavaş yeri,

hürkütmə o uşağın baxdığı

yasəmən kölgəsini. 

Üzü dönməsin bizdən kölgələrin də...

Ağac kölgəsi 

ağacdan düşə bilər yerə, 

ancaq hürkütmə,

çıxıb getməsin burdan

ağaclar, kölgələr...

Sonra bir körpə gözünə

bir yasəmən kölgəsi dəyməz, 

yox olar sərinlik.

Yer də kasadlaşar, söhbətlərimiz də.

Onsuz da üç nöqtəyə yazılır

dilimizin neçə sözü.

Odur ki, asta yeri, yavaş gəz,

Basdalama 

yasəmən kölgəsinə baxan

körpə gözlərini...

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)